Ölkəmizdə alman məskənləri

 

Multikulturalizm və tolerantlıq ictimaiyyət üçün yeni məfhum olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə əməl edilir: dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin  qeyd etdiyi kimi, ölkəmizdə bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın  artıq adi həyat tərzinə və dövlət siyasətinə çevrilib.

Bu bəşəri dəyərlərin Azərbaycanda həyat tərzi olması barədə fikrini bildirən dövlət başçısı  2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində deyib: “Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regiondadünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Çoxmədəniyyətli Azərbaycanda  artıq əsrlərdir ki, dinc və yanaşı, sülh və əmin-amanlıq şəraitində yaşayan xalqların nümayəndələrindən biri də almanlardır. Əlverişli coğrafi şəraitə, təbii resurslara malik ölkəmizdə çoxəsrlik multikulturalizm ənənələri də qorunub saxlanır və bu, artıq nəinki Cənubi Qafqazda, yaxud Avropada, hətta dünyada nümunəyə çevrilib. Bu təbii amillər və xalqımızın qonaqpərvərliyi sayəsində  Azərbaycan zaman-zaman azsaylı xalqların üz tutduğukönül verdiyi,  sevərəkdən məskən saldığı məkan kimi tanınır.

On doqquzuncu yüzilliyin əvvəllərində almanların da Avropadan, daha doğrusu,  Vürtemberq krallığından köç edərək, ölkəmizə pənah gətirmələrinə səbəb məhz yuxarıda söylədiyimiz amillər olub. Gələn il onların Cənubi Qafqaza, əsasən də Azərbaycana köç etmələrinin 200 ili tamam olacaq. Sözün əsl mənasında xalqımıza, vətənimizə üstünlük verərək  bizimlə birgə yaşamaq mədəniyyəti və tolerantlıq budur!

Azərbaycan, Gürcüstan və Almaniyanın təşəbbüsü ilə bu tarix UNESCO-nun yubileylər proqramında öz əksini tapıb. Həmin əlamətdar tarixi hadisənin qeyd edilməsi üçün  Azərbaycan Prezidenti İlham Əliyev 30 avqust 2016-cı ildə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.

Azərbaycan-alman xalqları arasında əlaqə və münasibətlərin kökləri çox dərinliklərdədir. 1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə imperiyanın cənubuna - Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Helenendorf (bugünkü Göygöl şəhəri) salınıb. Çox az zaman ərzində, cəmi bir ildə Qazax, Şəmkir, Tovuz, Ağstafa rayonları ərazisində almanların məskunlaşmaları üçün müxtəlif yaşayış məntəqələri (Annenfeld, Qrünfeld, Qeorqsfeld, Traunbenfeld, Eyqenfeld) yaradılıb.

Belə dinc məskunlaşmanın nəticəsində 1939-cu ilin siyahıyaalınmasında göstərilir ki, ölkəmizdə yaşayan almanların sayı 23 min nəfərdir.

Almaniya ilə keçmiş SSRİ arasında 1941-ci ildə müharibə başlayanda Azərbaycanda, ümumiyyətlə, Volqaboyu, Krım və Cənubi Qafqazda yaşayan almanların da taleyi sual altına düşüb: onları Qazaxıstan və Sibirə deportasiya ediblər.

Əlbəttə, zaman ötdükcə, xalqlar və dövlətlər arasında münasibətlər yeni müstəviyə keçdikcə öz yurdlarından, ölkələrindən uzaq düşmüş almanlar da vətənlərinə dönüblər.

Almanların Azərbaycanda məskənləri bu gün də qalmaqdadır. İki dövlətin arasındakı mövcud tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində onların Azərbaycandakı  evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri və özlərinə məxsus memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

Almanların ölkəmizdə məskunlaşmasının iki əsrlik tarixinin yubiley səviyyəsində keçirilməsi üçün  tərtib edilən layihədə “Azərbaycanda alman məskənləri” turizm marşrutunun da fəaliyyət göstərməsi istiqamətində tədbirlər planı tərtib olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq mədəni və yerli turizm marşrutları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan layihə ölkənin bu sahəsinin inkişafı üçünmühüm əhəmiyyət kəsb edir.

Almaniyanın ölkəmizdəki səfirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə  bu istiqamətdə bir sıra tədbirlər görülür. Yeni turizm  marşrutunun 2017-ci ildə adıçəkilən yubiley tədbirləri çərçivəsində təqdim edilməsi nəzərdə tutulub. Turizm marşrutuna Gəncə şəhəri ilə yanaşı, Göygöl, Şəmkir, Gədəbəy və Tovuz rayonları, eləcə də almanların ölkəmizdə tikdiyi bir sıra tarixi-mədəni abidələr, ekskursiyalar da daxildir.

Layihədə nəzərdə tutulan  tədbirlərdən biri də Azərbaycan və Gürcüstandakı alman irsi haqqında filmin çəkilməsidir. Alman rejissoru Fridhelm Brükneronun həmkarlarının  Gürcüstana və ölkəmizə bu günlərdə etdiyi səfər də bu məqsədi daşıyır. Filmin ölkəmizdə bir neçə tarixi məkanda çəkilməsi planlaşdırılıb.

Onu da qeyd edək ki, yubileylə bağlı Gədəbəydə “Simens qardaşları” muzeyinin, Göygöldə qədim alman evləri üslubunda hotelin, Alman irsi muzeyinin (2006-cı ildə Göygöldə vəfat etmiş sonuncu alman Viktor Klayın ev-muzeyi əsasında), Şəmkirdə isə alman irsi mərkəzinin yaradılması bu qəbildən olan tədbirlərdəndir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 30 oktyabr.- S. 5.