Azərbaycan ilə Banqladeş arasında qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanlar var

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Allama Siddiki fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Allama Siddiki etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Banqladeş arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin bir-birini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin önəmini qeyd etdi. Hər iki ölkənin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının bu il İstanbulda keçirilən Sammitində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun təsis edilməsinə göstərdiyi dəstəyə görə Banqladeş tərəfinə minnətdarlığını bildirdi. Azərbaycan ilə Banqladeş arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin həcminin artırılması üçün çoxlu imkanların mövcud olduğunu qeyd etdi, adamları arasında əlaqələrin, eləcə də bu sahədə mövcud imkanların araşdırılmasının əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mütəmadi təmaslar qurulmasının vacibliyini bildirdi.

Səfir Allama Siddiki Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Banqladeşin Azərbaycana qardaş ölkə olduğunu deyən səfir Azərbaycana, Azərbaycan xalqına və mədəniyyətinə ölkəsində məhəbbətlə yanaşıldığını bildirdi, ölkəmizin qədim tarixi, həmçinin tarixən oynadığı rol barədə məlumatlı olduqlarını qeyd etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edən səfir Allama Siddiki onun Azərbaycan xalqının milli ruhunun formalaşmasındakı rolundan danışaraq, Ulu Öndərin rəhbərlik etdiyi illərin ölkəmizin tarixində yaddaqalan bir dövr olduğunu dedi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Səfir Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və daha vacib rol oynayacağına əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamidin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeş Prezidentinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 1, 2.