Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.

Səfir Onno Kervers fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Onno Kervers etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Niderland arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu əlaqələri daha da genişləndirmək niyyətindədir. Niderland Krallığının Baş naziri Mark Rütte ilə beynəlxalq tədbirlər zamanı görüşünü xatırlayan Prezident İlham Əliyev bu ölkənin nazirlərinin digər rəsmi şəxslərinin böyük nümayəndə heyətləri ilə Azərbaycana səfərlərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, mühüm layihələr həyata keçirdiklərini qeyd etdi. Niderland Krallığının Avropa İttifaqının vacib üzvü kimi Avropa məsələlərində mühüm rol oynadığını deyən Prezident İlham Əliyev həm ikitərəfli, həm Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlərin mövcud olduğunu bildirdi, bu əlaqələrin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğuladı. Dövlətimizin başçısı səfir Onno Kerversin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə, iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafının gələcəkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi.

Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın ölkəmizə Azərbaycan xalqına ən xoş arzularını çatdıran səfir Onno Kervers ölkələrimiz arasında nisbətən qısa müddət ərzində qurulan əlaqələrin dinamik inkişaf etdiyini dedi. Daha sonra səfir Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirdi. Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəal işlər gördüyünü deyən Onno Kervers enerji, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğuladı.

Prezident İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Niderland Kralına çatdırmağı xahiş etdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 3.