Təkmil idarəçilik biznesdəki uğurun əsas şərtlərindəndir

 

Müstəqilliyimizin artıq geridə qalan 25 ili xalqımızın müasir dövlətçilik tarixinə bir çox mühüm uğurlarla həkk olunub. Hər şeydən əvvəl demokratik, hüquqi və dünyəvi Azərbaycan dövləti qurulub. Digər tarixi nailiyyətlərimiz Azərbaycanın dünya miqyasında fenomenə çevrilməsi, kosmik kluba qoşulması, enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə söz sahibinə çevrilməsi, yüksək beynəlxalq siyasi imicə malik olmasıdır.

Azadlığımızın 25 ildə xalqımıza bəxş etdiyi uğur və yeniliklər çoxdur. Bu sırada hər bir sahədə yeni idarəçilik mexanizmlərinin formalaşmasını xüsusilə qeyd etmək istərdik.  Bu 25 ildə biz kohnə sovet idarəçiliyindən xilas olmuşuq. İstər dövlətin idarə edilməsində, istər siyasi, iqtisadi, habelə inzibati, sosial  və digər sahələrdə yeni, müasir çağırış və trendləri özündə daşıyan idarəçilik formaları tətbiq olunmağa başlayıb. Lakin idarəçilik elə bir məsələdir ki, mütəmadi olaraq yeniliyə, dəyişikliyə, bir sözlə, inkişafa ehtiyac duyur. Təsadüfi deyil ki, sentyabrın 26-da keçirilən və xalqımızın mütləq əksəriyyətinin lehinə səs verdiyi Konstitusiya dəyişikliklərinin də bir qismi dövlət idarəçilik mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı idi.

 

İdarəçilik insan fəaliyyətinin bütün sahələri üçün xarakterikdir

 

Elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. İdarəetmə insanların fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığı olub, insan fəaliyyətinin bütün sahələrinə aid edilir. Biznesdə də belədir. Bu sahədə uğur qazanmağın əsas yollarından biri də uğurlu idarəçilikdir. Bu gün Azərbaycan biznesi çox ciddi inkişaf yolundadır. Ölkəmizin iqtisadi gələcəyi, regiondakı gücü və beynəlxalq nüfuzu digər parametrlərlə yanaşı, həm də biznes mühitindən əhəmiyytli dərəcədə asılıdır. Həyata keçirilən mükəmməl iqtisadi siyasət nəticəsində münbit biznes mühitinin yaradılması müasir Azərbaycanın əsas reallıqlarından biridir. Biznesdə uğurlu idarəçilik isə birbaşa bu sahədə fəaliyyət göstərənlərin özündən asılıdır.

İnsanların həyatına aid olan bir qayda cəmiyyətə də aiddir: inkişaf daimi olmalıdır, ətrafda dəyişən mühitə görə tədbirlər görülməlidir və bunlara zamanında reaksiya verilməlidir. Gələcəkdə gözlənilən və proqnoz edilən dəyişikliklərə artıq bu gündən hazırlaşmaq lazımdır. Biznesin, iş dünyasının böhranlı hallarla qarşılaşması təəccüb doğurmur. Böhranların səbəbləri müxtəlif amillərlə bağlıdır. Bəzi hallarda bu şirkətlərin texnoloji sıçrayışla ayaqlaşa bilməməsi, bəzən siyasi-hərbi və qlobal iqtisadi məsələlərlə, o cümlədən istehlakçı davranışları və seçimlərinin dəyişməsi kimi faktorlara görə baş verə bilər. Hansı ki, bunlar həm biznesin birbaşa nəzarəti, həm də biznesə bağlı olmayan məqamlardır.

Bu cür halların baş verməsi normal və qaçılmazdır. Vacib olan isə baş verə biləcək neqativ proseslərə hazır olmaq və zamanında doğru reaksiya verməkdir. Dünyanın ən məşhur firmaları və brendləri də böhran vəziyyətləri ilə qarşılaşırlar. Amma zamanında düzgün addımlar ataraq bundan öz mənafeləri naminə istifadə etməyə çalışırlar.

 

Uzunmüddətli və perspektiv inkişafa diqqət yetirilməlidir

 

Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib. Bu mənada milli iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsidir. İqtisadiyyatımızın əsas hissəsini isə özəl sektor təşkil edir. Ona görə bu gün Azərbaycan biznesi nələri etməlidir ki, qlobal iqtisadi sınaqlara qarşı dözümlü olsun. Bu gün şirkətlər tərəfindən bununla bağlı hansı addımlar atılmalıdır?

Bununla bağlı çoxlu təkliflər vermək olar. Azərbaycan biznesi illərdir diqqətdən kənar qalan məsələlərə nəzər yetirməlidir. Bu baxımdan şirkətlərimizdə diqqət yetirdiyim məqamlardan biri ondan ibarətdir ki, onlar qlobal iqtisadi problemlərin olmadığı vaxtlarda dövriyyələrini və gəlirlərini artırırdılar. Amma biznes mühitinin inkişafına kifayət qədər zaman və enerji ayırmırdılar. Qısa müddətli nəticələrə aludə olan şirkətlər, uzun müddətli, perspektiv inkişafa diqqət yetirmədiklərinə görə çox zaman baş verə biləcək dəyişikliklərə hazır olmurlar. Maliyyə dövriyyələrinin yüksək olduğu bir neçə il əvvəlki dövrə qədər  şirkətlər yeni məkanların açılmasına, satışların və xidmətlərin həcminin artırılmasına, gəlirlərinin çoxalmasına diqqət yetirirdilər. Təəssüflər olsun ki, korporativ idarəetmə sistemlərinin tətbiq edilməsi, müştəri xidmətləri və müştəri sadiqliyi sistemləri, əməkdaşların peşəkar inkişafı, müştərilərə individual yanaşma kimi strateji əhəmiyyət daşıyan məqamlara yetərincə fikir vermirdilər.

 

Müştərilərə və əməkdaşlara qayğı

 

Biznes mühitində diqqət yetiriləcək birinci və ən vacib məsələ dəyərli müştəri ilə olan ünsiyyətdir. Son illərdə istehlakçıların davranışında ciddi dəyişikliklər baş verib: azərbaycanlı müştəri 10 il öncə olduğu kimi yalnız qiymət, keyfiyyət və ya xidmətə əhəmiyyət verən insan deyil. Bu gün azərbaycanlı müştəri qiymət, keyfiyyət və xidmətin doğru nisbətdə olmasına əhəmiyyət verən, öz haqlarını tanıyan və onların müdafiə edilməsi üçün hara müraciət etməsi gərəkliyini bilən, özünə qarşı yüksək səviyyədə xidmət gözləyən, rasional qərarlar verən bir insandır. Odur ki, müştərilərinin qayğısına qalan, onun gözləntisindən daha çoxunu təqdim edən, müştərisinə yüksək xidmət göstərən şirkətin reklama ehtiyacı yoxdur. Çünki məmnun müştərilər həm də onun reklamçılarıdır. Əgər biznes dairələri bunu nəzərə alsalar, o zaman müştəri uğrunda rəqabət artacaq. Beləliklə, onlara ümumi formada baxan firmalar artıq fərdi qaydada zaman ayırmağa başlayacaqlar. Bunun da nəticəsində hər hansı hüquqi şəxsin təqdim etdiyi xidmətlərin keyfiyyətinin artması ilə bərabər, qiymətlər də bazar konyunkturasına görə ucuzlaşacaq.

Biznesin ən böyük sərmayəsi insandır. Ona görə ki, sərmayənin qazanca çevrilərək geri dönüşünə məhz idarəçilikdə çalışanlar qərar verir. Bundan başqa, istehlakçıların şirkət və onun xidmətləri barəsində, bir daha alış-veriş etmək üçün geri dönmək haqqında qərarlarına da əməkdaşlar birbaşa təsir edirlər.

Kapitalını daim artırmağı düşünən şirkətlər ən vacib sərmayə olan şirkət əməkdaşlarının və idarəçilərinin bacarıqlarını artırmaq məsələsini diqqətdən kənarda saxlamamalıdırlar. Ən gözəl binanı inşa etmək olar, ən bahalı avadanlıqları sifariş etmək və almaq olar. Amma bu avadanlıq və binaları, biznesi və şirkəti idarə edəcək əməkdaşlar doğru seçilməlidir, yetişdirilməlidir, motivasiya və idarə edilməlidirlər.

İdarəçilikdə xərclərə nəzarət də çox mühüm məqamdır. Çünki şirkətlərin mənfəəti gəlirlə xərc arasında olan fərqdir. Mənfəəti artırmaq üçün ancaq gəlirləri artırmaq deyil, həm də xərcləri azaltmaq olar. “Xərclərin azaldılması” ifadəsi ilə idarəçilərimizin ağlına öncə marketinq və reklam xərclərinin azaldılması gəlir. Əslində isə tam tərsi olmalıdır: məhz ağır zamanlarda şirkətlər reklam və marketinq xərclərini ən azı eyni səviyyədə tutmalıdırlar. Çünki kiçilən bazarda rəqiblər içində seçilmək çox vacibdir.

İdarəçilərin azaltmağa meyilli olduqları xərclərdən biri də inkişaf xərcləridir. Bu haqda “Apple” brendinin qurucusu əfsanəvi Stiv Cobsun sözlərini misal gətirə bilərik: “Hər kəsin kəmərlərini sıxdığı zaman bu azalmanın və zəifləmənin bizə faydalı olacağına qərar verdik. Araşdırma və inkişaf sahələrinə investisiyalarımızı davam etdirdik ki, böhran bitəndə biz rəqiblərimizdən bir addım irəlidə olaq”.

İdarəçilik tərzi daim dəyişməlidir. Şirkət yaranarkən idarəçilər qısa müddətdə gəlir verəcək addımlar atırlar. Ancaq idarəçilər qısamüddətli satış və malı gəlirlər verəcək qərarlarla bərabər uzunmüddətli strateji qərarlar verməyi bacarmalıdırlar.

Yeni dövrdə Azərbaycan biznesində mükəmməl idarəçi belə formalaşmalıdır: insanları ruhlandıra bilən, kadrları sıfırdan yetişdirən, bunu bacaran və bu iş üçün səbirli olan, komandası güclü olan və bacarıqlı insanları komandasına yığmağa qorxmayan, minimum xərclə maksimum nəticə əldə edə bilən və daim xərclər üzərində işləyən, şirkəti ancaq bu gün üçün idarə edən deyil, həm də gələcək inkişafı düşünən, müştərisini çox yaxşı tanıyan, dinamik, aktiv həyat tərzli və daimi inkişafa meyilli, rəhbərlik etdiyi şirkətlərin qeyri-sabitliyə qarşı dözümlülüyünü və rəqabət gücünün olmasını nəzərə alan, müştəri xidmətləri, marketinq, maliyyə, reklam kimi hər şirkətin şah damarı olan bölümlərə lazımi əhəmiyyət verən peşəkar olmalıdır.

 

İstehlakçıya individual yanaşan biznes qurumları  böhranlara da davamgətirirlər

 

Biznesin dəyişikliklərə hazır olmamasında onun özünün də ciddi payı var. Zamanında müştərisinə qarşı diqqətli davranan, istehlakçılara kütlə kimi deyil, individual yanaşan, xərclərini daim nəzarət altında saxlayan, uzunmüddətli riskləri göz önündə tutan, əməkdaşlarının inkişafına yatırım edən biznes qurumları bütün böhranlara davam gətirir və həm də güclənirlər.

Məsələn, ölkəmizin güclü şirkətlərindən biri olan “AAAF Holdinq”də son dövrlərin qlobal iqtisadi mənzərəsini nəzərə alaraq baş verən dəyişikliklərə adaptasiya olmaq və şirkətlərimizin inkişafını gücləndirmək üçün bir neçə istiqamətdə vacib işlər həyata keçirilib. Bunlardan biri məhsul və ya xidmət alan müştərilərlə birbaşa şəffaf əlaqələr qurularaq, əməkdaşlığın genişləndirilməsidir. Bundan başqa, əməkdaşların və idarəçilərimizin inkişafı üçün Daxili İnkişaf Akademiyası quruldu. Hazırda akademiya tərəfindən fərqli mövzularda təlim və seminarlar təşkil edilir. Eyni zamanda idarəçi yetişdirmə mərkəzimiz quruldu və gəncləri işə götürərək xüsusi proqramla gələcək idarəçilərin yetişdirilməsi layihəsi başlandı. Universitetlərlə də əməkdaşlıq etməyi planlaşdırırıq. Məqsədimiz son kurslarda oxuyan gənclərə şirkətlərimizdə təcrübə keçmə imkanlarını yaratmaqdır. “AAAF Holdinq”in böyük miqyaslı inkişaf və böyümə planları var. Ona görə gələcək layihələrimiz üçün yetişdirmək məqsədilə 100-dən çox yeni əməkdaşlar və idarəçilər işə götürüldü və bu prosesin davamlı olması nəzərdə tutulur.

Eyni zamanda holdinqin təşkilati strukturunun dəyişdirilməsinə başlanıldı, nəzdində olan şirkətlərdə müasir idarəetmə sistemlərinin tətbiq edilməsinə start verildi, korporativ mədəniyyətin yüksəldilməsi istiqamətində ciddi dəyişikliklər həyata keçirildi. Azərbaycanda ilk olan “AAAF Park” yaşayış kompleksi konseptinin ölkəmizin regionlarında və xarici ölkələrdə tətbiq edilməsi məqsədilə standartlarını hazırlamağa başladıq. O cümlədən holdinq üçün strateji və təşkilati dəyişikliklərin idarə edilməsinin konseptual sxemi hazırlandı.

Azərbaycan inkişaf edir. Ona görə yaxın gələcəkdə əmək bazarında ciddi yeniliklər olacaq. Daha öncəki dövrlərdə xaricdən mütəxəssislər gətirən yerli biznes dairələri artıq anlayır ki, bu müvəqqətidir. Çünki artıq yerli bazarda mütəxəssisləri yetişdirmək lazımdır. Buna görə tamamən fərqli bir əmək bazarı formalaşacaq, yeni şərtlər və tələblər meydana çıxacaq.

Şirkətlərin müvəffəqiyyətləri, baş verən dəyişikliklərə adaptasiya olması, fəaliyyətinin qısa, orta və uzunmüddətli perspektiv planlaşdırılması, əməkdaşlarının inkişafı peşəkar idarəçilikdən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə çevik, operativ, müasir çağırışlara cavab verən, eləcə də perspektiv inkişafı nəzərə alan idarəçilik tərzinə üstünlük verən şirkətlərin fəaliyyəti daim uğurlu olacaq.

 

Fəxri AĞAYEV,

idarəçilik üzrə ekspert,

“AAAF Holdinq”in vitse-prezidenti

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S. 6.