Səfirlər Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıblar

 

Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas LastauskasLatviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Naxçıvan şəhərində muxtar respublikanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıblar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarət zamanı ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.

Naxçıvan Dövlət Xalça Muzeyində isə bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Naxçıvanın iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zilicecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə imkan verib. Hazırda muzeydə 3 mindən çox eksponat vardır ki, bunlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir.

Pribaltikalı diplomatlar daha sonra Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıblar. Məlumat verilib ki, sərgidə muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “ZümrüdKiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər ortakiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.

Qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət ediblər. Naxçıvanqala ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Sonra qonaqlar kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər.

Qeyd edək ki, diplomatların muxtar respublikaya səfəri davam edir.

 

Azərbaycan.- 2016.- 10 sentyabr.- S. 5.