Tarixi yaşadan Şəki

 

Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınır. Şəki xanlarının sarayı, qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlardandır. Şəhərin özünəməxsusluğunun qorunub saxlanması, tarix-mədəniyyət abidələrinin bərpası, yeni infrastruktur layihələrin həyata keçirilməsi Şəkiyə turist axınına səbəb olan başlıca amillərdəndir.

Yay aylarında yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidəsi mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid dairəvi məbəd, xalq tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri, Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini özünə cəlb edir. Turistlərə xidmət göstərmək üçün Xan sarayının yaxınlığında, qədim qala divarları ilə əhatələnmiş geniş yaşıllıq ərazidə bu mövsümdən etibarən asudə vaxt və istirahət guşəsi də fəaliyyət göstərir. Turistlər qədim dövrləri xatırladan fotoatelyedə milli geyimlərlə fotolar çəkdirir, xüsusi çadır-söhbətgahlarda dincəlir, samovar çayına qonaq olurlar. Ərazidə uşaqlar üçün müxtəlif attraksionlar da quraşdırılıb.

 

Film çəkilişləri üçün ideal məkan

 

Şəki şəhər “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verdi ki, bura nadir tarixi məkanlardandır. Qoruq spesifik xüsusiyyətinə görə daha çox təbliğ olunur. Mövcud olanlarla yanaşı, 2013-cü ildən qoruq ərazisində 210 ədəd park, o cümlədən dini əhəmiyyətli müəssisələr, dükan, mülk və memarlıq üslubuna görə seçilən onlarla yeni abidə aşkar edilib. Bu abidələr əsasən XVIII-XX əsrləri əhatə edir. Ən vacibi isə qoruğun ərazisində 8 muzeyin olmasıdır. Şəki xan sarayı və Şəki xanlarının evi tarixi abidə kimi fəaliyyət göstərir. Bunlardan başqa, tarix-diyarşünaslıq, xalq tətbiqi sənəti muzeyləri, M.F.Axundzadənin, Rəşid bəy Əfəndiyevin, Sabit Rəhmanın ev-muzeyləri və s. göstərilə bilər. Bütün qeyd olunanlara isə Şəkinin təbiəti, onun landşaftı, mətbəxi, qonaqpərvərliyi də əlavə edildikdə artıq kompleks tamamlanmış olur.

Qoruğun əhəmiyyətini artıran amillərdən biri də “Mahmud və Məryəm”, “Əli və Nino”, “Arxadan vurulan zərbə”, “Arşın mal alan”, “Papaq”, “O dünyadan salam”, “Həm ziyarət, həm ticarət”, “Hökmdarın taleyi”, “Babamın babasının babası”, “Yenilməz batalyon” və “Aşıq Qərib” kimi filmlərin məhz burada çəkilməsidir.

Təranə Abdullayeva deyir ki, bu gün ölkəmizdə insanların rahat istirahəti, asudə nəfəs alması üçün hərtərəfli şərait, xüsusən də siyasi sabitlik var. Ona görə də hazırda Şəkiyə gələn turistlərin sayı gündən-günə artmaqdadır. Bu hal yay aylarında daha çox müşahidə olunur. Ümumilikdə isə il ərzində Şəkini ziyarət edən turistlərin sayı təxminən 50 min nəfəri keçir.

Bura gələn turistlərin ziyarətləri heç də yalnız tarixi abidələrə baxmaq və mətbəxdəki təamları dadmaqla bitmir. Paralel olaraq onlar ekskursiya müddəti başa çatdıqdan sonra özlərinə qoruq ərazisində kiçik turlar təşkil edirlər. Məlum olduğu kimi, müasir dövrdə turistlərin tələbatları daha böyükdür. Onlar daha çox görmək və məlumatlanmaq istəyirlər. Bu baxımdan Şəkinin qorunan ərazisində bitib-tükənməyən, zənginliyi ilə seçilən sərvət hər kəsi, o cümlədən də turistləri cəlb edir. Bulaqlar, istirahət yerləri, şəxsi evlər, hotellərin olması da qonaqların istirahətinin mənalı keçirməsinə şərait yaradır. O cümlədən burada əlverişli infrastrukturun yaradılması da daim dövlətin diqqət mərkəzindədir.

 

Uçub-dağılan tarixi abidələrin intibah dövrünə start verilir

 

1990-cı illərə qədər Şəkidə olan onlarla tarixi abidə uçub-dağılmaq təhlükəsi ilə üzləşmişdi. Lakin 2001-ci ildən başlayaraq bu istiqamətdə köklü dəyişikliklərə start verilib. Beləliklə də dövlətin birbaşa dəstəyi sayəsində onlarla abidə orijinallığı saxlanılmaqla bərpa edilməyə başlanıb. Bu da həmin məxəzlərin bəşər mədəniyyəti nümunələri arasında yer almasına şərait yaradıb. Bunlardan 2002-2004-cü illərdə dünya əhəmiyyətli Şəki xan sarayı, M.F.Axundzadənin ev-muzeyi, Aşağı karvansara, Qala divarlarının restavrasiyası artıq yekunlaşmaqdadır. Burcana çayı üzərində XVIII əsrə aid olan, Çələbi xan tərəfindən inşa etdirilmiş dördtağlı körpü də tam yenidən qurulub. Minarələrin bərpa və restavrasiyası da bu qəbildəndir. Şəki xanlarının tam uçmaq təhlükəsi altında olan evi 2013-cü ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa olunub. Prezident İlham Əliyev də həmin abidənin açılışında iştirak edib. Şəhərə gələn turistlərin çoxu xanlığın “Qış evi”nə də gedir və buradakı ekspozisiyalara maraq göstərirlər.

 

Beynəlxalq festivallar Şəkinin cəlbediciliyini daha da artırır

 

T.Abdullayeva bildirdi ki, əvvəlki illərlə müqayisədə Şəkiyə gələn xarici turistlərin sayında artım müşahidə edilməkdədir. Bu artım xüsusi olaraq ərəb ölkələrindən, Rusiya Federasiyasından, İrandan gələnlər hesabına baş verib. Çələbi xanın tikdirdiyi Qala divarları ərazisi turistlərin ən çox sevdikləri məkanlardandır. Hər gün saat 11-13 radələrində ərazidə turistlərin asudə vaxtlarının mənalı keçirməsi üçün kənd klubları, mədəniyyət evləri, folklor qrupları tərəfindən təşkil edilən əyləncəli proqramlar da hər kəsin ürəyindən xəbər verir.

Ümumilikdə isə Şəkinin xarici qonaqlar üçün cəlbediciliyini artıran amillərdən biri də burada il ərzində təxminən 7-8 dəfə müxtəlif mövzulu beynəlxalq festivalların keçirilməsidir. Bura səfər edənlər arasında dəvətli olanlarla bərabər şəxsi istəyilə gələnlər də var. Bu da turist artımına müsbət təsir edir.

Şəki yalnız tarixi memarlıq abidələri ilə deyil, həm də maddi və mənəvi mədəniyyətimizi yaşatması ilə seçilir. Hazırda Şəkidə 27 sənət növü sənətkarlar tərəfindən inkişaf etdirilir. Bunlara nümunə olaraq şəbəkə, ağac üzərində, daş üzərində oymalar, zərgərlik, gümüşbəndi, şalbəndi, dabbaqlıq, papaqçılıq, halvaçılıq, kəlağayıçılıq, dulusçuluq və başqaları göstərilə bilər. Maraq doğuranı isə gələn turistlərin suvenir formasında olan Şəki sənətkarlıq nümunələrinə, halvaya, kəlağayıya maraq göstərmələridir.

 

Turizmin inkişafı Şəki sakinlərinin yaşam tərzini yaxşılaşdırır

 

Turist axını Şəki sakinlərinin sosial həyatına da təsir edir. Belə ki, Şəkiyə gələn turistlərin çoxu dəbdəbəli hotellərdənsə milli adət-ənənəsini, təbiiliyini qoruyub saxlayan qonaq evlərinə daha çox üstünlük verirlər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 47 ədəd belə ev var. Onlar da turistləri qəbul edirlər. Turistlər həmin evin xanımının hazırladığı təamı dadır, çarpayı üzərində yatmaqdansa, adətə görə, yerdə yatmağa üstünlük verirlər. Xüsusən də hazırda istifadəsinə daha çox üstünlük verilən yataq dəstlərindənsə yerli əhalinin ta qədimdən istifadə etdiyi yorğan-döşəyi istəyirlər. Bundan başqa, yüzə yaxın aş növündən bir neçəsini dadmağa üstünlük verirlər. Piti isə Şəkinin mətbəx brendi kimi tanınır.

Üstün amillərdən biri də Şəkinin həm rəsmi, həm də sıravi vətəndaşlarının turistlərə xüsusi həssaslıqla yanaşmalarıdır. Bu da insanların maraqlarının daha da artmasına təkan verir.

 

Mədəni irs siyahısında yeri görünən məkan

 

Bu gün turizm obyektlərinə gələn insanların qarşılanması, onlara izahatlar verilməsi baxımından qoruq yüksəkixtisaslı kadrlarla təmin olunub. Ekskursiyalar əsasən ingilis dilində aparılsa da, 5 bələdçinin hərəsi 4-5 dil bilir. Hətta italyan, ispan dilində sərbəst danışanlar da var.

Müsahibimiz rəhbərlik etdiyi strukturla bağlı maraqlı bir məqama da toxunaraq bunları dedi: - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Mədəni İrs siyahısına daxil edilməsi nəzərdə tutulur. Azərbaycanın milli-mənəvi dəyərlərinin dünya səviyyəsində tanınmasında müstəsna xidmətləri olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən bu prosesə start verilib. O zaman Şəkiyə gələn UNESCO-nun mütəxəssisinə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında geniş məlumat verilmiş və onda yalnız Şəki xan sarayının siyahıya salınması təklif edilmişdi. 2011-ci ildə isə baş mütəxəssis Yuko Yukuletto 3 dəfə Şəkidə olub. Hərtərəfli tanışlıqdan sonra o, belə bir yerdə, Azərbaycanın əyalətində mədəni irsin qorunub saxlanılmasının əlamətdar hal olduğunu deyib. Ona görə də o, tək Xan sarayı yox, ümumiyyətlə, qoruğun Mədəni İrs siyahısına salınmasını təklif edib. Proses hazırda da davam etdirilir. Cari ilin iyul ayının 4-8 tarixlərində UNESCO-dan 1 nümayəndə ərazidə olub. O, ümumi ərazi və qoruğun bu ilin aprelində təsdiqlənmiş xəritəsi ilə tanışlıqdan sonra belə bir möhtəşəm yerin UNESCO-nun siyahısına düşməməsindən təəccübünü gizlətməyib.

 

İki əsrlik məhəllə adları hələ də qalır

 

Son illər qoruqda aşkarlanan tarixi abidələrdən çoxu yaşayış evləridir. Onların da sahibləri zamanında varlı insanlar olublar. Sovet hakimiyyəti qurulandan sonra isə çoxu həbs edilib və ya mühacir həyatı sürməli olub. Onların övladları isə xarici ölkələrdə yaşayırlar. Evləri əsasən bərbad vəziyyətdədir. Halbuki XVIII-XIX əsrlərə aid olan bu evlərin bərpası çox vacibdir. Qoruq ərazisində Girəkli adlanan məhəllə var. Orada “Səmədovların evləri” deyilən üçmərtəbəli bir mülk var. Belə sahibsiz mülklər isə onlarladır. Həmin mülkün varislərindən biri olan Həmid Səmədov artıq tapılıb. O, binanın dam örtüyünü bərpa etməyə söz verib. Hazırda sənədləşmə gedir.

Şəkidə maraq doğuran məqamlardan biri də XVII-XVIII əsrlərə aid olan məhəllələrin indiki halda da bu adla qalmasıdır. Bunlara dabbaqlar, ipəkçilər, dulusçular və sair məhəllələr nümunə göstərilə bilər.

Cari ilin yanvar ayının 19-da ölkə Prezidenti İlham Əliyevin Şəki şəhərinin tarixi hissəsinin qorunması sərəncamı da bu məkana insan axınına, o cümlədən marağın yüksəlməsinə təkan verir. Sərəncamda deyilir: “Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində hazırda çox sayda məscid və minarələr, karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi əhəmiyyətli digər tikililər var. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin geniş vüsət alması regionun turizm potensialını daha da artırmış, eyni zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması səbəbindən qoruq ərazisində aparılan işlərə xüsusi həssaslıqla yanaşılması zərurəti meydana çıxmışdır”.

Həmin sərəncamda eyni zamanda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis-kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri kimi mühüm məsələlər əksini tapıb.

 

Xarici turistlərin Şəki haqqında təəssüratları yüksəkdir

 

Qoruq ərazisində olarkən burada qarşılaşdığımız xarici turistlərin Şəki ilə bağlı təəssüratlarını da almağa çalışdıq. İlk növbədə Aleksandro Barbiyeri fikirlərini bildirdi: “Biz İtaliyadanıq. 10 gündür Azərbaycana gəlmişik. 3 gün Bakıda olduqdan sonra bölgələrə çıxmışıq. Gəzib gördüklərimiz arasında bu saraylar ən yaxşı qorunub saxlananlardır. Şəki Xan sarayı və Karvansara daha çox xoşumuza gəlib. İtalyandilli bələdçilərin olmasından da məmnun qaldıq”.

Digər italiyalı turist Françesko Ferrari də Azərbaycanda olmaqdan məmnunluğunu gizlətmədi. Xüsusən də insanların qonaqpərvərliyi, dediyinə görə, onu məftun edib.

ABŞ-dan gələn turist Poll Lakiy də bizimlə fikirlərini bölüşdü: “Azərbaycanda bir neçə dəfə olsam da, Şəkiyə ilk gəlişimdir. Ailəmlə birgə burdayıq. Ətraf - dağlar, meşələr və bu möhtəşəmliyin işərisində qədim Xan sarayı bizə başqa bir dünyanı xatırlatdı. Doğrusu, indiyə qədər Şəkiyə gəlməməyimdən təəssüflənirəm. Burada bizi çox mehriban və isti qarşıladılar. Dostlar qazandıq. Qonaqpərvərliyə görə minnətdarıq”.

Misir Ərəb Respublkasından gələn turist Piter Mixeil də Şəki təəssüratlarını bölüşərək dedi: “Şəki qədim və tarixi abidələri, məhəllə və dar küçələri ilə mənə öz ölkəmizin tarixi məkanlarını xatırlatsa da, buranın flora və faunası müqayisəyəgəlməzdir. Xüsusən də Xan sarayı dünyanın ən möhtəşəm abidələrindən birincisidir. Hara getdiksə, orada qonaqpərvərlik, insan qayğısı gördük”.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2016.- 7 sentyabr.- S. 7.