Möhtəşəm “Şahmat şəhərciyi”

 

“Bakı Kristal ZalŞahmat Olimpiadasına tam hazırdır

 

“Əminəm ki, 42-ci Şahmat Olimpiadasında həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımız uğurla çıxış edərək yüksək nəticə göstərəcəklər”. Bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı mətbuat konfransında səsləndirib.

“Bakı Kristal Zalda baş tutan konfransda Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Olimpiadanın baş hakimi Faiq Həsənov da çıxış ediblər. Tədbirdə Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin müavini Yaqub Eyyubov da iştirak edib.

 

Təşkilati işlərə 500-dək könüllü cəlb edilib

 

Gənclər və idman naziri Azad Rəhimov Olimpiadaya hazırlıq prosesində Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi. Nazir Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, təşkilati işlərin peşəkarlıqla həyata keçirildiyini qeyd etdi.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov isə 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin sərəncamına əsasən, Olimpiadanın keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin bütün prosesləri yüksək səviyyədə həyata keçirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bütün aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində “Bakı Kristal Zal”ı bu mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib.

M.Məmmədov nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam sayəsində sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu söylədi. Bildirdi ki, həmin şəxslərə elə hava limanındaca 2-3 dəqiqə ərzində viza verilir. Eyni zamanda, idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləcək.

 

Olimpiada tarixində rekord göstərici

 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Bakının bu mötəbər yarışa tam hazır olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın yüksək səviyyədə evsahibliyi edəcəyi yarış bu baxımdan olimpiadalar tarixində mühüm tədbirlərdən biri olacaq. Son illər Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi ölkəyə çevrildiyini deyən E.Rüstəmov Olimpiadanın şahmat turnirləri arasında ən nüfuzlu yarış olduğunu qeyd etdi. Federasiyanın prezidenti həm kişi, həm də qadın şahmatçılarımızdan uğurlu nəticələr gözlədiyini dedi. Bildirdi ki, idmançılarımız yüksək hazırlıq prosesi keçiblər, təlim-məşq toplantılarında cidd-cəhdlə çalışıblar, həmçinin bu prosesə təcrübəli mütəxəssislər cəlb olunub. Komandalarımız üçün bütün lazimi şərait yaradılıb. Bunlarla yanaşı, idmançıların məişət problemləri də həll olunub. Şahmatda reytinq, fərdi ustalıq vacibdir. Ancaq komanda ruhu da mühüm əhəmiyyət kəsb edir. Yığma komadalarımızın potensialına uyğun nəticə gözləyirik.

Konfransda bildirildi ki, Bakının evsahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişiüç qadın komandası ilə təmsil olunacaq.

Sonra konfrans iştirakçıları jurnalistlərin suallarını cavablandırdılar.

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerlixarici media nümayəndəsi qeydiyyatdan keçib.

 

Şahmat həvəskarları həm də əylənəcək...

 

Mətbuat konfransından sonra oyunların keçiriləcəyi “Bakı Kristal Zal”ı, eləcə də onun ətrafında görülən hazırlıq işləri ilə tanış olduq. Məlum oldu ki, bura istənilən şahmat həvəskarı üçün çox cəlbedici yerdir. Ərazidə həm əylənə, həm şahmat oynaya, həm də müxtəlif milli təamlardan dada bilərsən. Bir sözlə, “Bakı Kristal Zal”ı və ərazisini müvəqqəti “Şahmat şəhərciyi” də adlandırmaq olar.

Belə ki, şahmat həvəskarları üçün nəzərdə tutulmuş pavilyonda müxtəlif guşələr quraşdırılıb. Bu guşələr “Rəqəmsal oyun texnologiyaları”ndan tutmuşUşaq şəhərciyi”nə qədər pavilyonu həm rəngarəng, həm də çox zəngin göstərir. Burada böyüklər və uşaqlar üçünVirtual oyun zonası” da yaradılıb. Zonada iki nəfər eyni anda virtual olaraq şahmat bacarığını göstərə bilər. Pavilyona uşaqla gəlmiş valideynləri də çox arxayınlıqla şəhərciyə buraxa bilərlər. Çünki orada nəzarətçi tərəfindən uşaqlara diqqət ayrılacaq.

Pavilyonda müxtəlif əl işlərindən ibarət guşələr də yer alır. “Rəsulovlar emalatxanası” adlanan guşədə milli ornamentlərlə bəzədilmiş şüşəbəndlər xüsusi diqqət çəkir. Burada oyunları bir neçə dildə şərh edən şərhçilər üçünyer ayrılıb. “Şərhçi sahəsi” adlanan bölmədə həmçinin tamaşaçılar üçün oturacaqlar da quraşdırılıb.

Oyunları təmiz havada oturub izləyənlər üçün də “Bakı Kristal Zal”ın ətrafında geniş şərait yaradılıb. Xüsusi döşəkçələr və stolların qarşısında monitorlar quraşdırılıb. Bunlar vasitəsilə, şahmat həvəskarları zala daxil olmadan da oyunları və nəticələri izləyə biləcəklər. Ərazidə “42-ci Şahmat Olimpiadasının Mağazası”, “İçkilər” və “Qəlyanaltı” kimi dükanlar da fəaliyyət göstərir. Bu baxımdan, izləyicilər müxtəlif təamlardan dadmaqla, sərinləşdirici içkilərdən içməklə bərabər, Şahmat Olimpiadasına uyğun suvenir və geyimlər də ala biləcəklər.

“Bakı Kristal Zal”ın ərazisində diqqət çəkən başqa bir bölmə isə “Azerbaijan Hospitality zonedir. Azərbaycanın qonaqpərvərlik zonası kimi təqdim olunan bu bölmədə ölkənin ayrı-ayrı bölgələrinə xas olan milli mədəniyyət nümunələri, xüsusən də təbii Azərbaycan xalçaları sərgilənir. BuradaAbşeron”, “Quba-Xaçmaz”, “Lənkəran-Astara”, “Qarabağ”, “Naxçıvan”, “Dağlıq Şirvan”, “Gəncə-Qazax” və “Şəki-Zaqatala” bölgələrinin təbiətinə, eləcə də mədəniyyətinə qiyabi ekskursiya etmiş olursan.

Yarış günləri ərzində Rusiya Federasiyasının Şahmat Muzeyi tərəfindən də sərgi keçiriləcək. Olimpiadanın tamaşaçılarına “Bakı Kristal Zalda təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan verilir. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

Beləliklə, əminliklə demək olar ki, möhtəşəm “Bakı Kristal Zalda həm idmançıların zəkalarını göstərməsi, həm də şahmat həvəskarlarının əylənməsi üçün bütün şərait yaradılıb. Sözsüz ki, məkan turistlər üçün də cəlbedicidir. Odur ki, dünya ölkələri və Azərbaycan üçün xüsusi əhəmiyyətli olan 42-ci Şahmat Olimpiadası hələ uzun illər yaddaşlarda qalacaq.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 1 sentyabr.- S. 5.