Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

 

Azərbaycan güzəşt limitinin sərhədini artıq bəyan edib

 

İşğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır”. 20 ildən çoxdur ki, beynəlxalq təşkilatların qətnamələrində və yaxud həmin təşkilatların rəhbərlərinin bəyanatlarında bunu eşidirik. Ancaq ortada heçyoxdur. Azərbaycan xalqı da haqlı olaraq həmin qətnamələrə inanmır. ATƏT-in Minsk qrupu həmsədrlərinin görüntü yaratmaq xatirinə keçirdikləri görüşlərin nəticəsizliyinin səbəbləri də xalqa yaxşı bəllidir. Terrora dövlət səviyyəsində dəstək verən işğalçı Ermənistan hakimiyyəti isə xristian təəssübkeşliyindən istədiyi kimi yararlanmaqda davam edir.

 

Azərbaycanın təklifinə “hə” deyib Ermənistanın “yoxuna susan həmsədrlər

 

Azərbaycan Prezidentinin hansısa beynəlxalq təşkilatda çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla bağlı səsləndirdiyi sərt bəyanatlardan və ya müsahibələrində söylədiyi kəskin fikirlərdən sonra həmsədrlər “hərəkətə” gəlirlər. Dərhal onların adlarından açıqlamalar yayılır: “Münaqişəsinin sülh yolu ilə həllində çox yaxşı imkanlar yaranıb”, “Azərbaycan Prezidenti danışıqlar prosesinə öz sadiqliyini nümayiş etdirib”, “Dövlət başçılarının növbəti görüşündə razılıq əldə oluna bilər”. Bütün bunlar köhnə ssenarilərdir və antiazərbaycançı şəbəkələrin ölkəmizə qarşı apardıqları müxtəlif çirkin kampaniyalardan heç bir fərqi yoxdur. Çünki həmin qarayaxmalar, şər-böhtanlar da Azərbaycanın hansısa beynəlxalq əhəmiyyətli tədbirə hazırlaşdığı, həmçinin ölkənin taleyüklü məsələlərinin həlli öncəsi start götürür. Hər iki məsələdə açıq-aşkar ikili standartlar özünü göstərir.

Ötən həftəsonu həmsədrlər yenidən Bakıya səfər edərək görüşlər keçirib bəyanatlar səsləndirdilər. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikişğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır” bəyanatını verərək qeyd etdi ki, prezidentlərin VyanaSankt Peterburq görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində çox yaxşı imkanlar yaranıb. Azərbaycan Prezidenti danışıqlar prosesinə öz sadiqliyini nümayiş etdirib və gələcəkdə Serj Sarkisyanla görüşməyə, masa üzərində olan təklifləri müzakirə etməyə hazır olduğunu bildirib. Onun fikrincə, müzakirə mövzusu olan maraqlı ideyalar var və həmsədrlər onları, həmçinin dövlət başçılarının növbəti görüşünü müzakirə edəcəklər.

Amerikalı həmsədr Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi məsələsinin məhz Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyünübunu alqışladıqlarını söyləyərək dedi ki, bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır: “Artıq sülh vaxtı gəlib çatıb. Azərbaycan və Ermənistanda növbəti nəsil Dağlıq Qarabağı münaqişə nöqteyi nəzərindən tanımalı deyil. Biz istəyirik ki, tərəflər münaqişənin həlli ilə bağlı istəklərini nümayiş etdirsinlər. Məsələnin sülh yolu ilə həllinə siz və övladlarınız layiqdir. Biz istərdik ki, sülh prosesinə dinc şəraitdə, danışıqlar yolu ilə nail olunsun”- deyə Ceyms Uorlik qeyd edib.

Amerikalı həmsədrin bu bəyanatı Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri KiselyovaSputnik Azərbaycan” üçün müsahibəsində münaqişə ilə bağlı irəli sürdüyü təklifdən sonra səslənir. Yəni bu dəfə də həmsədrlər ortaya heç bir yenilik çıxarmırlar. Həmişəki kimi yeniliyi Azərbaycanın dövlət başçısı edir və qətiyyətlə vurğulayır ki, ölkəmiz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacaq. Erməni tərəfi də bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: “Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir”. Bu fikirlərlə Prezident İlham Əliyev güzəşt limitinin sərhədini bir daha elan etdibu, Ermənistana, eləcə də həmsədrlərə yeni mesaj oldu.

 

Yalnız Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər

 

Prezident bir daha qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlinsə, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Lakin S.Sarkisyan hökuməti də bilir ki, bu addımı ilə ölkə əhalisini yaxşıca “dolandırır”.

Ona görə də Minsk qrupunun həmsədrlərinin bölgəyə son səfərlərində və onların yeni mövqeyində Azərbaycanın xeyrinə heç bir dəyişikliyin olmadığı hiss edilir. Əslində, Prezident İlham Əliyevin Azərbaycanın Dağlıq Qarabağa Muxtar Respublika statusu verməsi ilə bağlı fikri həmsədrlərə növbəti təzyiq idi. Çünki Prezident bəyan etdi ki, ermənilər və beynəlxalq ictimaiyyət bunu yaxşı bilir. Yəni bu yeni təklif deyil, köhnədən qüvvədə olan bir təklifdir. Amerikalı həmsədrin Bakıda verdiyi bəyanatlar sadəcə əvvəlkilərin təkrarı idi.

Azərbaycan xalqı həmsədrlərin “fəaliyyətinə” qiymət verib: əgər vasitəçilərin bizə canı yansaydı, ən azı Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün bir cəhd edərdilər. Amma bununla bağlı indiyədək heç bir səyləri olmayıb. Görünən odur ki, vasitəçilər sadəcə öz maraqlarına uyğun bəyanat səsləndirməklə məşğuldurlar. İşğalçı Ermənistana qarşı heç bir beynəlxalq hüquq normasından irəli gələn təzyiq və təsir göstərmirlər.

Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatlarla çıxış edərkən də bu məsələyə toxunaraq qeyd edib ki, Ermənistan sülh istəmir. İşğalçı ölkə status-kvonu dəyişməz olaraq saxlamağa çalışır: “Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin - ABŞ, RusiyaFransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır”.

Dövlət başçısı vurğulayıb ki, status-kvo qəbuledilməzdir və dünya birliyi Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan Azərbaycan ərazilərini heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir.

Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 3.