Görkəmli rəssam Ucal Haqverdiyevin xatirəsi yad edilib

 

Sentyabrın 2-də Heydər Əliyev Fondunun “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin “Rəssamla görüş” layihəsi çərçivəsində təşkil olunan tədbirdə gənc rəssam Butunay Haqverdiyev atası Ucal Haqverdiyevin (1960-2004)  həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşüb. Atasının Bakıda, rəssam Həsən Haqverdiyevin ailəsində dünyaya göz açdığını bildirən Butunay Haqverdiyev deyib: “Atamın yaradıcılığı haqqında hansısa janr çərçivəsində danışmaq çox çətindir. Çünki o, daim axtarışda olub, müxtəlif sahələrlə maraqlanıb, heç vaxt boş dayanmayıb. Onun yaradıcılığında həlledici məqamlardan biri daim əhatə olunduğu aləmi öyrənməsidir. Bu prinsipə görə, rəssamın işi şəkil çəkmək deyil, ətraf aləmi öyrənməkdir. Rəsm əsəri, yaxud heykəltəraşlıq nümunəsi isə bu tədqiqatın məhsuludur. Atam deyirdi ki, bütün həyatı boyu italyan sənətkarları kimi yaratmaq istəyir. Lakin onun yaratdığı əsərlər Renessans dövrü rəssamlarının deyil, bakılı rəssam Ucal Haqverdiyevin əsərləridir”.

Butunay Haqverdiyevin çıxışı atasının əsərlərindən ibarət slaydlarla müşayiət olunub.

Ucal Haqverdiyevin qardaşı, əməkdar rəssam Hüseyn Haqverdi bildirib ki, tədbirin bu gözəl məkanda keçirilməsindən qürur duyur. O, tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. Əməkdar rəssam qeyd edib ki, qardaşının əsərləri Azərbaycan rəssamlıq tarixinin bir hissəsidir. Onları, eləcə də digər rəssamların əsərlərini qorumaq lazımdır. Hüseyn Haqverdi bu cür tədbirlərin keçirilməsinin ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Mərhum rəssamın ömür-gün yoldaşı Yelena Haqverdiyeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, Ucal Haqverdiyev mənalı həyat sürüb, bütün əsərlərini böyük məhəbbətlə yaradıb.         

Tədbir çərçivəsində həmçinin Ucal Haqverdiyevin beş əsəri (“Rozetta daşı”, “Şərq”, “Nuhun gəmisi”, “Şəki”, “Şərq rəqsi”) təqdim olunub. Qeyd edək ki, tanınmış rəssamın iki əsəri də muzeyin daimi ekspozisiyasında nümayiş etdirilir.

Ucal Haqverdiyev 1979-cu ildə Bakıda Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsini bitirib. 1987-ci ildən respublikaümumittifaq gənc rəssamların sərgilərində iştirak etməyə başlayıb. 1988-1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olub, akademiyanın hesabat sərgilərində iştirak edib. 1992-1998-ci illərdə Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.Labirintqrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə “Labirintqrupunun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib.

Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş etdirilib.

 

Azərbaycan.- 2016.- 3 sentyabr.- S. 6.