“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni çap avadanlıqları quraşdırılıb

 

Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları alınaraq quraşdırılıb, birliyin maddi-texniki bazası gücləndirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan yeni çap avadanlıqlarına baxıb.

Məlumat verilib ki, nəşriyyatda “KBA Rapida 75-4” markalı B2 formatlı ən müasir ofset çap maşını, rəqəmsal monoxrom yüksəksürətli rizoqraf çap avadanlığı, professional tamrəngli çoxfunksiyalı rəqəmsal çap avadanlığı və soyuq laminasiya avadanlığı quraşdırılaraq istehsal prosesinə hazır vəziyyətə gətirilib. Müasir ofset çap maşınının gücü saatda 16 min çap vərəqidir. Nəşriyyatda cildləmə prosesitam avtomatlaşdırılıb, rəngayırma otağının avadanlıq hissəsi işçi heyətdən şəbəkə arakəsməsi vasitəsilə ayrılıb, çap maşınları üzrə məhsulun qiymətləri hazırlanaraq ayrıca guşədə yerləşdirilib.

Yeni çap avadanlıqlarının quraşdırılması sifarişçinin istəyinə uyğun olaraq istənilən ölçüdə, rəngli və ya ağ-qara formatda kitab, jurnal, qəzet, buklet və digər məhsulların çap olunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri nəşriyyatın imkanlarından səmərəli istifadə olunmasının və mütəxəssis hazırlığının diqqətdə saxlanılmasının vacibliyini bildirib, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin internet saytının yaradılması barədə tapşırıq verib.

 

Azərbaycan.- 2016.- 18 oktyabr.-S. 12.