Naxçıvandakı Qarabağlar Türbə Kompleksi bərpa edilir

 

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksində bərpa işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, regionun tarixi baxımından böyük əhəmiyyət kəsb edən abidədə bərpa işlərinə bu il iyulun 15-dən start verilib.

Qarabağlar Türbə Kompleksi qoşa minarə, onların arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Aparılan işlər zamanı türbə və qoşa minarə hissələri bərpa ediləcək, bunlar arasındakı bölüm, habelə dörd təndir konservasiya olunacaq. Ötən zaman ərzində baş verən proseslər nəticəsində türbənin daha çox aşınma və dağılmaya məruz qalmış dam örtüyü hissəsinin, giriş qapılarının bərpası təmin ediləcək.

Həyata keçirilən bərpa işləri çərçivəsində kompleksin ətrafı abadlaşdırılacaq, Qarabağlar kəndinin girişindən buraya yeni yol çəkiləcək.

İş icraçısı Ziya Əliyev bu mühüm abidənin bərpasının uğurla başa çatacağına əminliyini bildirərək qeyd edib ki, muxtar respublika rəhbərinin tarixi abidələrin qorunmasına göstərdiyi böyük diqqət və qayğı, Naxçıvandakı digər tarixi əsərlərin bərpası zamanı əldə olunmuş təcrübə bunu deməyə əsas verir.

Ziya Əliyev deyib: “Tarixi abidələrin bərpası daha çox zehni tələb edir. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri Arif Əzizov və Qoçəli Əliyevin bu işlərin öhdəsindən layiqincə gələcəyinə inanırıq”.

Qarabağlar türbəsi və Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Bu gün ərsəyə gətirilən əsərlər kimi, min il əvvəl yaradılmış bütün maddi və mədəni sərvətlərimizə də sahib çıxılması, onlara qayğı göstərilməsi bugünkü iqtisadi-mədəni gücümüzün yaratdığı tarixi bir fürsətdir.

Naxçıvanda mövcud olan digər tarixi abidələr kimi, Qarabağlar türbəsi də memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizliklərlə təkcə tarixçiləri deyil, eyni zamanda hər kəsi maraqlandıran sirli bir kitabədir. Şərq tarixinin mühüm bir hissəsi olan Naxçıvanda formalaşmış qədim şəhər mədəniyyəti, burada Qarabağların yeri və əhəmiyyəti kimi sualların bir çoxunun cavabı məhz bu türbənin öyrənilməsi ilə tapıla bilər. Buna görə də “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il iyunun 4-də imzaladığı sərəncamı sahib olduğumuz tarixi zənginliklərin qorunaraq gələcək nəsillərə ötürülməsi, onların dünya mədəni irsi sırasında yer alması yolunda mühüm addımdır.

 

Azərbaycan.- 2016.- 2 sentyabr.- S. 8.