Hər xalqa nəsib olmayan Nəsibə xanım

 

Səhnə xadimləri

 

Qüdrətli sənətkar, görkəmli səhnə xadimi, xalq artisti Nəsibə Zeynalovanın bu il 100 yaşı tamam olur. Teatrı həyatı qədər sevən, bütün istedadını, qəlbinin hərarətini sənətə həsr edən aktrisa artıq 12 ildir dünyasını dəyişib. Buna baxmayaraq, onun tamaşaçısına bəxş etdiyi xoş ovqat, gözəl əhvali-ruhiyyə, gülüş və təbəssüm həmişə bizimlədir. Səhnəmizin korifeyinin hər hərəkəti, şux zarafatları, söz-söhbətləri heç vaxt yaddaşlardan çıxan deyil. Gülüş ustadının yaratdığı obrazlar köhnə zəmanənin - ötən əsrin adamları olsa belə, onlar bu gün də insanları güldürür, düşündürür və həmin qəhrəmanları canlandıran ustad sənətkarı xalqa bir daha sevdirir.

Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamda da qeyd edilir ki, sənətkarın “milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir”. Bəli, Nəsibə xanımın səhnə yaradıcılığı böyük sənətə tükənməz məhəbbətin ifadəsi idi. Tam, bitkin, mənən və cismən kamil surətlərlə ecazkar bir sənət nümunəsi yaratmışdır. Daim dolu olan salon hər dəfə onu gurultulu alqışlarla qarşılamışdı. Onun oyunu heç bir zaman təsirsiz qalmırdı, tamaşaçısını həyatın mənası, sənətin yüksək vəzifələri haqqında düşünməyə məcbur edirdi. Onun özünəməxsus yaradıcılıq siması, xüsusiyyətləri var idi ki, bu da çox vacib və dəyərli keyfiyyətlər idi: aydın, parlaq, gözəl və ağıllı gülüşü ilə hər bir tamaşaçıya xüsusi zövq vermək.

Nəsibə xanım Zeynalova parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz izlər qoymuşdur. Sənətkarın yaradıcılığına ümumxalq məhəbbəti qazandıran təkcə onun istedadı deyildi, həm də insan psixologiyasına bələdlik, həyati bilgilər, müşahidə qabiliyyəti, sənət sevgisi, məsuliyyət və ən nəhayət, böyük zəhmətsevərlik idi.

Nəsibə xanım Zeynalovanın istedadı ilk növbədə onun qanından-genindən qaynaqlanırdı. Məlum olduğu kimi, unudulmaz sənətkarın atası Kərbəlayı Cahangir Azərbaycan teatrının banilərindən olmuşdur. Bu həmin tanınmış tacir Cahangir Zeynalov idi ki, teatra marağı olan istedadlı insanları ətrafına toplayaraq teatr sənətinin inkişafı üçün əvəzsiz işlər görmüşdür. Kərbəlayı Cahangir öz evində səhnə düzəltdirmişdi və burada aktyorlar məşq edirdilər. Hər dəfə də məşqlərdən sonra aktyorlar üçün süfrələr açılardı, onlar yeməyə dəvət olunardı, Kərbəlayı Cahangir onların qayğıları, problemləri ilə maraqlanardı. Bəlkə də bu xeyirxahlığının müqabilində taledən mükafat almış, yaşı yarım əsri haqlayandan sonra gözəl bir qız övladının atası olmuşdur. 1916-cı ildə dünyaya göz açan yeganə qızı Nəsibə xanımı Kərbəlayı Cahangir, sözün əsl mənasında, nəzir-niyazla tapmış, bəxtinə də min kərə şükür etmişdi.

Lakin ailənin bu sevinci uzun sürməmişdi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədərkən Cahangir Zeynalov ailəsini də götürüb İrana gedir. Geriyə qayıdanda isə gəmidəki natəmizlik onun xəstəliyə tutulmasına səbəb olur. Qarın yatalağına düçar olan Kərbəlayı Cahangir az sonra həyatla vidalaşır və ailənin çətin günləri başlanır...

Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalov qızının gələcəkdə ata sənətinin davamçısı olmasını arzulamış və təəssüf ki, bunu görmək ona qismət olmamışdı. Nəsibə xanımın həyat və yaradıcılıq yolları çox dolaylardan, sərt döngələrdən keçmişdir. Belə ki, gələcəyin böyük aktrisası 14 yaşından etibarən anasına kömək etmək üçün işləmək məcburiyyətində qalmışdı. Yeniyetmə ikən əmək meydanına atılan qız müxtəlif işlərdə çalışmış, sonra mühasiblik kurslarını bitirib bir çox idarədə hesabdarlıq etmişdi.

Lakin qanındakı istedad onu başqa səmtə çəkib aparmağa başlamışdı. Belə ki, oxuduğu orta məktəbin tədbirlərində rəqqasəlik etmiş, milli oyun havalarının incəliklərini öyrənmişdi.

1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olmuşdu. 1937-ci ildə isə Bakıda fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işə başlamışdı. Bu teatr Bakıda truppa toplayır, repertuar tərtib edir və mövsümün başlanğıcından, yəni aprel ayından Azərbaycanın rayonlarına qastrol səfərlərinə çıxır, getdiyi bölgələrdə əməkçilər qarşısında çıxışlar edirdi. Tamaşaçılar gələcəyin böyük aktrisasını daha yaxından tanıyır və sevirdilər. Nəsibə Zeynalova həmin il aktrisa olmaq məqsədilə Bakı Teatr Məktəbinə daxil olur. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alır, bu isə gənc qızın istedadına güclü təkan verir. Tələbə ikən o, Şekspirin “Şıltaq qızın yumşalması”nda Katarina, Jan Batist Molyerin “Don Juan”nında Elvira, Fridrix Şillerin “Mariya Stüart”ında Yelizaveta rollarında oynayır.

Yaradıcılıq taleyini artıq Musiqili Komediya Teatrına bağlamış sənətkar uzun illər bu məbədgahdan ayrılmır. 40 ildən çox işlədiyi bu sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyır. Hətta teatr müəyyən fasilələrdə truppa və filarmoniyanın nəzdində dəstə-ansambl kimi fəaliyyət göstərdiyi dövrlərdə də Nəsibə xanım sədaqətlə doğma kollektivdə çalışır.

Ustad sənətkarın obrazlar qalereyası olduqca zəngindir. O, həm Azərbaycan və başqa xalqların dilindən tərcümə olunmuş əsərlərdə, həm klassik, həm də çağdaş bəstəkarların müasir mövzularda yazılmış musiqili komediyalarında uğurla çıxış etmişdir. Beləliklə, bir-birindən fərqlənən onlarca komik personajları canlandırmışdır. Nəsibə Zeynalova yaratdığı hər bir obrazın əvəzsiz ifaçısı olmuşdur.

“Dərviş Məstəli Şah”dakı Xanpəridən “Ulduz”dakı Züleyxayadək, “Hacı Qara”dakı Tükəzdən “Qaynana”dakı Cənnət xalayadək, “Beş manatlıq gəlin”dəki Səlbidən “Qızıl toy”dakı Ballıyadək unudulmaz aktrisamız neçə-neçə qadın xarakteri yaratmış, tamaşaçısını güldürmüş və düşündürmüşdür. Mütəxəssislər Nəsibə Zeynalovanın Cənnət xalasını, Nargiləsini, Züleyxasını zəngin ifadə vasitələrinə, yumorun milliliyinə, təbii reallığına görə Azərbaycan səhnəsinin nadir inciləri hesab etmişlər.

Nəsibə xanımın yaratdığı obrazlar həyatiliyi və real bədii təsvirləri ilə fərqlənirdi. Aktrisa bəzən gözlənilməz, ancaq mənalı və məzmunlu, yerinə düşən ifadə vasitələri ilə yaratdığı və tamaşaçıya çatdırdığı uğurlu improvizələrin müəllifi idi. O, müxtəlif epizodlarda rəqsdən, mahnıdan və hərəkətlərdən məharətlə istifadə edirdi, xalq yumorundan, “Qaravəlli” oyun tamaşalarından, lətifə söyləmək qaydalarından lazımınca bəhrələnirdi. Çıxış etdiyi hər bir əsərin məzmununa, mövzusuna, bədii dəyərlərinə tam yiyələnməyə nail olur, tipik xarakterlər yaratmağı bacarır, hər bir obrazın forma ilə məzmununun vəhdətini vacib sayırdı. Mütəxəssislər, eləcə də obrazın xarakterini hərəkətlə, yəni yerişi, oturuşu-duruşu ilə çatdırmaqda musiqili komediya sahəsində Nəsibə xanım kimi mahir bir sənətkar olmadığını söyləyirlər.

Nəsibə Zeynalovanın böyük istedadı ona digər xalqların qadın obrazlarını da müvəffəqiyyətlə canlandırmağa imkan vermişdir. Vladimir Dolidzenin “Keto və Kote”sində Kabato və Barbale, Karlo Haldoninin “İki ağanın bir nökəri”ndə Ziraldina, Muxtar Hüseynovun “Məhəbbət gülü”ndə Zivər xanım, Levon Cubabiriya və Şota Miloravanın “Tiflis nəğməsi”ndə Qesiya və başqaları buna misal ola bilər.

Nəsibə Zeynalovanın istedadı kinoda da, ekran əsərlərində də əbədiləşib. O, “Ögey ana”da Fatmanisə, “Böyük dayaq”da Telli, “Ulduz”da Züleyxa, “Qayınana”da Cənnət xala, “Molla Fətəlinin sərgüzəştləri”ndə Gülüstan, “Bəyin oğurlanması”nda Əsli xala obrazlarını böyük ustalıqla yaradıb. Aktrisa eləcə də saysız-hesabsız televiziya tamaşalarında, yumoristik səhnəciklərdə, intermedialarda çıxış edib. Bundan əlavə, “Azərbaycanfilm” kinostudiyasının çoxsaylı ekran əsərlərində çəkilib.

Nəsibə xanımın bir aktrisa kimi xoşbəxtliyi həm də onda idi ki, böyük bir əsərdə kiçik, hətta epizodik rol oynasa belə, yadda qalırdı. Onun ifası o qədər təbii, duzlu-məzəli idi ki, tamaşaçının xatirinə həmişəlik həkk olunurdu. Aktrisanın dilindən qopan bir çox fikirlər, sözlər sonralar hətta zərbi-məsələ çevrilirdi. İnsanlar bu gün də yeri gəldikcə onları “Nəsibə demişkən” deyərək dilə gətirir, müəyyən məqamlarda bununla həm vəziyyətdən çıxış yolu tapır, həm də yumor, gülüş yaradırlar.

Nəsibə Zeynalova yaradıcılığının mahiyyəti onda idi ki, məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə istiqamətləndirə bilirdi. Aktrisa satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, onlardan bol-bol istifadə edirdi. Bununla belə, janrın estetik prinsip və meyarlarına heç bir xələl gətirmirdi.

Deyilənlərə görə, Nəsibə xanım sözə çox həssas imiş. Klassik operettalarda oynayarkən obrazın sözlərinə bir kəlmə də əlavə etməz, yaxud təhrifə yol verməz, xələl gətirməzdi. Ancaq müasir musiqili komediyalarda oynayarkən vəziyyətə uyğun olaraq bəzi əlavə sözlər işlədər, müəyyən ifadələrdən istifadə edərdi. Bunu xüsusilə librettosu nisbətən zəif olan əsərlərdə edir, obrazın sözlərinin məntiqini gücləndirirdi.

Daim axtarışlar aparan aktrisa roldan-rola püxtələşir, tamaşaçısı tərəfindən daha çox sevilirdi. Maraqlıdır ki, sadəcə “Nəsibə” adı gələndə hər kəsin üzündə işıqlı bir təbəssüm görünürdü.

Qeyd etdiyimiz kimi, böyük aktrisanın uğurları bir çox səbəblərdən qaynaqlanırdı. Onlardan biri də Nəsibə xanımın daim xalqın arasında olması, bölgələrdə çoxlu çıxışlar etməsi idi. Hər zaman insanlarla sıx ünsiyyətdə olardı. İstedadını xalqına bəxş edən sənətkar onlardan da çox şey əxz edərdi. Demək olar ki, bütün bölgələrin dialektini, danışıq tərzini mənimsəmişdi, folklor bilicisinə çevrilmişdi. Xalqın adət-ənənələrini, ən başlıcası, xarakterik xüsusiyyətlərini öyrənmişdi və yeri gəldikcə onlardan müvəffəqiyyətlə istifadə edərdi. Nəsibə xanımın adi bir hərəkəti də gülüş doğururdu. Yumor onun qanında-canında idi. Deyirlər, “Qayınana”nın ssenarisində Cənnət xalanın büdrəməsi səhnəsi olmayıb. Çəkiliş zamanı nə isə belə bir vəziyyət yaranıb və aktrisa çəkilişin gedişini pozmayıb, personajın nitqinə “Ay qız, yıxmışdın məni” sözlərini əlavə edərək maraqlı bir məqam yaradıb.

Təsadüfi deyil ki, Azərbaycanın ən tanınmış aktyorları ilə bir səhnəni bölüşən aktrisa onlara ən yaxşı tərəf-müqabil olmağı da bacarıb.

Azərbaycanın Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Siyavuş Aslan kimi korifey sənətkarları səhnədə Nəsibə Zeynalova ilə tərəf-müqabili olublar. Hər biri ilə də Nəsibə xanım bənzərsiz ifa nümayiş etdirib. Vaxt olub ki, Lütfəli Abdullayev və Bəşir Səfəroğlu ilə bir həftədə beş dəfə səhnəyə çıxıb və sonralar həmin günləri xoş duyğularla anıb. “Sevindik qız axtarır”da Xeyransa, “Həmişəxanım”da Həmişəxanım, “Beşmanatlıq gəlin”də Gülnaz, “Gözün aydın”da Nargilə, “Keto və Kote”də Kabato, “Qızılaxtaranlar”da Rəxşəndə kimi yaddaqalan obrazları məhz həmin adlı-sanlı tərəf-müqabilləri ilə birgə iştirak etdiyi səhnədə yaradıb.

Azərbaycanın çağdaş teatr tarixində Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan üçlüyünün də özünəməxsus yeri görünür. Səhnə taleyi bu üçlüyü çox sıx birləşdirmişdi. Bu vəhdət oynanılan əsərin uğuru ilə nəticələnirdi. Ən uğurlu teatr tamaşalarından biri olan “Hicran”ın nailiyyətləri məhz bu üçlüyün istedad və əməyindən qaynaqlanıb. Siyavuş Aslan sonralar həmin dövrü xatırlayarkən deyirdi: “O, yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə yaxşı xatirə qalıb, “Hicran” tamaşası da bizim nəsildən qalan yadigardır”.

Təkrarsız səhnə yaradıcılığına görə Nəsibə Zeynalova 1960-cı ildə respublikanın əməkdar, 1967-ci ildə xalq artisti adına, 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.

Müasirləri Nəsibə xanımı təkcə görkəmli aktrisa kimi deyil, həm də gözəl insan kimi xatırlayırlar. Belə ki, o, atası Kərbəlayı Cahangirdən irsən təkcə istedad deyil, həm də xeyirxahlıq, xeyriyyəçilik əxz etmişdi. Həm sənət uğurlarına, həm mərd xasiyyətinə görə o dövrün rəhbər vəzifəli şəxsləri də Nəsibə xanıma hörmətlə yanaşırdılar. O isə bu münasibətdən özünün deyil, sənət dostlarının xeyrinə istifadə etməyə çalışırdı. Bir dəfə Bakı Şəhər İcraiyyə Komitəsinin sədrinə müraciət edərkən Hacıbaba Bağırova ev almışdı. Belə xeyirxahlıqları çox olmuşdu.

Gözəl əl qabiliyyəti vardı, milli Azərbaycan xörəklərini ustalıqla bişirən aktrisa istədiyi aktyor dostlarını, həmkarlarını tez-tez qonaq dəvət edərdi.

Nəsibə xanımın yeganə övladı olan oğlu da babasının və anasının yolu ilə getmişdir. Babasının adını daşıyan Cahangir Novruzov İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirmişdir. Hazırda Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Cahangir müəllim uzun müddət Musiqili Komediya Teatrında və Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor vəzifəsində işləmişdir.

Cahangir Novruzov ailənin yeganə və sevimli övladı olmasına baxmayaraq, valideynləri tərəfindən heç də ərköyün böyüdülmədiyini həmişə söyləyir. Ona ciddi və bəzən hətta rəsmi münasibət bəsləyiblər. Məsləhət bilmədikləri addımlarına qətiyyətlə “olmaz” deyiblər.

C.Novruzov görkəmli sənətkar haqqında xatirələrində deyirdi ki, bir neçə dəfə Ali Sovetin deputatı seçilən N.Zeynalova ictimai fəaliyyətində də öz prinsiplərini qoruyub saxlayırdı. Başladığı işi mükəmməlcəsinə sona yetirməyi həmişə bacarırdı. İstər ailədə, istərsə də səhnədə... Onun səhnədəki gülüşü ailədəki gülüşündən tamamilə fərqlənirdi. Qayınana kimi də Nəsibə xanım yaratdığı obrazdan fərqli qayınana idi. “Bizim ailədə gözəl bir harmoniya hökm sürürdü. Atamın vəfat etməsi bu harmoniyanı pozdu və Nəsibə xanımın xəstələnməsinə səbəb oldu...”

Əsl istedad atadan övlada, övladdan da nəvəyə-nəticəyə keçərək nəsil-nəsil yaşayır. Bunu əbədiyaşar aktrisamız Nəsibə Zeynalovanın həyatının timsalında aydın görmək olar. Kərbəlayı Cahangir, onun qızı Nəsibə Zeynalova, nəvəsi Cahangir Novruzov və indi artıq nəticəsi Nəsibə Novruzova...

Lakin bu sənətkar sülaləsinin, onun parlaq ulduzu Nəsibə xanım Zeynalovanın yaratdıqları təkcə bir ailəyə, bir nəslə, bir soyada məxsus deyil. Bu, Azərbaycan xalqının sərvətidir. Bu əvəzsiz, çox dəyərli sərvətdən bəhrələnmək, onu qorumaq və artırmaq isə xalqımızın yeni-yeni aktyor nəsillərinin borcu və vəzifəsidir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 26 oktyabr.- S. 7.