Görkəmli bəstəkar Tofiq Bakıxanovla görüş

 

Görkəmli bəstəkar, Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında bəstəkarlarla görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Yaşar Xəlilov çıxış edərək Tofiq Bakıxanovun həyat yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib.

Tofiq Bakıxanov Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb. Vurğulayıb ki, son illərdə o, yaradıcılığının bir hissəsini qədim diyara həsr edib.

Gələcəkdə yaradıcılığımı yenə bu istiqamətdə davam etdirəcək, muxtar respublikanın dilbər guşələrindən biri olan Batabata həsr olunmuş mahnı bəstələyəcəyəm”, – deyən Tofiq Bakıxanov bildirib ki, Naxçıvana səfəri zamanı burada gördüyü təmizlik, abadlıq, inkişaf onu buna sövq edir. Bu gün Naxçıvan hər bir yaradıcı sənət adamı üçün əsl ilham mənbəyidir.

Tofiq Bakıxanov naxçıvanlı bəstəkarlara gənc musiqiçilərə yaradıcılıq tövsiyələrini verib.

Bəstəkarın Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından danışıb.

Sonra incəsənət fakültəsinin müəllim tələbələrinin ifasında Tofiq Bakıxanovun əsərləri səsləndirilib.

 

Azərbaycan.- 2016.- 27 oktyabr.- S.8.