ABŞ səfiri: Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var

 

Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti məni heyran etdi, bu diyarın böyük turizm potensialına malik olmasına dair məndə əminlik yarandı. Batabat yaylağının gözəl ecazkar təbiətinin qorunub saxlanılması bu baxımdan da böyük əhəmiyyət kəsb edir. Burada ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Robert Sekuta deyib.

Səfir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində burada faydalı görüşlər keçirməkdən, muxtar respublikanın tarixi abidələri, eyni zamanda, füsunkar təbiəti ilə tanış olmaqdan məmnundur. O deyib: “Biz Şahbuz Dövlət Təbiət Qoruğunda da olduq. Qoruğa gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Xüsusən qeyd etmək istərdim ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq insanda xoş təəssürat yaradır. Qoruq barədə ətraflı məlumat verildi. Buna görə minnətdaram. Qoruq ərazisindəki göldə olan Üzən ada, Zorbulaq ətrafdakı təbiət mənzərələri özünün cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır. Düşünürəm ki, Naxçıvanın təbiət mənzərələri gözəlliyi ilə seçilən Azərbaycanın vacib bir hissəsidir. Muxtar respublika heyranedici təbiət mənzərələri ilə zəngindir”.

ABŞ səfiri qeyd edib ki, insanla təbiət qırılmaz tellərlə bir-birinə bağlıdır bu bağlılıq çox vacibdir. Ona görə təbiətin, ətraf mühitin qorunması böyük əhəmiyyət kəsb edir. Onun qorunması ümumi evimiz olan Yer kürəsinin qorunması deməkdir. Çünki dövlətlərin sərhədləri olsa da, təbiətin sərhədi yoxdur. Bu məsələ həmrəylik, birlik tələb edir. Təbiətin mühafizəsi hökumət nümayəndələri ilə cəmiyyət arasında olan sıx əməkdaşlıq qarşılıqlı anlayış, ümumi məqsədlərə çatmaq naminə birgə səylər tələb edir. Yalnız bu şəkildə təbiətin qorunması uğurla həyata keçirilə bilər. Çox gözəl haldır ki, Naxçıvanda biz bunu müşahidə etdik.

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çeşidli məhsullarla tanış olduğunu da qeyd edən Robert Sekuta bildirib ki, Naxçıvanda fəaliyyəti bərpa edilmiş yeni qurulmuş müəssisələrdə istehsalın artırılması, idxalın yerli istehsal hesabına əvəzlənməsi istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. Xüsusən də neft qiymətlərinin dünya bazarında aşağı olduğu bir dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Muxtar respublikada yeni müəssisələrin yaradılması bu baxımdan əhəmiyyətlidir.

Diplomat deyib: Biz Azərbaycan Respublikası ilə, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə demokratiyanın inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı sahələrində, həmçinin təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq. Bu gün onlarla azərbaycanlı təhsil mübadiləsi proqramından faydalanaraq Amerikada təhsil alıb. Biz bununla kifayətlənə bilmərik. Həm Azərbaycandan Birləşmiş Ştatlara, həm də Birləşmiş Ştatlardan Azərbaycana gələn insanların sayının artmasını, turizmin inkişaf etdirilməsini istəyirik”.

Səfərindən məmnun qaldığını vurğulayan səfir muxtar respublikada qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə etdiyini diqqətə çatdırıb. “Naxçıvandan xoş təəssüratlarla ayrılıram və ümid edirəm ki, muxtar respublikaya yenə səfərə gələcəyəm”, – deyə Robert Sekuta bildirib.

 

Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 2.