Kiçikyaşlı uşaqların təhsilinə dövlət qayğısı artırılır

 

Prezident İlham Əliyevin ölkəmizdə elm və təhsilin, xüsusilə də ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, Bakı və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir, hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir. Məktəblər müasir texnolojı avadanlıqlarla təmin edilir. Bununla da dövlət başçısının, eləcə də bu işlərə böyük dəstək verən Heydər Əliyev Fondunun daimi qayğısı sayəsində ölkə gənclərinin keyfiyyətli ümumi təhsil alması üçün lazımi şərait yaradılır.

Bunun bariz nümunələrindən biri kimi ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbə hazırlığının dövlət hesabına təşkili artıq reallaşıb. Belə ki, 2016-cı ilin iyul ayında Azərbaycan hökuməti bu barədə xüsusi qərar qəbul edib, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişikliklər olunub. Beləliklə, 2016-2017-ci dərs ilindən etibarən dövlət ümumtəhsil məktəblərində 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları yaradılacaqdır. Bu proses mərhələlərlə davam etdiriləcəkdir. 2020-ci ilədək uşaqların məktəbə hazırlıq təhsili ilə əhatəsinin 90 faizə çatdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, qruplarda uşaqların sıxlığı qəsəbə və kənd yerləri üçün - ən azı 10 uşaq, şəhər məktəbləri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilib. Məktəbə hazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduğu halda, məktəbə hazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı ilə təşkil olunur. Məktəbə hazırlıq qruplarına qəbul üçün məktəbin direktorunun adına ərizə, uşağın mübadilə vərəqəsi, doğum haqqında şəhadətnamənin surəti və uşağın 3x4 ölçüdə 2 ədəd foto şəkli tələb olunur. Qərara görə, məktəbə hazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Həm də dərs ili iki yarım ilə bölünür: I yarım il - 1 oktyabr - 26 yanvar; II yarım il - 1 fevral - 31 may. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar); 5 gün əlavə tətil (1-5 may).

Aparılan islahatların icrası ilə əlaqədar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda məktəbəqədər təhsilin qarşısında ciddi vəzifələr qoyulmuşdur. Sözügedən qanunda deyilir ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fizikipsixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev bu sahədə xeyli işlər görüldüyünü və işlərin davam etdiyini bildirir. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə çoxlu uşaq bağçaları tikilib, təmir olunub və istifadəyə verilib. O cümlədən, Təhsil Nazirliyi bu sahədə mühüm addımlar atıb. Deputat onu da bildirib ki, məktəbə hazırlıqla bağlı hüquqi bazanın formallaşdırılması üçün Elm və təhsil komitəsi tərəfindən işçi qrupu yaradılıb, bu qrupa Təhsil Nazirliyinin nümayəndələri, ekspertlər, eləcə də deputatlar cəlb olunub: “Artıq işçi layihə hazırdır və sənəd işçi qrupu ilə müzakirə olunub. Ümid edirik ki, payız sessiyasının ilk iclaslarında bu layihəni müzakirəyə çıxaracağıq”.

Azərbaycanda təhsilin inkişaf strategiyasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən kifayət qədər böyük işlər görüldüyünü deyən Bəxtiyar Əliyevin sözlərinə görə, yeni sənədə əsasən məktəbəqədər təhsil təkcə 5 yaşlıları əhatə etməyəcək. Yəni, bu, bütövlükdə məktəbəqədər uşaqların hamısını əhatə edən sənəddir: “Bilirsiniz ki, uşaq bağçalarında kiçik yaş qrupları var. Bu yaş qruplarında uşaqların qabiliyyətlərinin inkişaf etdirilməsi lazımdır. Əgər o yaş dövründə buna kifayət qədər fikir verilməsə, sonradan inkişaf etdirilməsi çətindir. Burda yük heç də bütünlüklə məktəbin üzərinə qoyulmur. Ailənin üzərinə də yük düşür. Çünki uşaq ilk tərbiyəni ailədən alır. Günün sonuna qədər də bu tərbiyə prosesi davam edir. Bu da uşağın sosiallaşmasına təsir edir”. B.Əliyevin sözlərinə görə, bütün məktəbəqədər uşaq müəssisələrini əhatə edəcək layihəni hazırlamaq üçün Azərbaycanda aparılan işlər ümumiləşdirilməklə yanaşı, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də öyrənilib:Bu məsələlərin hamısı qanun layihəsində yığcam şəkildə öz əksini tapıb. Məktəbəqədər təhsil və uşaqların hazırlığı, onların həm fiziki, həm də psixi cəhətdən sağlamlığı, eyni zamanda, məktəb proqramını ciddi mənimsəməsi, ən başlıcası, müstəqil şəxsiyyət kimi formalaşması əsas məsələlərdir”.

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin üzərində Təhsil Nazirliyinin əməkdaşları və ekspertlərlə birgə ciddi aparılır, layihənin ilkin variantı artıq hazırdır. İlkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq.

Sənəddə göstərilir ki, məktəbəqədər təhsil müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların təlim-tərbiyəsi vəzifəsini yerinə yetirəcəkdir. Bu müəssisələrin son məqsədi uşaqları məktəb təliminə hazırlamaqdır. Qanunda göstərilir ki, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin qeyd etdiyi kimi, qanunda bunun nəzərə alınmasına səbəb odur ki, uşağın təhsilinin sonralar nə dərəcədə müvəffəqiyyətlə gedəcəyi məhz bu başlanğıcdan asılıdır. Məktəbə hazırlığın əsas məqsədi isə beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın əsas vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə psixoloji cəhətdən uğurlu adaptasiya olunması üçün onlarda həyati bacarıqlarının formalaşdırılmasıdır.

Azərbaycanda dövlət məktəblərində açılacaq pulsuz məktəbə hazırlıq kurslarına uşaqların qoyulması tamamilə könüllü olacaq. Belə ki, hər bir valideyn özü övladının məktəbə hazırlığa cəlb olunmasına dair qərar verə bilər. Valideyn belə bir qərar verdiyi təqdirdə, o, dövlət tərəfindən lazımi qayğıyla əhatə olunacaq.

Məktəbəqədər təhsili ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsi hesab edən təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, “Azərbycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəqədər təhsilə hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olduğu qeyd edilib. Burada məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi ölkə üzrə 90 faizə çatdırılsın.

Təcrübəli pedaqoqların fikrincə, yeni layihənin icrası nəticəsində məktəbəqədər təhsilin əhatə dairəsi, kəmiyyət və keyfiyyət göstəriciləri mövcud səviyyədən bir neçə dəfə artıq olacaqbuna maraq yüksək olacaq. Nazirlər Kabinetinin “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərarını Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bunun vaxtında verilən qərar olduğunubu qərarın təhsilin keyfiyyətinə olduqca müsbət təsir edəcəyini bildirir: “Çünki qərar ibtidai təhsilə yönəlib və məktəbə hazırlığın təşkili ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Eyni zamanda, təhsil qanunu da əsas prinsiplərdən biri kimi ibtidai təhsildə uşaqların bərabər şəraitdə təhsil almasına şərait yaradır. Bununla bağlı bütün lazımı işlər vaxtında görüləcək və müəyyən təşkilati işlər yüksək səviyyədə həyata keçiriləcək”.

Bu qərar ilk olaraq 2011-ci ildə doğulan və hazırda 5 yaşı olan uşaqlara şamil olunub. Bununla bağlı rayonlara müəyyən tapşırıqlar verilibilk mərhələdə qrupların hansı məktəblərdə təşkil olunacağı, hansı müəllimlərin dərs keçəcəyi müəyyənləşdirilib: Hökumətin qərarı ilə artıq məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına təşkil ediləcək məktəbə hazırlıq qrupları şagirdlərin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Bütün ölkəni əhatə edəcək bu qruplar Azərbaycan və rus bölməsində olacaqdır.

Bu günlərdə Təhsil Nazirliyində yeni işə qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə keçirilən müşavirədə təhsil naziri Mikayıl Cabbarov xüsusi vurğulamışdır ki, müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətinin əsasını təşkil edir. Nazir onu da məxsusi diqqətə çatdırmışdır ki, bu il tətbiq edilən yeniliklərdən biri də məktəbəqədər hazırlıq qruplarının təşkilidir. Verilən qərara əsasən, məktəblərin bazasında 1 illik məktəbəqədər hazırlıq qruplarının təşkili həyata keçirilir. Bu, sözsüz ki, uşaqların məktəbəqədər hazırlıqla əhatə olunma səviyyəsinin yüksəlməsinə müsbət təsir edəcəkdir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2016.- 15 sentyabr.- S. 5.