“Made in Azerbaijan” brendi xarici bazarlarda artıq etimad qazanır

 

İqtisadiyyatın bütün sahələrinin davamlı inkişaf etdirilməsi həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi qarşıda dayanan prioritet vəzifələrdəndir.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Yeni iqtisadi şəraitə uyğun olaraq, makroiqtisadi göstəricilərin davamlığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illər qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur.

Sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə şərtlənir. Bu zərurət ilk növbədə Azərbaycanın hələ sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafında kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Ulu öndər Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Sənayenin inkişafı ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində də xüsusi diqqət mərkəzində olmuş, bu sahənin problemlərinin həlli ilə bağlı xüsusi strategiya hazırlanaraq icra olunmuşdur. Sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasına uzunömürlü baza yaradan iqtisadi islahatlara start verilmiş, 1995-ci ildən başlayaraq sənayedə inkişaf sürəti qeydə alınmışdır.

Qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. 2009-cu il 14 aprel tarixli “Xüsusi iqtisadi zonalar haqqında” qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir ki, ölkənin qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda sənayenin perspektivli təmayüllərinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılacaq.

Azərbaycan sənayeləşmənin əsas mərkəzi rayonları kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsini genişləndirməyi əsas hədəf seçmişdir. Hazırda onlarca adda və çox qiymətli, yüksək keyfiyyətli sənaye məhsullarını dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni sənaye və kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin sənaye məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir. Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir. Qeyd edək ki, qeyri-neft sənayesi 2,4, kənd təsərrüfatı isə 3,1 faiz artıb.

Dövlət başçısının 24 aprel 2013-cü il tarixli fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, habelə onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılmışdır. Həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir.

Prezident İlham Əliyev cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərə geniş toxunub: “Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir. Mən iri layihələr arasında, əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaq. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək”.

Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 7 şirkətə rezident statusu verilmişdir. Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, plastik qabların, avtomobil şinlərinin, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata alınmışdır.

Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib və hazırda dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti və üç sərnişin gəmisinin tikintisi aparılır. “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən “Xankəndi” sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. Gəminin tikintisi üzrə işlərin 80 faizdən çox hissəsi başa çatdırılıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək başa çatdırılacaq.

Mingəçevir Sənaye Parkı tekstil sahəsində fəaliyyət göstərəcək və hazırda parkın təşkili işləri davam etdirilir. Tikintisi başa çatmaqda olan Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Masallıda Azərbaycanda sayca ikinci olan sənaye zonası yaradılır. Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, ölkəmizin çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədilə dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər görülür.

Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmi, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı işlər həyata keçirilir. Həmçinin ixrac məlumat bazasının (elektron portal) formalaşdırılması da nəzərdə tutulub.

Ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının artırılmasına imkan yaradacaq və daha böyük iqtisadi dividendlərin əldə olunmasına gətirib çıxaracaq. Azərbaycanda dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin aparılması qeyri-neft sektorunun sürətlə inkişafına stimul verəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 18 sentyabr.- S.  6.