Mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam

 

Azərbaycan minilliklər boyu müxtəlif xalqların, fərqli inanclara məxsus insanların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı ölkə olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və xoşbəxt hiss edir. Ölkəmizdə azsaylı xalqların hüquqları hər zaman qorunubonlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi özündə ehtiva edir.

Təqribən iki yüz il bundan əvvəl Rusiyanın ayrı-ayrı vilayətlərindən insanlar müxtəlif səbəblər üzündən öz doğma yurd-yuvalarını tərk edərək Xəzər dənizi sahili boyunca məskunlaşmışlar. Bu səbəblər əsasən yoxsulluq, məhsuldar torpaqların çatışmazlığı ilə əlaqədar olmuşdur. Müəyyən zaman kəsiyində bu gəlmələrin bir hissəsi Lənkəran qəzasında da özünə məskən salmışdır. Lənkəranın subtropik iqlimi, bərəkətli münbit torpağı, Talış dağlarının həmişəyaşıl meşələrinin yaşayış üçün həyati əhəmiyyət kəsb edən zəngin florası və Xəzərdə dənizçiliyin inkişafı bu diyara pənah gətirən ailələrin yaxşı yaşamasına əlverişli şərait yaratmışdı. Gəlmələrin məskunlaşdıqları bu ərazidə onların dini etiqadlarının və adət-ənənələrinin qorunub saxlanmasına və ayinlərin icrasına yerli əhali və təşkilatlar tərəfindən heç bir təzyiq olmamışdır. Tarixən Lənkəran Azərbaycan adlı gözəl bir ölkənin mədəniyyət mərkəzi olmuşdur. Burada yaşayan müxtəlif etnik qrupların zaman keçdikcə öz mədəniyyətlərinin inkişaf etdirilməsinə şəraitin yaradılması da elə bu məsələdən qaynaqlanmışdır. Lənkəran şəhəri həm də xarici dövlətlə sərhəd zonada yerləşdiyindən burada müəyyən postlar, hərbi hissələr və sərhəd dəstələri yerləşmişdir. İllər öncə bu hərbi hissələrdə çalışanların böyük əksəriyyətini ruslar təşkil etdiyindən Lənkəranda rus xalqının çoxlu nümayəndəsi yaşayırdı. Bu ailələr yerli insanlara və adət-ənənələrə uyğunlaşmışdılar. Keçən əsrin 90-cı illərinin məlum hadisələri, hakimiyyətdə baş verən dəyişikliklər şəhərdən müəyyən qədər hərbçilərin getməsi ilə nəticələndi. Lakin burada özlərinə yaşayış quran ruslar Lənkəranı tərk etmədilər. Əsrin axırlarınadək ictimai-siyasi proseslər və ölkədə yaranan xaos biziçox narahat edirdi. Yalnız 1993-cü ildə böyük şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bütün Azərbaycan xalqı kimi, bu torpaqda yaşayan rusların da həyatına rahatlıq gətirdi.

Bizim qismətimizə eyni zamanda bir çox tarixi proseslərin şahidi olmaq düşmüşdür. Biz 1990-cı ildə baş verən 20 Yanvar faciəsinin, Dağlıq Qarabağda törədilən faciələrin şahidi olduq, bir əsrdən digər əsrə addımladıq, Azərbaycanın xilaskarı ilə bir həyatı paylaşdıq və onu son mənzilə ürək ağrısı ilə yola saldıq. Bu gün özümüzü şanslı hesab edirik, çünki Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin qurduğu müstəqil məmləkətdə yaşayırıq və ölkəmizə rəhbərliyi onun siyasi estafetinin layiqli davamçısına etibar etmişik.

Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda gözəl bir ab-havanın hökm sürməsi, bütün xalqların öz dillərinin inkişafına şərait yaradılması, müxtəlif dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etmələri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanbu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu sayılmalıdır. Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Daha dəqiq desək, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yaşayan digər millətlərə də eyni qayğı göstərir.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında etdiyi çıxışında söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırıb. Bu kəlam Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan verib. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Dini dözümlülüketnik bərabərliyi əks edən tolerantlıq Azərbaycanda tarixən mövcud olmuşdur. Azərbaycanın timsalında dözümlülük və bərabərlik həm də dini konfessiyaların və etnik qrupların birgə mövcudluğu, əməkdaşlığı və bərabər imkanları üçün qarşılıqlı hörmət və münasibətlər sistemi olaraq qəbul edilir. Bir sözlə, müasir Azərbaycan modeli həm dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə əks edir.

Mənim anadan olduğum, ilk təhsil aldığım və işlədiyim yer Lənkəran şəhəridir. Yaşadığım illər ərzində hər zaman Lənkəran şəhərinin rəhbərliyi tərəfindən burada yaşayan ruslara böyük diqqət, hörmət və ehtiramın şahidi olmuşam. Bu ənənə davam etdirilir.

Mən də fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam.

 

Lidiya KORYAGİNA,

Lənkəran rus icmasının sədri

 

Azərbaycan.- 2016.- 16 sentyabr.- S.7.