Azərbaycanda anauşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var

 

Oktyabrın 24-də Milli Məclisin səhiyyə komitəsi Avropa Parlament Forumu və BMT-nin Əhali Fondu ilə birlikdə “Azərbaycanda ana sağlamlığı və ailə hüquqlarının təşviqinin milli qanunvericilik çərçivəsində gücləndirilməsi” mövzusunda “dəyirmi masa” təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə ailə sağlamlığının qorunması sahəsində görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb. O bildirib ki, Azərbaycanda anauşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülür.

Qeyd olunub ki, hər il dünyada yarım milyon ana doğuş zamanı ölür. Əlli faizi Afrika qitəsində yaşayanların payına düşən bu hadisələrin inkişaf etmiş ölkələrdə göstəricisi cəmi 1 faizdir. Hər bir anauşaq ölümü böyük faciədir. Əslində, bu ölümlərə təsir edən ciddi tibbi faktorlar var. Bu gün uşaq ölümlərinin əsas səbəbi sayılan pnevmaniya, malyariya kimi xəstəliklər, qida çatışmazlığı və səhiyyə problemləri demək olar ki, tamamilə həll edilə bilən prosesdir. O, ölkəmizdə anauşaq ölümlərinin göstəricilərinin tamamilə azaldığını diqqətə çatdırıb. Komitə sədri bəzən anauşaq ölümlərinin bütün məsuliyyətinin həkimlərin üzərində qalmasını da doğru hesab etmədiyini bildirib. O, bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyindən danışıb.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, 2000-ci ildə BMT Baş Məclisinin keçirdiyi Minilliyin İnkişaf Sammitində dünyanın qlobal problemlərini əks etdirən “İnkişaf Məqsədləri” adlı sənəd qəbul edilib. Bu sənədin norma və hədəfləri üzv ölkələr üçün əsas “yol xəritəsi”dir. Ölkəmizdə ötən dövr ərzində bu məqsədlərin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edilib. Sədr müavini deyib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Belə tədbirlərin tez-tez keçirilməsinin önəmli olduğunu deyən Bahar Muradov diqqətin daha çox problemlərin həllinə yönəldilməli olduğunubu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, hazırda ölkəmizdə səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunvericilik bazası mövcuddur. Bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü normativ aktlar formalaşıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə tərəfindən Ailə Strategiyası hazırlandığını, sənəddə ailənin, qadınların və uşaqların sağlamlığının qorunması kimi məsələlərin olduqca əhatəli əks olunduğunu diqqətə çatdırıb. Hicran Hüseynova bu sahədə uğurlu nəticənin əsasını icra strukturları ilə qanunvericilik və məhkəmə sistemi arasında güclü əməkdaşlığın təşkil etdiyini bildirib. O, ailə hüquqlarının qorunması, qadın sağlamlığının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin bir çox ölkələrdə öyrənilməsi üçün müraciətlər aldıqlarını qeyd edib.

İclasda Milli Məclisin deputatı, Avropa Parlament Forumunun Əhali artımı və İnkişaf üzrə icra komitəsinin üzvü Məlahət İbrahimqızı, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, deputat Sahibə Qafarova, Əhali artımı və İnkişaf üzrə Avropa Parlament Forumunun prezidenti Urlika Karlos, Forumun baş katibi Neil Data və başqaları çıxış ediblər. Çıxışlarda Azərbaycanda reproduktiv sağlamlıq, bu sahədə qanunun qəbulu üçün lazımi işlərin görülməsi, ailə sağlamlığı sahəsində əldə edilən uğurlar və problemlər, reproduktiv sağlamlığın beynəlxalq qaydaları haqqında fikirlər bildirilib.

Toplantı müzakirələrlə davam etdirilib, tədbirə qatılan həkimləri, QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.-2016.- 25 oktyabr.- S. 5.