Bakıda beynəlxalq çörək festivalı keçirilmişdir

22 Oktyabr 2016

 

Beynəlxalq Kulinariya Günü münasibətilə  Bakıda I Beynəlxalq Çörək Festivalı keçirilmişdir. Tədbirdə ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin əməkdaşları və Milli Kulinariya Assosiasiyasının üzvləri  iştirak etmişlər.

 Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, həm ölkəmizdə keçirilən kulinariya tədbirlərində, həm də  beynəlxalq səviyyədə kulinarlarımız ölkə mətbəxini  layiqincə təbliğ edirlər: “Azərbaycan Beynəlxalq Kulinariya  Günü 2007-ci ildən qeyd olunur. Məlumdur ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və təbliği  məsələlərinə xüsusi diqqət yetirilir. Bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulubbu gündavam etdirilir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva  mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə diqqət və qayğı ilə yanaşırlar. Xaricdə təşkil olunan tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri yüksək səviyyədə nümayiş etdirilir”.

Qədim zamanlardan  xalqımızın sərvəti, bolluq və bərəkət rəmzi sayılan bu müqəddəs nemət barədə ölkəmizin bölgələrində müxtəlif vaxtlarda beynəlxalq çörək festivalı keçirilsə də, Bakıda ilk dəfə idi ki, bu tədbir düzənlənirdi. Azərbaycanda çörəyə xüsusi münasibət var. Uşaqdan böyüyə hamı bu müqəddəs nemətə  böyük ehtiramla yanaşır. Festivalda respublikanın bölgələrinə və bir sıra  xarici  ölkələrə xas müxtəlif çeşidli  çörək növləri  və onların hazırlanması qaydaları nümayiş etdirilmişdir. Festivalda  Azərbaycanın 24 şəhər və rayonu, Türkiyə 7, Özbəkistan 3, Qazaxıstan  isə 5 çörək növü ilə təmsil olunmuşdur.

Festivalda  məxsusi vurğulanmışdır ki,  turizm bazasının formalaşmasında  kulinariya ənənələrinin rolu böyükdür. Milli mətbəximizi nümayiş etdirən tədbirlər  turistlərin çox olduğu  yerlərdə, mərkəzi meydanlarda da keçirilməlidir. Eyni zamanda  dünya təcrübəsindən istifadə edərək bu kimi tədbirlərin yazyay aylarında açıq havada olması daha məqsədəuyğun olardı.

Sonra Milli Kulinariya Mərkəzinin  prezidenti Tahir Əmiraslanov 20 oktyabr Beynəlxalq Kulinariya Gününün  tarixindən danışaraq, bu əlamətdar  günün dünyada 13, ölkəmizdə isə artıq 10 ildir qeyd  olunduğunu bildirmişdir. Milli Kulinariya Mərkəzi bu il 25 yerli və 12 xarici tədbirdə iştirak etmişdir. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Aşpazlara  milli mətbəx üzrə treninqlər keçirilib, sertifikatlar verilib. Kulinariyaya aid 3 kitab nəşr edilib. Kulinariya sahəsində fəaliyyət göstərən  insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə  xaricdə tələbələrimiz təhsil alır.

Paytaxtda keçirilən Novruz bayramında, Qəbələdə mürəbbə festivalında, Şəkidə şirniyyat festivalında və digər bu kimi tədbirlərdə kulinarlarımız yüksək peşəkarlıq  nümayiş etdiriblər.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 22 oktyabr.- S. 8.