Azərbaycan muğamı dünyada şöhrət tapıb

 

18  sentyabr Milli Musiqi Günüdür

 

Azərbaycan xalqı öz folklorunu, milli-professional musiqisini qoruyaraq bu günlərə gətirib çıxara bilmişdir. İstər mif, istər əfsanə və nağıllar, istərsə də dini ədəbiyyat sahəsində öz folklor zənginliyi ilə seçilən xalqımız milli musiqi sahəsində də dünya mədəniyyətinə nadir nümunələr bəxş etmişdir. Muğam sənəti də bu nümunələrdən biri və bəlkə də birincisidir.

Muğamın daxilində həm musiqi, həm poeziya, həm ifaçılıq, həm də digər incə məqam və keyfiyyətlər mövcuddur. Muğam sənətinin görünən və birinci olaraq nəzərə çarpan tərəfi onun poetik mətnidir. Bəzən musiqi ilə poeziya muğam ifaçılığında paralel əhəmiyyətə malik olur və bizcə, elə ən doğrusu da budur. Çünki muğam ifaçılığını bu qədər dərin və çoxcəhətli edən də onun fəlsəfi mahiyyəti, sözə, mənaya olan bariz ehtiyac və dinləyici-tamaşaçı ilə ünsiyyət yaradan qarşılıqlı məfkurə prosesidir. Muğam sənətinin belə əbədiyaşar və fundamental bazaya sahib olmasında onun ifa keyfiyyətlərinin və fəlsəfi mahiyyətinin rolu böyükdür.

Azərbaycan muğamı, Şərq muğamının bir parçasıdır. Bu fikri bütün musiqişünaslar, şərqşünas və ədəbiyyatçılar dəfələrlə vurğulamışlar. Ümumiyyətlə, Ümumşərq kontekstindən kənarda muğam sənəti deyilən bir şey yoxdur. Yaxın və Orta Şərq adlandırılan coğrafi məkanda yaşayan hər bir xalq öz muğamını yaratmışdır. Çünki həqiqətən də nə qədər ümumi keyfiyyətlərə, bəzən də tam qapalı və sərt qanunauyğunluqlara malik olsa da, muğam ifaçılığı hər bir xalqın, hətta eyni xalqa mənsub olan müxtəlif bölgə mədəniyyətlərinin timsalında fərqli üslublara və keyfiyyət dəyişikliyinə malikdir.

Azərbaycan muğamının keçdiyi yola nəzər salsaq görərik ki, hər bir xalqda olduğu kimi, bizdə də yerli, etnikdaha konservativ milli cəhətlər bu sənətə sirayət etmişdir. Bu, normal bir haldır və muğam daşıyıcısı olan bütün xalqlarda mövcuddur. Bu hal təkcə muğam sənətinə deyil, ümumbəşəri mənaya və sferaya malik, sonradan ayrı-ayrı xalqların mədəni irsinə çevrilən bütün incəsənət növlərinə xasdır.

Bizim muğam sənətinin formalaşmasında və ən əsası, milliləşməsində təbii ki, Azərbaycan türklərinin daha qədim və spesifik sənət növlərinin müdaxilə və təsiri böyük olmuşdur. Bunlardan ən əsası ozan-aşıq sənətidir ki, məhz Azərbaycan muğamının özünəməxsusluğu və zənginliyini təmin edən ünsürlərdən biri hesab olunur. Belə ki, “Şikəstə” və “Zərb” muğamları kimi nadir və çətin musiqi nümunələri Azərbaycan muğamına məhz aşıq sənətindən gəlmədir. Başqa bir fakt da ondan ibarətdir ki, Şərq muğamları içərisində özünəməxsus yeri olanSegah” muğamının Azərbaycandakı əsası tamamilə başqadır. Bu da aşıq musiqisindən gələn yanıqlı Azərbaycan segahıdır.

Azərbaycan muğam ifaçılığı əsasən XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən daha da inkişaf etməyə başlamışdır. Qeyd etdiyimiz kimi, muğam sənətinin Azərbaycanda formalaşmasının tarixi qədimdir. XIX əsrin sonlarından başlayaraq Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məhəmmədhəsən, Cabbar Qaryağdıoğlu, Keştazlı Həşim, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski kimi azman sənətkarların ifası və uzun illər ərzindəki fədakar fəaliyyəti məhz Azərbaycan muğamının formalaşmasında, təkmilləşməsində böyük rol oynayıb. Bu arada təkcə xanəndəlik sənəti deyil, instrumental muğam ifaçılığı və müşayiət sənəti də öz sözünü demişdir. Azərbaycan tarı və kamançası da muğam ifaçılığının ayrılmaz hissəsi olaraq öz fəaliyyəti ilə bu müqəddəs amala xidmət etmişdir. Əsəd oğlu Mirzə Sadıq (Sadıqcan), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Bəhram Mansurov, Habil Əliyev kimi sənətkarların instrumental müşayiət və solo ifaları xanəndəlik sənətinə güclü təkan olmuş, onun daha da irəli gedib, texniki və bədii cəhətdən təkmilləşməsinə rəvac vermişdir.

Həmin dövrdə yaranıb formalaşmağa başlayan Azərbaycan bəstəkarlıq məktəbi də elə muğam sənətinə borcludur. Belə ki, 1908-ci ildə tamaşaya qoyulan Şərqin ilk operası - “Leyli və Məcnun”u dahi bəstəkar Üzeyir bəy Hacıbəyli məhz muğam üzərində yazmışdır. Bu opera və özündən sonra davam edən həmin nəsil sənət əsərləri, yəni, konkret olaraq, operalarımız məhz muğam operalarıdır. 1940-ci illərdən başlayaraqböyük bəstəkarımız Fikrət Əmirovun “Şur” və “Kürd Ovşarı” adlı əsərləri ilə dünya klassik musiqisinə yeni bir janr olaraq daxil olan simfonik muğamlar da Azərbaycan və ümumiyyətlə, Şərq muğamlarının nə qədər möhtəşəm və sirli-sehrli bir sənət abidəsi olduğunu göstərir. Keçən əsrin 70-ci illərindən isə dahi puanoçu və bəstəkar Vaqif Mustafazadənin timsalında yeni bir musiqi janrı yarandı ki, bu da caz muğam janrıdır. Maraqlı cəhət orasıdır ki, bu yeniliklər və klassik sənət möcüzələri məhz bizim sənətkarlar tərəfindən yaradılmışdır. Bu da Azərbaycan muğamının və xalqımizın bu sənət nümunəsinə olan bağlılığının bariz göstəricisidir.

Sonrakı dövrlərdə Azərbaycan xanəndəlik sənətində Xan Şuşinski, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Ağabala Abdullayev, Arif Babayev, İslam Rzayev, Alim Qasımov kimi korifey sənətkarlarımız muğamımıza yeni-yeni nəfəslər gətirmiş, təzə xallar, guşələr əlavə etmiş, onu təravətləndirərək estetik cəhətdən daha zövqlü və gözəl etmişlər. Əlbəttə, muğam ilk növbədə, bir ifaçılıq sənətidir. Yəni, elmi araşdırmalardan, fəlsəfi bazanın tədqiqindən öncə bu sənətin yaşaması üçün ifaçılara, özü də mükəmməl, professioanal ifaçılara olan ehtiyac danılmazdır. Bu baxımdan Azərbaycan muğamının, necə deyərlər, bəxti gətirib: bu sənət dünyası yeni-yeni ifaçıların, müqtədir sənətkarların yetişib, formalaşma prosesi ilə zənginləşməkdədir.

Muğam sənətinin inkişaf yolu, təbii ki, heçhamar olmayıb. Sovetlər dövrünün ilk illərində bu sənətə qarşı bir özgə-ögeylik prinsipləri meydan sulayırdı. Keçən əsrin 30-cu illərində baş qaldıran vulqar sosiologiyanın ideoloji maşını muğam sənətindən də yan keçməmişdir. Azərbaycan muğamı geriliyin təmsilçisi sayılmış, tarımıza qarşı mətbuatda və hətta o zamankı partiya rəhbərliyi səviyyəsində keçirilən plenumiclaslarda hücumlar olmuşdur. Lakin özünü açıq təhlükəyə atan Üzeyir bəy Hacıbəyli, Mikayıl Müşfiq, Əhməd Cavad kimi ziyalılarımız bu təhdidlərin qarşısında mərdliklə dayanmış və muğamın məhv olmasına, tarixin arxivinə atılmasına imkan verməmişlər. Onların fədakar əməyi sayəsində Yaxın və Orta Şərqin bu incisi Azərbaycanda öz həyatını davam etdirmiş və çətin sınaqlardan keçərək, günümüzə qədər gəlib çıxmışdır.

Keçən əsrin 70-ci illlərindən başlayaraq, daha doğrusu, məhz ümummilli lider Heydər Əliyevin o zaman siyasi hakimiyyətə gəlişi ilə hər sahədə olduğu kimi, muğam sənətində də canlanma və cəsarət meyarları aşkara çıxmağa başladı. Radio, televiziya, geniş konsert salonları muğam ifaçıları ilə dolub-boşaldı. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində muğam sənətini yaşadan korifey sənətkarlara fəxri adlar verildi, onlar önə çəkildi və uzun illər ərzində muğamata olan yad və həqarət dolu münasibət ortadan qalxdı. Bir zamanlar geriçilik, orta əsrlərin təbliğatı kimi qələmə verilən və az qala, məhv edilən qəzəlxanların şeirləri məhz Azırbaycan muğam ifaçılarının sayəsində xalqın dilində əzbər oldu. İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Məhəmmədhüseyn Şəhriyar, Əliağa Vahid kimi divan ədəbiyyatı klassiklərinin incə və dərin məzmunlu qəzəlləri muğam xanəndəliyi vasitəsilə sanki yenidən özünə əbədi həyat vəsiqəsi qazandı.

Azərbaycan muğamının bu günkü vəziyyətinə nəzər salsaq görərik ki, bəlkə də tarixin heç bir dönəmində bu sənət növü indiki qədər dəyərli olmayıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxilixarici siyasət nəticəsində Azərbaycan muğam sənəti həm ölkə daxilində, həm onun hüdudlarından uzaqlarda yayılır və şöhrət tapır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğam sənətinə olan məhəbbəti, diqqət və qayğısı sayəsində muğamımız UNESCO-nun Mədəni İrs Siyahısına salınıb.

Azərbaycan muğamının bugünkü həyatı işıqlı olduğu kimi, gələcəyi də parlaqdır.

 

Mənsum İBRAHİMOV,

xalq artisti, professor

 

Azərbaycan.- 2016.- 18 sentyabr.- S. 8.