Sədərək rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib

 

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda rayonun 40 sakininin 267 rəsm və əl işinin satışı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin uğurla həyata keçirildiyi vurğulanıb.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, bu gün qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi sahədə fəal iştirak edir, onların əməyi yüksək qiymətləndirilir. Sədərək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar da öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, 2015-ci ilin oktyabr ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil edilən sərgi-satışda iştirak edən Ali Məclisin Sədri belə sərgilərin hazırlanmasını yüksək dəyərləndirib və müvafiq tapşırıqlar verib. Verilən tapşırığa uyğun olaraq cari ilin ötən dövründə muxtar respublikanın rayon mərkəzlərində bu səpkidə sərgilər keçirilib. Sədərək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır.

İstedadlı qadınlardan Tahirə Qasımova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Sədərək rayonunun qadınları adından minnətdarlıq edib.

Sərgi-satışda sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

 

Azərbaycan.- 2016.- 8 sentyabr.- S. 6.