Bəstəkar Oqtay Zülfüqarov son mənzilə yola salınıb

 

Avqustun 31-də Təzəpir məscidində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə musiqi ictimaiyyətinə üz verən bu itkinin acısını jurnalistlərlə bölüşərək deyib: “Oqtay Zülfüqarovun Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olub. O, uşaq musiqisi tarixində inqilab etmiş bəstəkardır. Uşaqları öz ətrafına yığaraq, onlara bu sənətin sirlərini öyrədirdi. Onun yetirmələri arasında bəstəkarlar da var, müğənnilər də. Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub”.

Görkəmli sənətkarın vida mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də jurnalistlərə müsahibə verib. Oqtay Zülfüqarovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı əvəzsiz xidmətlərini xatırladan nazir qeyd edib ki, onun müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilər tərəfindən sevilib və qəlblərə yol tapıb. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyət göstərən sənətkarın qəlbi hər zaman yazıb-yaratmaq eşqilə döyünürdü. Onun yaratdığı əsərləri heç zaman unudulmayacaq.

Görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 1 sentyabr.- S. 2.