Ürək loğmanı

 

İnsanın ən həssas, ən işlək orqanıdır ürək. Biz dincəldikdə, yuxuya gedib hər şeydən xəbərsiz olduğumuz vaxtlarda belə keşiyimizi çəkir, yaşayaq deyə fəaliyyətini bir an da olsun dayandırmır. Öz ahəngi, ritmi ilə döyünərək bədənin müxtəlif nöqtələrinə qədər hər tərəfinə damarlar vasitəsilə qan ötürür. Mütəxəssislərin dediyinə görə, gün ərzində orta hesabla 7-10 ton arasında qan vurur bir insan ürəyi. Bu rəqəm hər birimizdə heyrət doğurur. Sinəmizdə gəzdirdiyimiz bu kiçik orqanın qüdrətinə, gücünə təəccüblənməyə bilmirik. Günəş öz hərarəti və işığı ilə bütün cahanı yaşatdığı kimi, ürək də insanın bütün orqanlarına qan vurmaqla ona can verir. Ürək dayandısa, demək, həmin insan üçün həyat da bitdi. Deyirlər, hər insanın ürəyi öz yumruğu boydadır. Yumruq boyda ürəyimiz eyni zamanda bizim mənəvi dünyamızın, arzularımızın, sevgi və məhəbbətimizin, nifrətimizin məkanıdır, yuvasıdır. Elə buna görə də hər bir insanın dəyəri, qədir-qiyməti onun ağlı, zəkası ilə bərabər, hansı ürəyə sahib olması ilə də ölçülür.

Təsadüfən demirlər ki, filankəs ürəyitəmiz adamdır və ya filankəsin qəlbi qaradır. Gəlin etiraf edək ki, bizə təmənnasız xidmət edən ürəyimizin qədrini çox vaxt lazımınca bilmirik. Onu həddən artıq yükləyirik. Həkimlərin dediyi kimi, yeyib-içməyimizin fərqinə o qədər də varmamağımız, oturaq həyat tərzi, az fiziki hərəkət etməyimiz, bəzilərinin nikotin və spirtli içkilərə aludəliyi də ürəyin fəaliyyətini çətinləşdirir. Həssas, incə orqan olan ürək isə buna dözə bilməyib ağrıyır, xəstəliyə tutulur. Bu zaman ümidimizi həkimlərə bağlayırıq. Həmin həkimlərdən biri ürək-damar xəstəlikləri üzrə tanınmış cərrah Rəşad Mahmudovdur. Onun haqqında dildə-ağızda gəzən çox sözlər eşitmişik.

9 il bundan öncə Lənkərandakı Müalicə Diaqnostika Mərkəzində bir neçə vətəndaşın üzərində təmənnasız olaraq açıq ürək əməliyyatı apardığını eşidəndə qəlbimdə həkim R.Mahmudov haqqında xoş duyğular baş qaldırdı. Həmin xəstələrlə elə o vaxt müalicə mərkəzində görüşüb söhbət etdim. Onları yenidən həyata qaytaran cərraha minnətdar olduqlarını, bu yaxşılığı heç vaxt unutmayacaqlarını bildirdilər. Gənc həkimin sonrakı uğurları haqqında eşitdiklərim məndə fəxarət hissi yaratdı. Onunla görüşmək, haqqında yazmaq istədim. Bilirdim ki, Mərkəzi Neftçilər Xəstəxanasında çalışır. Telefon nömrəsini əldə etmək məqsədilə qardaşı, çoxdan tanıdığım Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudova müraciət etdim. Telefon nömrəsini öyrənəndən sonra zəng çaldım, özümü təqdim edib fikrimi söylədim.

- Sabah Türkiyəyə, İstanbula uçuram. Qayıdandan sonra, inşallah, görüşərik, - dedi.

Təxminən 20 gündən sonra yenidən telefon açdım. Səsimi tanıyıb, dərhal hal-əhval tutdu:

- Sabah yox, birisi gün Astarada olacağam, istəyirsiniz, orada görüşüb söhbətləşək. Ardınızca maşın göndərə bilərəm, - dedi.

- Çox sağ olun, doktor, zəhmət çəkməyin, özüm gələrəm - dedim. Açığı, jurnalistin işi telefonsuz keçmir. Elə Astaranın özündə də həkimi telefonla bir neçə dəfə aramalı oldum. Öyrəndim ki, rayonun Ərçivan qəsəbəsində seçiciləri ilə görüş keçirir. Məni də ora dəvət etdi. Görkəmli rejissor, bu yaxınlarda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına İstanbulda səhnə həyatı verən, əslən Astaradan olan Əflatun Nemətzadə də onunla birlikdə idi. Hər ikisi həmyerliləri qarşısında Azərbaycanın, onun bir parçası olan Astaranın inkişafından, Prezident

İlham Əliyevin ulu öndər Heydər Əliyev ideyalarını və siyasətini uğurla davam və inkişaf etdirməsindən, respublikamızın dünya ölkələri sırasında boy verdiyindən, sayılıb-seçildiyindən ətraflı söhbət açdılar. Qəsəbə mədəniyyət evində keçirilən görüş isti, səmimi bir şəraitdə başa çatdı. Hiss olunurdu ki, adamlar adlı-sanlı həmyerliləri ilə fəxr edir, bəzi problem xarakterli məsələlərin həlli ilə bağlı öz ürək sözlərini məhrəmanə şəkildə ona çatdırırdılar. Həkim isə onları bir-bir səbirlə, təmkinlə dinləyir, imkanı daxilində qaldırılan məsələlərin həllinə çalışacağını bildirirdi. Görüş başa çatandan sonra geri dönərkən qəsəbə məscidinin yanında o, sürücüsündən maşını saxlamasını xahiş etdi. Qəsəbə qəbiristanlığı da elə burada, məscidin ətrafında, daş hasarın içərisində yerləşirdi. Həkim və rejissor Ə.Nemətzadə qəbiristanlığa baş çəkib, dünyadan köçənlərin ruhuna salavat çevirdilər, dua oxudular.

Artıq gündüz saat 2 radələri idi. Rayon mərkəzinə gəlib çay süfrəsi arxasında ordan-burdan etdiyimiz qısa söhbətdən sonra əsas mətləbə keçdik. “Necə oldu, həkimlik peşəsini seçdiniz”- sualıma belə cavab verdi:

- Hələ orta məktəbin 6-cı sinfində oxuyarkən ürəymdə gələcəkdə həkim olmaq arzusu yarandı. Bu, bəlkə də, ona görə idi ki, ailəmizdə məndən böyük bacım və qardaşım həkim idilər.

Nemət müəllim onun sözünə əlavə etdi:

- Doktor Rəşad yaşda məndən kiçikdir. Bunların nəsil şəcərəsini yaxşı tanıyıram. Rəşad Mahmudova həkimlik genlə gəlib, irsən keçib desəm, məncə, yanılmaram. Ana babasının atası Mirzə Mütəllim o zaman Almaniyada tibb təhsili alıb və dövrünün görkəmli ziyalılarından biri olub. İyirminci əsrin əvvəllərində ailəsi ilə birlikdə Ərdəbildən köçüb bu tay Astaranın Ərçivan kəndinə gəlib. O eyni zamanda şeir-sənət vurğunu olub. Cənubi Azərbaycanın böyük şairi M.Şəhriyarla dostluq edib. Mirzə Mütəllimin oğlu Mirzəli, hansı ki doktorun babası olur, o da həkim idi. Sonralar onlar Ərçivandan Təngərüd kəndinə köçüblər.

Söhbət əsnasında öyrənirəm ki,

R.Mahmudov 1974-cü ildə Astaranın Təngərüd kəndində dünyaya göz açıb. Atası Məmmədqulu Mahmudov Astaranın zabitəli kişilərindən olub. Cavan ikən rayon komsomol komitəsinin birinci katibi, rayon icraiyyə komitəsinin sədri, daha sonra sədrin müavini, rayon partiya komitəsinin ikinci katibi, sovxoz direktoru vəzifələrində çalışıb. O, çöldə, ömür-gün yoldaşı Şərqiyyə xanım isə evdə olub. Ailədə dünyaya göz açan 10 uşağın hamısını böyük diqqət və qayğı ilə əhatə etmək, onlara ali təhsil vermək, cəmiyyət üçün yararlı insanlar kimi yetişdirmək ata-ananın nəciblik və alicənablığından xəbər verir. Övladları ailə həyatı quranda bütün valideynlər kimi sonsuz dərəcədə seviniblər, fərəh hissi keçiriblər. Cəmiyyətə faydalı olmaq bu ailənin alın yazısıdır. R.Mahmudov da hələ kiçik yaşlarından qərara gəlir ki, böyüyəndə həkim olub insanlara şəfa versin, doğma xalqının sağlamlığı keşiyində dayansın. Arzusuna çatmaq üçün səylə oxuyur, bir gün də olsun dərsdən qalmır. Müəllimlərinin keçdiyi dərsləri, verdiyi tapşırıqları, öyüd-nəsihətləri məsuliyyət və ciddiliklə yerinə yetirir. Çalışqanlığı, zehni, düşüncəsi ilə yaşıdlarından, sinif yoldaşlarından xeyli fərqlənir.

Günlər, aylar, illər bir-birini əvəz edir. R. Mahmudov orta məktəbi qızıl medalla başa vurur. Bu o zaman idi ki, 70 il hökmranlıq edən imperiya dağılmış, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuşdu. İnsanların, xüsusən gənc nəslin düşüncəsində yeni bir fikir cücərməyə başlamışdı. Onlar üçün artıq dəmir pərdələr, qadağalar, sərhədlər aradan götürülmüşdü. Digər bir məsələ ondan ibarət idi ki, həmin illərdə respublikamızda xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedirdi. Hakimiyyət, kürsü davası yüksək həddə çatmışdı. Yaranan belə bir mühitdə gənc R.Mahmudov qardaş Türkiyə Respublikasında ali təhsil almağa üstünlük verir və 1991-1997-ci illər arasında İzmir şəhərindəki 9 Eylül Universitetinin tibb fakültəsində oxumağa başlayır. Arzudan arzu doğur deyirlər. Nəzərdə tutduğu məqsədə çatmaq üçün bu dəfə Ankara mərkəzləşdirilmiş ixtisasartırma imtahanından keçərək 1997-2003-cü illərdə Ege Universitetində “Ürək və damar cərrahiyyəsi üzrə üst ixtisaslaşma və doktor proqramı” tamamlayır. Bundan sonra həkim kimi fəaliyyətə başlayır. 2003-2005-ci illərdə “Şifa” və İzmir şəhərindəki “KENT” xəstəxanalarında ürək-damar cərrahı işləyir. Eyni zamanda elmi fəaliyyətini davam etdirməyi də unutmur. 2003-cü ildə Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Damar xəstəliklərində genetikanın rolu” mövzusunda elmi işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.

Türkiyə, onun gözəl, abad məkanları, Ankara, İstanbul, İzmir şəhərləri nə qədər cazibədar, rahat olsa da, doğma Azərbaycan, Bakı, Astara həsrəti onu Vətənə səsləyirdi. Doğmaları, əzizləri yadına düşəndə ürəyi onların yanında olurdu. Ən başlıcası isə üstündə ayaq açıb yeridiyi, havasını udub, çörəyini yeyib, suyunu içdiyi torpağın insanlarına xidmət etmək, xəstələrinə şəfa vermək bir həkim, bir ziyalı olaraq onu Vətənə çağırırdı.

2005-ci ildə Azərbaycana qayıdır və Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri şöbəsinin müdiri kimi fəaliyyətini doğma torpaqda davam etdirir. Artıq o vaxtdan 11 il keçmişdir. Həkim R. Mahmudovun iti zəkası, şəfalı əlləri ilə neçə-neçə xəstə ikinci ömür qazanmış, sağlam həyata qovuşmuşdur. Heydər Əliyev Fondunun dəstəyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə son illər Azərbaycanın regionlarında 1000-ə qədər xəstə üzərində aparılan açıq ürək əməliyyatına və 10 minə yaxın adam üzərində kardioloji müayinə aksiyalarına o, rəhbərlik etmişdir.

R.Mahmudov səhiyyə işinin təşkili, onun təkmilləşdirilməsi, dünya standartlarına cavab verməsi üçün yorulmaq bilmədən çalışır, əlindən gələni əsirgəmir. O, 28 sentyabr 2006-cı ildə “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyini təşkil etmişdir. Birliyin xətti ilə Bakıda, Naxçıvanda və regionlarda 20-yə yaxın beynəlxalq elmi-praktik konfransların keçirilməsinə nail olmuşdur. Avropa, Amerika, Türkiyə və Özbəkistan kardioloqları və ürək-damar cərrahları cəmiyyətlərinin üzvüdür. Son 10 ildə 40-dan çox elmi konfransda 80-dən artıq məruzə ilə ölkəmizi təmsil etmişdir. Gərgin əməyin nəticəsi olan 35-dən çox elmi məqaləsi yerli və xarici ölkələrin jurnallarında dərc olunmuşdur. Türkiyədə nəşr olunmuş “Aort cərrahiyyəsi” kitabının müəlliflərindən biridir. İndiyə qədər 8 mindən artıq ürək və damar cərrahiyyəsi əməliyyatı həyata keçirmişdir. Gənc kadrların hazırlanması R. Mahmudovun fəaliyyətində xüsusi yer tutur. İndiyədək 8 yerli ürək-damar xəstəlikləri cərrahı yetişdirmişdir.

Gənc alim, ürək-damar xəstəlikləri üzrə görkəmli mütəxəssis R.Mahmudovun əməyi dövlətimiz tərəfindən lazımınca qiymətləndirilmişdir. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə “Tərəqqi” medalı, 10 may 2009-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” mükafatı ilə təltif edilmiş, 2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür.

Oğlanları Taha, Turan, qızı İlayda hələ uşaqdırlar.

Səhiyyəmizin dünəni, bu günü və sabahı haqqında danışanda belə dedi:

- Görülən işlər göz qabağındadır. Son illər nə qədər ixtisaslaşdırılmış mərkəzlər, xəstəxanalar tikilib. Bölgələrimizdə müalicə diaqnostika mərkəzləri inşa edilərək istifadəyə verilib. Rayonlardakı mərkəzi xəstəxanaların, qəsəbə və kəndlərdəki tibb məntəqələrinin, demək olar ki, hamısı əsaslı şəkildə yenidən qurulub, səhiyyə ocaqlarının hər biri inkişaf etmiş ölkələrin ən yeni tibb avadanlıqları ilə təchiz olunub. Kadr sahəsindəki çatışmazlıq get-gedə aradan qaldırılır. Xarici ölkələrdə tibb təhsili alan həkimlərin əksəri vətənə qayıdıb, burada işləməyə üstünlük verməyə başlamışlar. İndi regionlardakı tibb müəssisələrinin özündə də gənc, bacarıqlı həkimlərimiz az deyil. Hazırda tibbin ən çətin sahələri sayılan onkologiya, ürək-damar xəstəlikləri, qaraciyər, böyrək köçürmələri üzrə yüksək ixtisaslı mütəxəssislərimiz vardır. Bütün bunların nəticəsidir ki, ağır xəstələrimiz əvvəlki illərdə olduğu kimi xarici ölkələrə üz tutmurlar. Cənab Prezidentin tapşırığına əsasən hər il əhalinin tibbi müayinədən keçirilməsi xəstəliklərin erkən aşkar edilməsinə və insanlarımızın vaxtında müalicəsinə öz müsbət təsirini göstərməkdədir. Hazırda Milli Məclisdə “Tibbi sığorta haqqında” qanunun qəbulu ilə əlaqədar ciddi müzakirələr gedir. Bu qanun qüvvəyə mindikdən sonra əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi daha da yaxşılaşacaq, səhiyyənin ünvanına deyilən xoşagəlməz söz-söhbətlər və neqativ hallar aradan qaldırılacaqdır.

Həkim R.Mahmudovla söhbət zamanı bir daha yəqin etdik ki, əsl istedad, zəka sahibləri insanlığın parlaq mücəssəmələridirlər. Onlar sadə, təvazökar, zəhmətkeş, humanist, vətənpərvər olmaqları ilə başqalarına nümunədirlər. Elə buna görə də Astara camaatı 2015-ci ildə ərazilərindəki 77 saylı dairədən onu Milli Məclisə deputat seçmişlər. Həkim vaxt tapan kimi rayona gəlib seçiciləri ilə görüşür, onların qaldırdıqları məsələlərin həllinə çalışır, doğma el-obasının sosial-iqtisadi tərəqqisi üçün əlindən gələni edir, lazım gəldikdə əlaqədar təşkilatlar qarşısında məsələlər qaldırır. Söhbət zamanı onu da öyrəndik ki, ürək loğmanının doğulub boya-başa çatdığı Astara haqqında arzu və istəkləri böyükdür, tükənməzdir. İstəyir ki, təbiətin səxavətini əsirgəmədiyi bu diyarda turizm sürətlə inkişaf etsin, yeni iş yerləri açılsın, əhalinin gəlirləri artsın, yaşayış səviyyəsi yüksəlsin. Böyük ümidlə, nikbin əhvali-ruhiyyə ilə bu sözləri vurğuladı:

- Keçən əsrin 90-cı illərində Türkiyədə təhsil aldığım zaman Antalyaya gedib oranı görmüşdüm. O vaxtkı Antalya ilə indiki Antalya arasında yerlə göy qədər fərq var. Əvvəllər orada dənizdən başqa, heç nə diqqəti özünə çəkmirdi. Boz dağlar, ətrafdakı kol-kos darıxdırıcı təsir bağışlayırdı. Amma indi Antalya dünyanın ən məşhur istirahət məkanlarından biridir. - Sonra o gülümsəyərək sözünə davam edir: - Nəyə görə Astara Azərbaycanın Antalyası olmasın? İkisinin də adı “A” hərfi ilə başlayır, elə “a” hərfi ilə də bitir. Hər ikisində maşınların qeydiyyat nömrəsi “07” ilə başlayır. İkisi də ölkələrinin cənub nöqtələrində yerləşir. Deməli, Astaranı da nümunəvi turizm məkanına çevirmək olar. Astaradakı qədim abidələr, qalalar daş yaddaşımız kimi hər kəs üçün çox maraqlı ola bilər. Bu torpağın limon, naringi, portağal, feyxoa bağlarını, ətirli çayını, mətbəxini, ən başlıcası isə qonaqpərvər insanlarını xüsusi olaraq qeyd etmək istəyirəm.

Vaxt heç bilmədik, necə keçdi. Payız günəşi artıq yavaş-yavaş qüruba enirdi. Rəşad həkim saatına baxdı. Həmyerlisi, Azərbaycanın bayrağını müxtəlif idman yarışları arenalarında dalğalandıran güləşçi Cəbrayıl Həsənovun xəstə anasına baş çəkməyə gedəcəyini dedi. Sağollaşıb ayrıldıq.

Geri qayıdarkən yol boyu ömrünün 42-ci payızını yaşayan kardioloq həkim, ürək-damar xəstəlikləri üzrə məşhur cərrah, tibb elmləri namizədi, Milli Məclisin deputatı, gözəl ailə başçısı, vətənpərvər insan R.Mahmudov haqqında yazacağım məqalənin konturlarını cızarkən fikrimdən bunlar keçdi: “Allah sevdiyi bəndəsindən heç nəyi əsirgəmir. Ona ağıl, zəka, istedadla yanaşı, gözəl boy-buxun, qədd-qamət, yaraşıq da verir”.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S. 7.