Azərbaycan multikulturalizmi və etnopsixologiya amili

 

Qədim türklər Turan imperiyasını qurarkən zor vasitəsi olan silahdan - o dövrün ənənəvi silahı olan qılıncdan daha çox mədəniyyətə əsaslandılar. Qılınc, zor edə bilmədiyini əmin-amanlıq vasitəsi olan söz öz missiyasını əməli-praktik yaşam tərzi forması olaraq mədəni davranış timsalında həyata keçirə bildi. Beləcə, mədəniyyət faktoru Türk dünyasına - Turan məmləkətinə qılıncdan da kəsərli-yetərli bir qüvvət oldu. Bəşər nəsli mədəni sivilizasiyaya tabe oldu. Qədim Şərq - qədim türk elləri bütün dünyaya, bəşəriyyətə mədəniyyət yayıcıları kimi özünü, sözünü, gücünü diqtə etdirdi. Türk öz əsirinə də insanlıq, böyük mədəniyyət nümunəsi göstərdi. Buna görə də xalqımızın filosof-şairi Hüseyn Cavid Turana qılıncdan daha kəskin, ulu qüvvətin məhz onun mədəniyyəti olduğunu bəyan edirdi. Bəli, türklər mədəni dəyərlərə tapınmaqla, mədəniyyəti əldə bayraq etməklə bütün dünyaya öz iradəsini yeridə bildi.

Qədim türklərin mənəvi varisləri olan Azərbaycan dünyası da - Azərbaycan türkləri də nə qədər böyük ictimai-siyasi nüfuz yiyələri olsalar da, digər xalqlarla qılınc davasına qalxmadılar. Çünki “Azərbaycan türklərinin birləşdiricilik yönümlü münasibətləri” - yəni zəngin mənəvi mədəniyyəti var idi ki, bu mədəni davranış, yüksək əxlaq tipi yad etnosları da özləri ilə mehriban ünsiyyətə çəkərək, onları Azərbaycan cəmiyyətinin könüllü, bərabərhüquqlu üzvləri olmağa vadar etdilər.

Bəs, bu mədəni davranışın əsasında dayanan mədəniyyət özünü hansı formalarda təzahür etdirirdi? Hər şeydən əvvəl, bunu xalqın milli-mənəvi dəyərlərində axtarıb tapmaq, görmək lazımdır.

Bu milli-mənəvi dəyərlərin bariz ifadəsi isə xalqın folklor dünyasında öz əksini tapır!

Folklorumuzun ən kiçik ölçülü, lakin böyük hikmətlər, dərin mənalar ifadə edən janrlarından olan atalar sözlərimiz birbaşa xalqımızın etnik psixologiyasının ifadəçisi olmaqla yaşam dünyamıza - həyat amalımıza güzgü tutur. Bu baxımdan səciyyəvi bir nümunə üstündə dayanmaqla fikirlərimizin davamını vermək istərdik: “Söymə nökər dədəmi, söyməyim bəy dədəni”, yaxud: “özünə qıymadığını özgəsinə qıyma” (özünə rəva görmədiyini başqasına rəva bilmə).

Bu, xalqımızın - azərbaycanlıların həyata baxış tərzinin ifadəsidir. Söymə nökər dədəmi deməklə özündən aşağıda olana münasibətdə onun dilindən cəmiyyətə səslənir, mesaj verir ki, əks təqdirdə cavabını da danışığına - rəftarına müqabil tərzdə alacaqsan. Yəni burada, başqa sözlə, cəmiyyətin sosial ierarxiyası arasında tarazlıq prinsipini qoruması məsələsi var. Aşağı təbəqə ilə (nökərlə) yuxarı təbəqə (bəy) nümayəndəsi arasında sosial harmoniyanın gözlənilməsi tələbi irəli sürülür. Bu, azərbaycanlıların əxlaq kodeksidir, təbəqələr, insanlar, ayrı-ayrı irqlər, millətlər arasındakı birləşdiricilik yönümlü münasibətidir, barışdırıcılıq, geniş mənada xalqlar arasında həmrəylik duyğularının etnopsixoloji ifadəsidir, xalqlararası sülh siyasətidir. Məhz belə bir müdrik xalq düşüncəsi tarixən vətənimizdə multikultural bir məkanın olmasına münbit zəmin yaratmış oldu və ona görədir ki, respublikamızın ərazisi müxtəlif çeşnilərdən toxunmuş, əsrarəngiz ilmələrlə bəzədilmiş nəhəng xalını xatırladan ayrı-ayrı etnos və millətlərin həmrəylik və qardaşlıq ittifaqında birləşən ümumi vətənə dönübdür. “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev də məhz bu məqamı beləcə aforizm şəklində ifadə etmişdir. Bu birliyə, bu qardaşlığa dünyanın sivil ölkələri həsəd aparırlar. Bu cür multikulturallığın azərbaycançılıq modelinin sirlərinə bəlkə də heyran qalırlar. Bunun sirrini öyrənmək üçünsə gərəkdir ki, Azərbaycan türklərinin mental dəyərlərinə, zəngin mənəvi dünyasına bələd ola bilsinlər. Bunsuz heç nəyə nail ola bilməzlər. Bəli, Azərbaycan diyarının multikulturallığın orijinal ünvanına dönməsinin ilkin sosial-psixoloji əsasları məhz hər şeydən öncə xalqımızın etnopsixologiyasından, zəngin mənəviyyatından, milli-mədəni dəyərlərindən rişələnir. Xalqımız bölgədəki, regiondakı böyük ictimai-siyasi nüfuzundan sui-istifadə etmədi, öz təbəəsinə, öz müttəfiqinə həqarətedici nəzərlərlə baxmadı, hörmətlə yanaşdı ki, ona da eyni qaydada hörmətlə yanaşılsın və nəticədə səmimi, istiqanlı münasibətlər formalaşsın. Bəli, bu, dünyanın lider dövlətlərinin, həmin dövləti təmsil edən və özlərini ali irq sayan millətlərin əxz etməli olduğu həyat dərsi, insanlıq fəlsəfəsidir. Əks təqdirdə, dünyadakı öz hegemon mövqelərindən sui-istifadə etmək bəşəriyyəti məhvə - fəlakətə doğru sürükləyər. Bunu H.Cavid başqa bir məqamda belə ifadə etmişdir: “Təməddünün (mədəniyyətin) sonu vəhşətmidir (vəhşilikdirmi), nədir, əcəba?” Bax, bu cür ittiham edirdi bəşəriyyəti dahi filosof. Görürdü, anlayırdı ki, mədəniyyət adı altında antimədəniyyət tüğyan edərək, insanlıq dünyası mənəvi iflas həddinə yetişəcəkdir. Nüvə silahları, reaktiv bombalar və s. alimlər tərəfindən bəşəriyyətə xeyirxah məqsədlərlə xidmət etmək üçün icad edildiyi halda, bundan antihumanist zorakılıq əməlləri törədilirsə, bu, bəşər mədəniyyətinin sonda vəhşiliyə doğru yuvarlanması deyilmi?

Bəli, insan ağlı, insan zəkası insanlığa xidmət etməlidir. İnsan isə sosial varlıq olmaqla mənəvi varlıqdır, belə olduqda isə insanlıq anlayışı altında mənəvi varlıq - mənəviyyat məfhumu dayanır. Mənəviyyat isə öz həyati ifadəsini, real görüntüsünü mədəniyyət hadisəsində tapır. “Qızım, sənə deyirəm, gəlinim, sən eşit”-deyən xalqımız mədəniyyəti özündən başlayıb, tənbehi əvvəlcə özününkünə edib, bundan da başqasının - yadın ibrət götürməsini istəyib. Bax, budur azərbaycanlı milli mentalitetinin özünəməxsus ifadə forması və başqalarına öz əməllərindən nümunə göstərmək mədəniyyəti!

Biz azərbaycanlılar təbiət etibarilə qədim Şərq mədəniyyəti, qədim türk təfəkkürü və müasir islamın şəriət və ehkamlarını sintez edib, birləşdirməklə bu gün sivil dünyaya multikulturalizmin Azərbaycan modelini açıq şəkildə (və hətta dövlət səviyyəsində) göstəririk. Qafqaz regionunda və ölkəmizdə etnoslararası münasibətlərdə Azərbaycan xalqının milli-mental dəyərlərinin dominantlığı da bu baxımdan təbii qarşılanmalıdır.

Azərbaycanlıların ailə-məişət mədəniyyəti özü bütün dünyaya ta əzəl çağlardan bir örnəkdir. Azərbaycanlı ailəsi bütöv sarsılmaz bir dünyanın ictimai formadakı özək qatıdır. Ta qədimdən azərbaycanlılarda monoqam ailə tipi mövcud olub. Bu, nə deməkdir? Bu, qadına olan hörmətin, verilən dəyərin yüksək təzahür formasıdır. 13 əsrdir ki, islam dinini qəbul etmiş olsaq belə, islam şəriətinin buyurduğu yolla bir neçə arvad almağın mümkünlüyü məsələsi qədim türk etnosu olaraq azərbaycanlılara təsir etməyib. Azərbaycan xalqı monoqam ailə tipinə sadiqliyini qoruyub saxlayıb. Hətta son zamanlar bu məsələ Milli Məclisdə müzakirə olundusa da xalqımızın milli-mental dəyərlərinə uyğun olaraq qanuniləşmədi. Ona görə ki, azərbaycanlı etnosunun düşüncəsinə görə qadın-qız ailənin, nəslin, tayfanın namusu-şərəfidir, qadın-ana müqəddəsdir. Ailə isə cəmiyyətin, dövlətin əsası deməkdir. Bir yerdə ki, anaya, ailəyə - kiçik dövlət olan ailəyə hörmət var, o yerdə dövlət də möhkəm əllərdə olar, dövlətçilik də inkişaf, tərəqqi edər. Eyni zamanda orada - ailə daxilində də mehribanlıq hökm sürər, bu mehribanlıq telləri isə qonşuya, qonşudan da ətraflara - yad etnoslara da münasibətdə bərqərar olub, möhkəmlənər. Bax, budur azərbaycanlı ailə -məişət mədəniyyəti və o mədəniyyətdən multikultural dəyərlərə çıxış nöqtəsi!

Azərbaycan xalqının ailə-məisət mədəniyyəti öz tipinə görə elə dominant nüfuza malikdir ki, bu mədəni amil nəinki təkcə ölkəmizin dinbir, məzhəbbir vətəndaşları - islam dininin daşıyıcıları olan qeyri-etnik xalqların nümayəndələrinə, eləcə də dinayrı, məzhəbayrı olan digər din daşıyıcılarına da müsbət mənada öz hegemon təsirini yeritmişdir. Məsələn, deyək ki, talışlar, ləzgilər və s. bu qəbildən olan müsəlman etnosların bizim ailə-məişət mədəniyyətimizi mənimsəmələri ilk baxışda bir islam dininin, müsəlman mədəniyyətinin daşıyıcısı olmaqla təbii görünəndir. Bəs xristian dininin daşıyıcıları olan slavyandilli rusların, malakanların, qonşu gürcülərin bizim etnik mədəniyyətimizə uyğunlaşmalarını hansı amillə izah etmək olar?

Yenə də bunun cavabını xalqımızın əski çağlardan - özü ilə yaşıd olan yüksək mədəni səviyyə etalonu ilə bağlamaq lazımdır. Azərbaycanda elə rus, gürcü, ləzgi və s. ailələri var ki, qızı, gəlini evə bir az gec gələndə narahatçılıq keçirir. Yəni ruslar da qızlarının evlərinə bir qədər gec gəlməsindən narahat olarlarmı? - deyə düşünüb, xəyala dalardım. Yaxud, mən digər millətlərdən olan elə ailələr tanıyıram ki, nikahsız, kəbinsiz ailə həyatı qurmağı kəskin şəkildə qəbul etmirlər. Bayramlarımızın yüksək səviyyədə keçirilməsi, dəfn, yas mərasimlərinin bütün adət-ənənələrə uyğun aparılması və s. bütün bunlar nəyin göstəricisidir? Azərbaycan ərazisində uzun müddət qalıb məskunlaşan, yaşayan Azərbaycan vətəndaşları dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq xalqımızın milli mədəniyyətinin təsiri altına düşüb, yaxşı mənada assimilyasiya olunurlar. Bunun da səbəbi Azərbaycanın milli-mental dəyərlərinin yüksək əxlaqi amillərə, humanizmə, uca mənəviyyata bağlı olmasından irəli gəlir.

Milliyyətcə gürcü olan şair-publisist Giya Paçxataşvilinin həyat yoldaşının vaxtsız ölümü ilə bağlı qəzet məqaləsi məni heyrətə gətirmişdi. Yazıda gürcü Giyanın həyat yoldaşına olan sonsuz sevgisi bədii-publisistik bir dillə elə təsirli verilmişdi ki, deyərdin, bəs əfsanəvi Əsli-Kərəm, Qərib-Şahsənəm, Leyli-Məcnun məhəbbətindən söz açılır. Giya milliyyətcə gürcü, dininə görə xristian olsa da, o da atası-babası Azərbaycan torpağında yaşamış olan azərbaycanlı gürcüdür və bütün Azərbaycan vətəndaşları kimi, o da xalqımıza xas olan milli-mənəvi keyfiyyətləri öz təbiətində yaşadıb. Məhz Azərbaycan milli mədəniyyətinin daşıyıcısı olan bir gürcü kimi onun ailə sevgisində də bu dərəcədə sədaqətli olması və bunun ona həsr olunmuş yazıda əksini tapması məntiqi baxımdan qəbul olunandır.

Bax, budur qədim Azərbaycan torpağının yerli sakinlərini birləşdirən əsrarəngiz qüvvənin sirri! Qədim Azərbaycan mədəniyyətinin bayrağı altında birləşən millətlər, etnoslar türk mədəniyyətini özlərinə yelkən edib şadyana dövran sürüb, yaşayırlar.

Lakin bir təəssüfləndirici məqamın da üstündən sükutla keçmək olmaz. Xainlərin, satqınların milliyyəti olmur. Azərbaycan adlı cənnətməkan diyarda həmişə rahat yaşayıb, firavan gəzib-dolaşan nankor qonşularımız ermənilər isə hər məsələdə olduğu kimi, Azərbaycan etnomədəniyyətinin bəxş etdiyi interkultural iqlimdən öz mənafeləri naminə sui-istifadə ediblər. Mədəni dəyərlərimizi əxz edib mənimsədilər və bu milli dəyərlərimizi özlərinin adlarına çıxmağa başladılar. Məsələn, Azərbaycan musiqilərinin, “Sarı gəlin” və başqa milli mahnılarımızın ermənilər tərəfindən ifa olunması özü multikultural yaşamın bir inikasıdır; lakin bu milli-mənəvi dəyərləri, etnomədəniyyəti sonradan birbaşa öz adına çıxmaqla onu özəlləşdirməyə edilən cəhdlər isə həm də bir daha ermənilərin multikulturallıq amilindən də süni şəkildə bəhrələnmə hallarını açıq-aşkar göstərir. Plagiatlıqda səriştəli olan ermənilər Azərbaycan ölkəsindəki multikultural mühitdən geninə-boluna yararlanıb bu mədəni-mənəvi mirası mənimsədikdən sonra onu öz xalqlarının adına bağlamağa canfəşanlıq göstərdilər və hazırda da bu istiqamətdəki oyunbazlıqlarını davam etdirməkdədirlər.

Azərbaycan türkünün qapısı hər kəsin üzünə açıqdır, bu qapıdan gəlib-gedən qonaqlar özləri üçün nə isə apara bilərlər. Amma oradan oğurluq etmək yox, bu mədəni irsdən bəhrələnmək lazımdır. Mədəni miraslar bütün bəşəriyyət üçündür, siz də bu bəşəri irsdən qaydasınca faydalana bilərsiniz, əgər siz də bəşər övladısınızsa...

Bəli, Azərbaycan torpağı çoxmillətli bir diyardır. Zəngin florası, faunası olan vətənimiz ta əski dövrlərdən üzü bəri qonaqlı-qaralı olmuş, qapısını hər kəsin üzünə geniş açmışdır. Buraya gələn qonaqlar gördükləri xoş üzdən, isti münasibətdən, mehribanlıqdan xoşhal olmuş, “qonaq üz görən yerə” məsəlimizdə vurğulandığı kimi, burada üz gördükdə isə əbədi məskən salıb qalmışlar da. Ona görə də Azərbaycanımız tarixən müxtəlif etnik qrupların, milli azlıqların birgə, səmimi, mehriban yaşadığı bir cənnətməkana dönmüşdür. Bu səbəbdən də ölkəmiz multikulturallığın və tolerantlığın hökm sürdüyü bir məmləkət kimi dünyada seçilib tanınır.

 

Şakir ALBALIYEV,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 5.