Vəli Xuluflu ucalığı

 

“Əhməd Cavad”, “Kür üstündə bir şəhər var...”, “Cümhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu”, “Ramazan oğulları” kimi kitabların müəllifi, qələm dostumuz, əməkdar mədəniyyət işçisi filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı bu dəfə oxucularla  görüşə “Gizli güllələnən alim”lə gəlib. Kitabda görkəmli folklorşünas alim, 1937-ci il repressiya qurbanlarından olan Vəli Xuluflunun həyat və yaradıcılığından bəhs edilir.  Əsərdə ötən əsrin 20-30-cu illərində bolşevik erməni istilasının haqsızlıqları, qırmızı imperiyanın Azərbaycan ziyalılarına qarşı apardığı soyqırımı siyasəti  tarixi hadisələr və arxiv sənədlərinə əsasən  göz önündə canlandırılır. Müəllif Vəli Xuluflu haqqında oxuduqlarına, eşitdiklərinə, tarixiləşən və müqəddəsləşən acılı-şirinli xatirələrə, eləcə də alimin ailə üzvlərinin, yaxın-uzaq qohumlarının söylədiklərinə əsaslanan, yaddaşlardan-yaddaşlara ötürülən söhbətləri bədii və publisistik dillə tədqiqatçıların və oxucuların diqqətinə çatdırır.

Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki “Mədrəseyi-ruhaniyyə”ni bitirmiş,  istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M.Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şairictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır. Təhsil illərini bütün fənlərdən əla qiymətlərlə başa vurduğundan mədrəsə rəhbərliyi tərəfindən həmin ili məktəbin hazırlıq şöbəsinə müəllim təyin edilmişdir.

1920-ci ildə Azərbaycan XI ordu tərəfindən işğal olunanda bolşeviklərin ölkəmizə azadlıq, müstəqillik və firavanlıq vədlərinə inanaraq  Vəli Xuluflu bir müddət Gəncə Qəza Komitəsində katib işləyir. Bu zaman  o, erməni-bolşevik birləşmələri tərəfindən müsəlmanlara qarşı aparılan soyqırımı və işgəncələrin canlı şahidi olanda bolşeviklərlə aralarında fikir ayrılığı yaranır. Rejimin apardığı siyasətə qarşı etiraz mövqeyində olduğuna görə V.Xuluflu 1921-ci ildə firqə üzvlüyündən və işdən çıxarılır. Kitabda qeyd edildiyi kimi, bolşeviklərin nəzərində “xalq düşməni” kimi tanınan Vəli Xuluflu təqib və təzyiqlərdən can qurtarmaq üçün  Bakıya gəlir, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunur və tələbəlik illərindən taleyini elmə, ədəbiyyata bağlayır. Azərbaycan folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində müstəsna xidmətlər göstərir. Türksoylu xalqların ortaq əlifbasının yaradılması ideyasının təbliğində və Azərbaycan dilçiliyinin inkişafında əlindən gələni əsirgəmir.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli kitaba yazdığı “Ön söz”də  Gizli güllələnən alim”ə yüksək dəyər verərək bildirir: “Rəhman Salmanlı “Gizli güllələnən alim” kitabında təkcə sənədləri, materialları, xatirələri üzə çıxarıb sistemləşdirmək işi ilə kifayətlənmir, hadisələrə və proseslərə şərh verir, mahiyyətin açılması üçün məsələyə ayrı-ayrı istiqamətlərdən işıq salır. Bu mənada kitab bədii publisistika ilə  elmi araşdırmaların sintezi əsasında yazılmış əsər kimi ciddi maraq doğurur.

Gizli güllələnən alimmemuar-povesti Azərbaycan elminin, milli ziyalılığın inkişaf yollarında böyük xidmətlər göstərmiş görkəmli elm xadimi Vəli Xuluflunun adına və xidmətlərinə qiymətli bir abidə kimi canlanır. Bütövlükdə “Gizli güllələnən alim” kitabı Vəli Xuluflunun ibrətamiz həyat yolunu və çoxcəhətli elmi-ictimai fəaliyyətini yeni nəsillərə çatdırmaq istiqamətində atılmış əhəmiyyətli addımdır”.

Kitabda “Vəli Xuluflu ocağının yadigarları” bölümündən göründüyü kimi, sovet hökuməti xalqımızın böyük ziyalısını millətçi-pantürkist kimi haqsız həbs edib, gizlin güllələyib, cismən  məhv etsələr də, mənən məhv edə bilməmişdir. Vəli Xuluflu uğrunda mübarizə apardığı Azərbaycan  1991-ci ildə öz tarixi müstəqilliyinə qovuşduqdan sonra alimin neçə-neçə əsəri çap olunub, haqqında qəzet və jurnal məqalələri, kitablar yazılıb, yubiley gecəsi, elmi sessiya və digər tədbirlər keçirilmişdir. Görkəmli alimin qızı Sünduz xanım, oğlu Çingiz, nəvə-nəticələri bu gün də xalqımızın firavanazad yaşaması, milli dövlətçiliyimizin daha da güclənməsi naminə, istər istehsalatda, istərsə elm və ədəbiyyat sahəsində  Vəli Xuluflunun yolunu uğurla davam etdirirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qarşısında 1937-ci il repressiya qurbanları seriyasından nəşr edilən bu kitabın layihə rəhbəri və redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqov, elmi məsləhətçi filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.

Elm və Təhsil” nəşriyyatı tərəfindən çapdan çıxmış bu kitab ədəbiyyatşünaslar, gənc tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 19 oktyabr.- S. 7.