Azərbaycanlı rəssamların əsərləri Luvr muzeyində sərgilənir

 

Oktyabrın 21-də Luvr muzeyinin Karusel salonunda təşkil olunan 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində 23 ölkədən 50 qalereya, 827 heykəltəraş və rəssamın 2700 əsəri nümayiş etdirilir.

Builki sərgidə Azərbaycanın rəsm qalereyası və bir çox rəssamları təmsil olunur.

Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış Əsmər Nərimanbəyova rənglər dünyasında böyüyüb və ailədəki yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Əməkdar rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.

Əsmər Nərimanbəyovanın “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində təşkil edilən stendində onun əsərləri ilə bərabər Nərgiz Quliyeva, Elnarə Səfərova və Könül İsmayılovanın əsərləri də nümayiş olunur. Sərgilənən əsərlər mövzularının çalarlığına görə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Ə.Nərimanbəyova azərbaycanlı gənc rəssamların əsərlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, onların tanınması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və UNESCO-dakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov əməkdar rəssam Əsmər Nərimanbəyovanın stendini ziyarət ediblər.

Sərgi oktyabrın 23-dək davam edəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 23 oktyabr.- S.8.