Heydər Əliyev Fondu təhsillə bağlı layihələri uğurla həyata keçirir

 

Azərbaycanda elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, milli-mənəvi dəyərlərin dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun xüsusi əməyi var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm və zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim diqqət və qayğı ilə yanaşaraq bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir. Ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri fond uğurla gerçəkləşdirir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü və xeyirxahlığı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, dövlət başçısı İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz layiqli töhfəsini verir.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən respublikamızın ən ucqar regionlarında müasir tələblərə cavab verən məktəb binaları tikilib istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması və digər sahələrdə uğurlar qazanılıb. İlk addımlar 2005-ci ildə atılıb: 100, 200 və 240 şagird yerlik 132 məktəb tikilərək istifadəyə verilib. Həmin proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı surətdə bərpa olunub. Fondun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə bağlı ictimaiyyətə ünvanladığı əməkdaşlıq çağırışı böyük rəğbətlə qarşılanıb.

Müasir informasiya texnologiyalarının tətbiqi sahəsində BMT-nin İnkişaf Proqramı ilə fond arasında imzalanmış saziş də təhsilin inkişafına böyük töhfə verib. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olanların informasiyakommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılıb. Ölkəmizdə yaşayan 320 min nəfər əlilin 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Bu qəbildən olanların cəmiyyətə qovuşması, onların informasiya kommunikasiyaları vasitəsilə bilik və məlumat alma imkanları xeyli genişləndirilib. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən tədbirlər uşaq eviinternat məktəblərində mövcud olan problemləri aradan qaldırıb. Həmçinin uşaq müəssisələri əsaslı şəkildə təmir edilib, texniki vasitələrlə təmin olunub.

Tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəblərin əyani vəsait və dərs ləvazimatları ilə təmin olunması diqqətdə saxlanılıb. Hər il keçirilən silsilə aksiyalar təhsil sahəsində qarşıya çıxan bəzi problemlərin aradan qaldırılmasında öz müsbət təsirini göstərib. 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrinin ilk dəfə məktəbə qədəm qoyan uşaqlarına məktəbli çantaları və dərs ləvazimatı fond tərəfindən hədiyyə olunur.

Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəbləri” layihələri çərçivəsində son 10 ildə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa işləri aparılıb, müasir avadanlıqlarla təchiz edilib.

Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə ölkənin 60-dək məktəbində 10-cu siniflərdə dörd istiqamət üzrə 176 təmayül sinif fəaliyyət göstərir. İstedadlı şagirdlərin aşkar olunması və onların potensialının inkişaf etdirilməsi məqsədilə də ciddi tədbirlər görülür. Bu baxımdan fənn olimpiadaları və bilik yarışları xüsusi əhəmiyyət kəsb edir. Təkcə bir il ərzində 25 minə yaxın şagird respublika fənn olimpiadalarında iştirak edib. Bunun da nəticəsində yeniyetmələr dünya fənn olimpiadalarında gümüşbürünc medallar qazanıblar. Dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadasının paytaxt Bakıda keçirilməsi, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasının isə ölkəmizdə təşkil olunacağı heç də təsadüfi deyil. Bu, əlbəttə, həm də o deməkdir ki, artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da evsahibliyi edir.

Fondun layihələri arasında məktəbəqədər yaşlılar da diqqətdən kənarda qalmayıb. Tovuzdakı 7 saylı körpələr evi-uşaq bağçası, Balakən şəhərinin Məhəmməd Əsədov küçəsində yerləşən uşaq bağçası və Şəkidəki 16 saylı 100 yerlik uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilərək bu il istifadəyə verilib.

Heydər Əliyev Fondunun təhsilin inkişafına qayğısının coğrafiyası son vaxtlar daha da genişlənib. Fond Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il böyük yardım göstərib. Rusiyada fəaliyyət göstərən Azərbaycan məktəblərinə olan qayğı davamlı və müntəzəm xarakter daşıyıb. 2007-ci ildə Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi fondun dəstəyindən yetərincə faydalanıb. Bu məktəbə də kompüter dəsti ilə yanaşı, dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb Heydər Əliyev Fondunun köməyi ilə yenidən tikilərək şagirdlərin ixtiyarına verilib. Məktəbin bütün avadanlıqları fond tərəfindən hədiyyə olunub.

Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların müntəzəm reallaşması Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşdurmaq məqsədi daşıyır.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 5.