Konstitusiya islahatları insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət edir

 

Demokratik hüquqi dövlətin quruluşunun, inkişafının və hakimiyyət bölgüsü prinsipinin əsasları ölkənin Konstitusiyasında təsbit olunur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkədə demokratik, hüquqi islahatlar həyata keçirilmiş, yeni qanunlar qəbul edilmişinsan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər təsis edilmişdir.

2001-ci il 28 dekabr tarixdə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” konstitusiya qanununun qəbul olunması və bununla da ombudsman təsisatının yaradılmasının hüquqi bazasının formalaşdırılması buna əyani sübutdur.

Konstitusiya bir dinamik sənəd kimi zamanın xüsusiyyətlərinə və tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər etməklə təkmilləşdirilir. 24 avqust 2002-ci ildə birinci və 18 mart 2009-cu ildə ikinci dəfə referendum keçirilmiş və Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Həmin referendumlar nəticəsində seçki sisteminin və dövlət idarəetməsinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi və ona insan hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə sorğu vermək səlahiyyətinin genişləndirilməsi, eyni zamanda, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, uşaq hüquqlarının müdafiəsi və onun həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və s. kimi prinsipial məsələlər hüquqi həllini tapmışdır.

Təqdirəlayiq haldır ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan və şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət etmişdir.

Beləliklə də əvvəlki dövrlərdə keçirilmiş referendumlardan sonra Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosial yönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət edən təkmil qanunvericilik bazasının formalaşması, təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət idarəetmə strukturlarının yenilənməsi, yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması və digər mühüm proseslər movcud ictimai münasibətlərin daha effektiv tənzimlənməsini təmin etmək məqsədilə Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra yeni dəyişikliklərin edilməsini zərurətə çevirmişdir.

Konstitusiyada dəyişikliklərin edilməsi demokratik quruluşa malik əksər ölkələrdə tətbiq edilən mütərəqqi bir təcrübədir və bunu ictimai münasibətlərin inkişaf səviyyəsi, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi zərurəti tələb edir. Konstitusiyaya sonuncu dəyişiklikdən ötən 7 il ərzində ölkədə gedən hərtərəfli sürətli inkişafın nailiyyətləri onu təkmilləşdirmək zərurətini yenidən meydana gətirib.

Azərbaycan Respublikası Prezidentinin ölkə Konstitusiyasının 152-ci və 153-cü maddələrini rəhbər tutaraq imzaladığı 2016-cı il 18 iyul tarixli sərəncamına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2016-cı il 25 iyul tarixdə keçirilmiş iclasında ölkə Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə aşağıdakı kimi rəy vermişdir: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğundur”.

Qərarda həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Referendum Aktının layihəsində təklif edilən 981-ci maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi məqsədəmüvafiq hesab edilsin:

“II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 iyul tarixli sərəncamı ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referenduma çıxarılacaq dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə diqqəti cəlb edir.

Referendum Aktına əsasən, Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin əlavə edilməsi nəzərdə tutulur.

Referendum Aktının təhlili göstərir ki, hazırkı Konstitusiya islahatı ölkə həyatının ən müxtəlif sahələrini əhatə edir. Təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət idarəetmə strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulan dəyişikliklər bu qəbildəndir.

Nəzərdə tutulan dəyişikliklər arasında təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundanbaşqa silahlı birləşmələrdən ibarətdir.” Təbii ki, bu dəyişikliyin ölkə Konstitusiyasında belə bir məzmunda əks olunması gələcəkdə hər hansı bir qeyri-qanuni hərbi birləşmələrin yaradılması ehtimalının qarşısını almaq baxımından vacib hüquqi baza rolunu oynamış olur.

İnkişaf etmiş demokratik dövlətlərdə plüralizm və tolerantlıq münasibətləri təkmilləşdirilir, cəmiyyətin hər bir üzvünə öz hüquq və azadlıqlardan istifadə etmək üçün geniş imkanlar yaradılır. Lakin təcrübə göstərir ki, bir çox hallarda konkret şəraitdə bu hüquq və azadlıqlardan sui-istifadə olunması halları da baş verir. Yəni, müvafiq qanunvericilikdə boşluqların olması demokratik cəmiyyətin mahiyyətindən irəli gələn münbit şəraitdən neqativ məqsədlər üçün faydalanmaq təhlükəsini meydana çıxara bilər. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə “İnsan ləyaqəti qorunurona hörmət edilir” məzmunlu I hissənin, habelə III hissəyə “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsi təklif olunmuşdur.

Konstitusiyanın 25-ci maddəsinə təklif olunan dəyişikliklər hamının qanun qarşısında bərabərliyi prinsipinin daha da möhkəmləndirilməsinə etibarlı hüquqi zəmanət yaradır. Belə ki, Referendum Aktına görə Konstitusiyanın bu maddəsinin III hissəsinin birinci cümləsində “milliyyətindən” sözününetnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “millisözününetniksözü ilə əvəz edilməsi, habelə bu maddəyə “Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar” məzmunda VI hissə əlavə edilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, enerji resurslarından asılılığın minimuma endirilməsi, qeyri-neft sektorununonun mühüm prioritet sahəsi olan kənd təsərrüfatının inkişafı ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin ayrılmaz tərkib hissələrindən birini təşkil edir. Bu baxımdan 2015-ci il ölkə Prezidenti tərəfindən “Kənd təsərrüfatı ilielan edilmişdir. Bundan əlavə, iyul ayının 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 2016-cı il 10 iyul tarixli iclasında kənd təsərrüfatının inkişaf perspektivlərindən, torpaqlardan səmərəli istifadə olunmasının vacibliyindən bəhs edərək demişdir: “Bəzi hallarda torpaqlar zəbt edilib. Orada heç bir fəaliyyət göstərilmir ... Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardanyaxud da ki, digər şəxslərdən alınmalıdır və onlar insanlara verilməlidir ki, əkilib-becərilsin. Ona görə Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır.”

Dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə irəli sürdüyü Referendum Aktı layihəsində onun yuxarıda qeyd olunan mövqeyi öz hüquqi təsbitini tapmış və Konstitusiyanın 29-cu maddəsinə aşağıdakı məzmunda V və VII hissələrin əlavə edilməsi nəzərdə tutulmuşdur: “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”

Məlumdur ki, Konstitusiyanın 50-ci maddəsinin tələbinə görə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Eyni zamanda, məlumat azadlığı hüququ başqalarının hüquqqanuni mənafelərinin pozulması hesabına həyata keçirilməməli, həmin şəxslərin müvafiq qanuni vasitələrlə özünü müdafiə hüququ təmin edilməlidir. Lakin heç kəsə sirr deyildir ki, müvafiq sahədə hələ də mövcud olan müəyyən hüquqi boşluğun aradan qaldırılması zəruri idi. Belə ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədilə elektron formada və kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qanunla qadağan edilməsi həllini tapmayan hüquqi məsələlərdən biri kimi qarşıda dururdu. Referendum Aktı layihəsində Konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI, VII və VIII hissələr mahiyyət etibarı ilə müasir dövrün reallıqlarından irəli gəlir, bu sahədə mövcud hüquqi boşluğun aradan qaldırılması baxımından əhəmiyyətlidir, fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozanya mənafelərinə xələl gətirən neqativ halların aradan qaldırılmasına və hər kəsin şəxsi toxunulmazlıq hüququnun daha səmərəli təmin edilməsinə yönəlmişdir.

Əmək Məcəlləsində işçilərin tətil, işəgötürənin isə lokaut hüququ təsbit olunmuşdur. Lokaut - kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafelərini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onunya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan olunması mənasını daşıyır.

Referendum Aktı layihəsində təklif olunan dəyişikliklərdən biri də əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə əks etdirir. Buna nail olmaq məqsədlə 36-cı maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilmişdir. Maddəyə əlavə edilməsi təklif olunan IV hissəyə görə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır. Yəni, əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

Beləliklə, Referendum Aktı layihəsində təklif olunan Konstitusiyanın 47-ci maddəsinin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan” sözlərinin əlavə edilməsi, 49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə,” sözlərinin əlavə edilməsi, 53-cü maddənin I hissəsində “heç bir halda” sözlərinin çıxarılması və “vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)” sözlərinin əlavə edilməsi, 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözlərinin “seçilmək” sözü ilə əvəz edilməsi, 57-ci maddənin I hissəsinə “Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər.” məzmunda ikinci cümlənin əlavə edilməsi də mütərəqqi xarakter daşıyan dəyişikliklərdəndir.

Referendum Aktı layihəsində təklif olunan növbəti dəyişikliklərdən biri isə milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasını qadağan edən normanın ölkə Konstitusiyasının birləşmək hüququndan bəhs edən 58-ci maddəsində təsbit olunması ilə bağlıdır. Bununla əlaqədar həmin maddənin IV hissəsinin birinci cümləsinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” redaksiyasında verilməsi nəzərdə tutulur.

Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinin genişləndirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Ölkə Prezidentinin 2016-cı il 21 aprel tarixli sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günükimi qeyd edilir. Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən diqqətin məntiqi davamı olaraq Referendum Aktı layihəsində Konstitusiyanın 59-cu maddəsinə “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir” məzmununda II hissənin əlavə edilməsinin təklif olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunmalıdır ki, Referendum Aktı layihəsində Konstitusiyanın “Hüquq və azadlıqların məhkəmə təminatı” adlananmövcud variantda iki hissədən ibarət olan 60-cı maddəsinin yeni redaksiyada verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” adlandırılan həmin maddənin dörd hissədən ibarət yeni redaksiyasının I hissəsində “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir”, II hissəsində “Hər kəsin onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın”, III hissəsində “Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır”, IV hissəsində isə “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” müddəaları təsbit olunmuşdur. Təbii ki, bu dəyişiklik hər kəsin hüquq və azadlıqlarının həm məhkəmədə, həm də inzibati qaydada müdafiəsinin konstitusion təminatlarını genişləndirir.

Öz fəaliyyətində hər hansı bir səhv etmiş və özbaşınalığa yol vermiş dövlət qulluqçusunun məsuliyyət daşıması konstitusion norma səviyyəsində hüquqi təminatın verilməsi də aktual məsələlərdən biridir. Bu mənada Referendum Aktı layihəsində Konstitusiyanın “Zərərin ödənilməsini tələb etmək hüququ” adlı 68-ci maddənin adının dəyişdirilərək “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” adlandırılması və bu maddədə I və II hissələr, müvafiq olaraq II və III hissələr hesab edilməklə “I Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır”, “IV Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır” məzmunlu I və IV hissələrin əlavə edilməsi də nəzərdə tutulan əhəmiyyətli dəyişikliklərdəndir.

Dövlət tərəfindən tətbiq olunan məhdudiyyətlərin əsaslandırması, səbəbsiz və dəlilsiz tətbiq olunmaması məsələsinin konstitusion norma şəklində təsbit olunması dövlətimizin insan hüquqlarına verdiyi yüksək dəyərin ifadəsi kimi qiymətləndirilməlidir. Belə ki, Konstitusiyanın “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin II hissəsinə “Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” məzmunda üçüncü cümlənin əlavə edilməsi sözügedən hüququn daha da möhkəmləndirilməsinə yönəlmişdir.

Referendum Aktı layihəsində Konstitusiyanın Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsindən bəhs edən 89-cu maddənin I hissəsinə “bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda; deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda” məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilmişdir.

Referendum Aktı layihəsində diqqəti cəlb edən dəyişikliklərdən biriKonstitusiyaya “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması” adlı iki hissədən ibarət 981-ci maddənin əlavə edilməsi ilə bağlıdır. Həmin maddənin I hissəsinə görə Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Məlum olduğu kimi, mövcud Konstitusiyanın tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər Prezident, 30 yaşına qədər Baş nazir yaxud hakim, 25 yaşına qədər Milli Məclisin deputatı, hökumət üzvü ola bilməz. Hazırkı Referendum Aktı layihəsində isə 85, 100, 121, 126-cı maddələrə müvafiq dəyişikliklər edilməklə Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək və təyin olunmaq hüququ ilə bağlı yaş məhdudiyyətinin tamamilə aradan qaldırılması nəzərdə tutulur ki, bu da bərabərlik hüququnun təmini baxımından çox əhəmiyyətlidir.

Bir çox ölkələrdə (İtaliya, İrlandiya, İsrail, Qazaxıstan, Tacikistan, Özbəkistan və s.) prezidentlik müddətinin 5 ildən artıq olması təcrübəsi vardır. Bu isə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın qorunub saxlanılmasına xidmət edən bir faktordur. Bu baxımdan Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsini ehtiva edir.

Referendum Aktı layihəsində nəzərdə tutulan digər bir dəyişiklik isə Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə, onun səlahiyyətlərinin icrası məsələsini tənzim edən 105-ci maddə ilə bağlıdır. Təklif olunan həmin dəyişiklikliyə görə, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının birinci vitse-prezidenti, o, istefa verdikdə və ya səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin əvəz olunması qaydaları müəyyənləşmişdir.

Referendum Aktı layihəsinə əlavə edilmiş yeni maddələrdən dördü (1031, 1061, 1081, 1101-ci maddələr) dövlət idarəetmə strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə daha səmərəli idarəetmə mexanizmlərinin tələblərinə cavab verməsinə yönəlmişdir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyətinin toxunulmazlığı, habelə Azərbaycan Respublikasının birinci vitse-prezidentinin təminatı məsələləri ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Bu yüksək dövlət postlarına təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi, eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilməsi konstitusion norma olaraq təsbit olunmuşdur.

Bundan başqa, bələdiyyələrin məsuliyyəti adlanan yeni 1461-ci maddədə “Bələdiyyələrin, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” müddəası təsbit olunmuşdur.

Sonda qeyd etmək istərdim ki, xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsinin (referendumun) keçirilməsi üzrə müvafiq hazırlıq işləri görülmüşdür. Bununla bağlı əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq edilmiş, seçici siyahılarının təkmilləşdirilməsi işləri görülmüş, referendumqabağı təşviqat üçün açıq və qapalı yerlərin siyahısı müəyyən edilmiş, referendum üzrə təşviqat qruplarının qeydə alınması prosesi yekunlaşmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə bağlı Bakı şəhərində və regionlarda dairə seçki komissiyalarının sədrlərinə və üzvlərinə, məntəqə seçki komissiyalarının sədrlərinə seçki hüququ ilə bağlı ixtisaslaşdırılmış kurslar keçirilmiş, dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə təşkil olunmuşdur. Eyni zamanda, bütün seçki subyektləri, eləcə də müşahidəçilər üçün müxtəlif maarifləndirmə materialları hazırlanaraq paylanılmış, həmçinin Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların seçki hüququnun müdafiəsi və təmin edilməsinə dəstək verilməsindən ibarət olan müvəkkilin təşəbbüsü əsasında Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə işi aparılmaqdadır.

Ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq müvəkkil, aparatın və regional mərkəzlərin əməkdaşları referendum prosesini Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində təşkil olunan məntəqələrdə müstəqil olaraq müşahidə edəcəklər.

Qarşıdan gələn referendumla bağlı seçici fəallığının artırılması və səsverməyə çıxarılan məsələlərlə əlaqədar təbliğat-təşviqat işinin daha da gücləndirilməsini təklif edir və əminəm ki, bu ümumxalq səsverməsi də seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəkdir.

 

Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)

 

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 5.