Elektron kitabxanalar oxu mədəniyyətinin inkişafında mühüm vasitədir

 

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.

Heydər ƏLİYEV

Ədəbi-bədii nümunələrin toplusu olan kitab əvəzsiz sərvətlərdəndir. Avestadan yol başlayan kitab müxtəlif ictimai-siyasi formasiyalarda insanın yaxın dostuna çevrilibsə, demək, onun bundan sonra da qəlblərə yol tapacağına şübhə yoxdur. Zaman keçdikcə, digər sahələrdə elmi-texniki tərəqqi özünü göstərdiyi kimi, kitab aləmində də dəyişikliklər, yeniləşmələr qaçılmaz olub. Nəhayət, artıq aktuallığı ilə diqqəti cəlb edən, ənənəviliyə əsaslanan elektron kitabxanalar da bu sahənin son nailiyyətlərindəndir.

Müstəqilliyin bərpasından sonrakı dövr ərzində bu sahədə də inkişaf özünü müəyyən formada göstərməkdədir. Kitabxanaların elektron formata keçməsi məhz onun inkişaf göstəricilərindən biridir. Bu gün internetin xidmət şəbəkələrinin genişliyi sosial-mədəni sahənin də elektronlaşdırılmasını zərurətə çevirib. Kitabxanaların elektron sistemə keçməsinin mahiyyəti də məhz bundadır. Deməliyik ki, milli mənəvi dəyərlərimizin təkcə qorunub gələcək nəsillərə çatdırılmasında deyil, eyni zamanda onların beynəlxalq aləmə təqdim edilməsində də elektron kitabxanaların böyük rolu var. Prezident İlham Əliyevin 20 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında və Azərbaycanda kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı mühüm tədbirlərin həyata keçirilməsi məqsədilə atılmış addımlardandır. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının da bu istiqamətdə fəaliyyəti nümunəvi sayılır. Oxucular bu kitabxanaların elektron kataloqu vasitəsilə onlara lazım olan ədəbiyyat barədə məlumat almaqla yanaşı, mətnləri birbaşa oxumaq imkanı da əldə edə bilirlər. Bir sözlə, kitabxanaların oxucularla daha operativ əlaqə qurulmasında da bu xidmətin əvəzi yoxdur.

Elektron kitabxanaların yaradılması və şəbəkələrinin genişləndirilməsi ənənəvilikdən müasirliyədək keçən bir dövrü əhatə edir. Kitabxanalarda elektron kataloqların yaradılması bibliometriya, bibliomininq kimi elmi problemlərin həlli, elektron kitabxana resurslarının menecmentinin təşkili, xidmətlərdən istifadə üçün elektron kreditlərin (tələbə və aspirantlara) verilməsi, qarşılıqlı elektron kitab mübadiləsi kimi mühüm məsələlərin həllində yalnız vasitəçi deyil.

Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Bu sənədlərin bir qismi kitabxananın mülkiyyətidir və mərkəzləşmiş formada elektron kitabxananın veb serverlərində toplanıb. Eləcə də o, ənənəvi ədəbiyyatın elektron nüsxələrindən və kitabxana tərəfindən ödənişli və ya mübadilə üsulu ilə alınan elektron sənəd və nəşr toplusundan ibarətdir. Uzaq məsafədə yerləşən ehtiyatlara BDU-nun elmi kitabxanası tərəfindən lisenziya - istifadə hüququ verilir. Bura istifadə edilmiş tammətnli məlumat bazaları, eləcə də dəqiqliyinə və etibarlığına zəmanət verilən istifadə üçün açıq internet ehtiyatları da aiddir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü deyir ki, ən mühüm vəzifələrdən biri də ölkənin böyük kitabxanalarının elektron kataloqunun müasir standartlar səviyyəsində qurulmasıdır: Çünki bu, onların dünya informasiya məkanına inteqrasiyasında mühüm vasitədir. Məhz elektron kataloq kitabxanada saxlanılan müxtəlif tip mənbələrin keyfiyyətli və sürətli axtarışını, biblioqrafik sorğuların cavablandırılmasını təmin edir. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərkibində İnformasiya Resursları Mərkəzi fəaliyyət göstərir. Onu informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana kimi də xarakterizə edə bilərik.

Bu il sentyabrın 30-da oxucuların istifadəsinə verilməsinin bir ilini qeyd edəcək AMEA-nın Mərkəzi Elmi Kitabxanası hər gün yenilənən və bununla da zənginləşən elektron resurslara malikdir ki, bu da müxtəlif mənbələrdən əldə edilir. Bunların əsası isə Mərkəzi Elmi Kitabxananın müvafiq bölməsi tərəfindən rəqəmsallaşdırılan resurslar, xarici mənbələrdən abunə və beynəlxalq mübadilə yolu ilə əldə edilən elektron bazalardır.

Şöbə müdirinin sözlərinə görə, bu gün ən mühüm vəzifələrdən birifondun elektron kataloqunun müasir standartlar səviyyəsində qurulmasıdır. Çünki bu, onların dünya informasiya məkanına inteqrasiya olmasında mühüm vasitədir. Məhz elektron kataloq kitabxanada saxlanılan müxtəlif tip mənbələrin keyfiyyətli və sürətli axtarışını, biblioqrafik sorğuların cavablandırılmasını təmin edir: MEK-də fəaliyyət göstərən İnformasiya Resursları Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyası tərkibində informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana-informasiya sistemidir. Fəaliyyəti elektronlaşdırılan Mərkəzi Elmi Kitabxananın məqsədi Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin, eləcə də müstəqilliyin bərpasından sonrakı illərdə qazanılan siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərin təbliğ edilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, mövcud vahidlərinin toplanıb saxlanılması, istifadəçilərə təqdim olunmasıdır.

Bu ilin mart ayından etibarən MEK-də müxtəlif adda, çoxlu sayda kitab rəqəmsallaşdırılıb. Nadir fondun 870-ə yaxın kitab və materialları, 2500 ədəd avtoreferatdissertasiya, 100-ə yaxın müxtəlif mövzuda jurnalın elektron versiyası tərtib edilib. Eləcə də ulu öndər Heydər Əliyev, Cəfər Cabbarlı, Səməd Vurğun, Vəli Axundov, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Əliağa Vahid, Mikayıl Useynov, Georq Xəzai, Mirzə İbrahimov, Abbas Zamanov, Yevgeni Aleksandroviç Belyayev, Paxomovun kolleksiyasına aid 600-ə qədər kitab da rəqəmsallaşdırılıb. Təbii ki, elektronlaşdırma prosesi fasiləsiz olaraq davam etdirilir. Bazada yerləşdirilən elektron resurslar tam şəkildə oxucuların istifadəsinə verilib.

Tarixi-mədəni, ədəbi-bədii, eləcə də elmi-fəlsəfi irsin qorunub saxlanması kimi mühüm vəzifələri yerinə yetirən kitabxanaların da son illər elektron vasitələrdən yararlanması təbiidir. Ölkəmizdə 12 mindən artıq müxtəlif tipli kitabxananın mövcudluğu bir daha göstərir ki, adıçəkilən sahəyə dövlətin qayğısı böyükdür. Bu, eyni zamanda ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması, müasir tələblərə cavab verən texnologiyaproqram təminatlarının ödənilməsində özünü göstərir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 11 sentyabr.- S. 5.