Səmərəli islahatlar uğurlu nəticələr verir

 

Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilir

 

Azərbaycanın iqtisadi inkişaf tempi siyasihüquqi islahatların çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsinə imkan yaradır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlən-məsi, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modeli formalaşıb. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. 2008-ci ildən başlamış və daha çox inkişaf etmiş ölkələrin iqtisadi və maliyyə-bank sistemlərini sarsıdan qlobal maliyyə-iqtisadi böhranın mənfi fəsadlarının, beynəlxalq miqyasda əlaqələndirilmiş səylərə baxmayaraq, tam aradan qaldırılmasına nail olunmayıb. Qlobal maliyyə-iqtisadi böhranının ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət öz müsbət nəticələrini verib. Cari ilin doqquz ayında qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb.

Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha təsdiq edir. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. İqtisadi inkişaf göstəricilərilə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.

Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb. MDB məkanında ölkəmiz liderliyini qoruyub saxlayır. Dünya Bankı isə bu günlərdə 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb.

Builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üçdaha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxalixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib.

Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

Qlobal maliyyə böhranı şəraitində ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə böyük infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. Yeni neft strategiyasının davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin, sənaye potensialının formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Respublikamızın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı da çox mühüm əhəmiyyətli sənəddir.

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurları sahibkarlığın inkişafına əlavə çətinliklər yaradırdı. Prezident İlham Əliyevin imzaladığı fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqləndi.

Azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev özəl sektorun inkişafına xüsusi diqqət yetirir. Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan syasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respub-likanın qazandığı nailiyyətlərin dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında əksini tapması ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 28 oktyabr.- S. 1, 2.