Dini ekstremizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilir

 

Oktyabrın 28-də Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyini təqdim edən Milli Məclisin Sədri Oqtay Əsədov 25 məsələnin müzakirəyə çıxarıldığını bildirdi.

İlk olaraq “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı qəbul edilmiş Paris Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin” Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihələri təsdiqləndi.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, dəyişikliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunla əlaqədardır. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən dini düşmənçilik, radikalizmya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər yeddi min manatdan doqquz min manata qədər cərimələnəcək və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum ediləcək. Həmçinin Azərbaycanda terrorçuluğu dini düşmənçilik, dini radikalizmya dini fanatizm zəminində törədənlər on dörd ildən iyirmi ilədək müddətdə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. Cinayət Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 278.2-ci maddəyə əsasən isə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün pozulmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizmya dini fanatizm zəminində törədilməsinə görə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sənədin 167-1.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma hərəkətlərinə görə beş min manatdan on min manatadək cərimə və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə isə yeniDini ekstremizm əleyhinə aparılan xüsusi əhəmiyyət zonasının hüquqi rejiminin tələblərinin pozulması” adlı 517-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Maddəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmağa maneçilik törətməyə görə fiziki şəxslər əlli manatdan səksən manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə on beş günədək inzibati həbs cəzasına məhkum ediləcəklər. Vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz manata qədər, hüquqi şəxslər isə iki min manatdan üç min manata qədər cərimələnəcəklər.

Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına girişya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq ediləcək.

Qeyd olunan cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə də tətbiq olunacaq. Məcəlləyə təklif olunan digər dəyişikliyə görə isə Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsinə və ya satılmasına görə həmin aparatlar müsadirə olunmaqla onun sahiblərinə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Deputatlardan Fazil Mustafa, Elmira Axundova, Musa Qasımlı, Qənirə PaşayevaZahid Oruc təklif olunan düzəlişlərə müsbət rəy bildirdilər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirdi ki, müstəqillik dövründən bəri Azərbaycanda 3000 nəfər xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid var, onun 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə təhsil alan həmin şəxslərdən 200 nəfəri bu məscidlərdə müxtəlif məqsədləri yerinə yetirir. Digər tərəfdən, Azərbaycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universitetində din sahəsində mütəxəssislər yetişdirilir. Ona görə də din sahəsində artıq öz mütəxəssislərimizdən istifadə etməliyik. Qanun layihələri ayrılıqda səsə qoyularaq təsdiq edildi.

İclasdaDini ekstremizmə qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırılması məqsədilə “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziyaradio yayımı haqqında”, “İctimai televiziyaradio yayımı haqqında”, “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrə də baxıldı. Hər bir qanun layihəsi qəbul edildi. Eyni məqsədlə “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif olunan dəyişikliklər də müzakirə edildi. Bildirildi ki, qanunlara dəyişikliklərə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Xüsusi əməliyyat barədə məlumatlar ictimaiyyətə əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. Həmçinin dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, yol hərəkəti və rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Deputatlardan Əflatun Amaşov, Qüdrət Həsənquliyev və Aydın Hüseynov dəyişikliklər barədə fikir bildirdilər. Qeyd edildi ki, müvafiq qanunlara təklif olunan sözügedən dəyişikliklər jurnalistlərin sərbəst informasiya toplamaq hüquqlarını məhdudlaşdırmaq kimi xarakterizə edilməməlidir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənədə əsasən məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişikliyin edilməsi nəzərdə tutulur. Bu, məhkəmə sistemində həyata keçirilən islahatlara dəstək xarakteri daşıyır. Layihə səsə qoyularaq qəbul olundu.

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, ediləcək dəyişikliyə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. Deputatlar sənədə müsbət münasibət bildirdilər.

Ziyad Səmədzadə həmçinin Vergi Məcəlləsinə və “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri barədə də məlumat verərək qeyd etdi ki, Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində və “Reklam haqqında” qanunun 32.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” sözü “maliyyə bazarlarına nəzarət orqanı” sözü ilə əvəz edilib. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Komitə sədri eyni zamanda bildirdi ki, Azərbaycan Prezidentinin təqdimatı ilə Gömrük Məcəlləsinə 13-1, 93.4 və 101.5 maddələrinin əlavə edilməsi təklif olunur. Dəyişiklikdə Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistemin tətbiqi nəzərdə tutulur. Təklif olunan maddəyə əsasən, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı buraxılış sistemləri tətbiq olunacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirəyə çıxarıldı. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən, məcəllənin bir neçə maddələri ləğv edilir. Təklif olunan dəyişikliklərə görə idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulması da ləğv olunacaq.

Sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovİdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi barədə geniş məlumat verdi. Bildirdi ki, 8 fəsil 42 maddədən ibarət qanun layihəsinin hazırlanması ilə bağlı əlaqədar qurumların mütəxəssislərindən ibarət yaradılan işçi qrupu xeyli görüb, bu sahədə mövcud beynəlxalq təcrübə yaxından öyrənilib. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.

Müzakirələr zamanı çıxış edən deputatlar Azər Badamov, Qüdrət Həsənquliyev, Aqil Abbas bunun Azərbaycan idmanına böyük töhfə verəcəyini bildirdilər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasdaKredit büroları haqqında” yeni qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verərək dedi ki, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərdəndir. Problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlılığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var. 4 fəsil, 23 maddədən ibarət olan qanun layihəsinin məqsədi fizikihüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.

Komitə sədrinin çıxışından sonra qanun layihəsi əvvəlcə fəsil-fəsil, sonra isə deputatların təklifi ilə ümumi səsə qoyularaq ikinciüçüncü oxunuşda qəbul edildi.

Gündəliyin son məsələsi isə “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi idi. Sənədlə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli geniş məlumat verdi. Bildirdi ki, qanun layihəsi 5 fəsil 24 maddədən ibarətdir və onun hazırlanmasında müasir dünya təcrübəsi nəzərə alınıb. Sənədə əsasən, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Fazil Mustafa, Tahir Rzayev, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı çıxış edərək məktəbəqədər təhsil sistemi ilə bağlı mükəmməl sənədin hazırlandığını vurğuladılar. Deputatlar eyni zamanda bəzi sual və təkliflərini də səsləndirdilər. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, ikinci oxunuş üçün bütün təkliflər nəzərdən keçiriləcək. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

 

Elgün MƏNSİMOV,

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 29 oktyabr.- S. 3.