İlham Əliyev Sarkisyana növbəti dərs verdi

 

Azərbaycan diplomatiyasının aktivinə Bişkekdə daha bir xal yazıldı

 

Ölkəmizə qarşı erməni təxribatlarının qarşısının alınması istiqamətində atılan addımlar artıq düşmən yalanlarının dünyada qəbul olunmaması, əksinə, belə yalanların ermənilərin özlərinin pis duruma düşməsi ilə nəticələnməkdədir. Azərbaycan diplomatiyasının çevik manevrləri, əsl həqiqətlərin nədən ibarət olması ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması səpkisində görülən işlər artıq yeni bir situasiyanın yaranmasına səbəb olub. İndi erməni lobbisinin cəfəngləri, rəsmi Yerevanın uydurduğu yalanlar daha beynəlxalq miqyasda qəbul olunmur.

İşğalçı ölkənin rəhbərlərinin yalanları isə onların özlərini hər dəfə gülünc duruma salır, dedikləri sadəcə istehza ilə qarşılanır. Azərbaycan tərəfi hər dəfə ermənilərin yalanlarına konkret arqumentlərlə cavab verərək onları yerlərində otuzdurur.

Necə ki, MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan yerində oturulduğu kimi.

Xatırladaq ki, Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı iclasda Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib. Prezident İlham Əliyev isə dərhal Ermənistan dövlət başçısına tutarlı və sərt cavab verib, onun yalanlarını bir daha faş edib. Prezident İlham Əliyev bildirib: “Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdanona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”.

Görünən odur ki, Serj Sarkisyan hələ də reallıqla barışmaq niyyətində deyil. Əksinə, mövcud Ermənistan hakimiyyəti destruktiv mövqe nümayiş etdirərək ölkəsini daha böyük problemlər burulğanına sürükləyir, işğalçılıq niyyətini açıq bəyan etməklə region ölkələri ilə münasibətlərini daha da pisləşdirir. Azərbaycan ərazilərinin işğalına görə növbəti dəfə sərt tənqidlərlə üzləşən Serj Sarkisyan hələ də lazımi nəticələr çıxara bilmir, əksinə, qeyri-konstruktiv mövqeyindən geri çəkilmək niyyətlərində olmadığını yenidən nümayiş etdirir.

Prezident İlham Əliyev beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara münasibət bildirərək bu məsələyə də kifayət qədər sərt və tutarlı cavab verib: “Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymurkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir... Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim. Mən yalana artıq cavab verdim”.

Aprel döyüşlərinin Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizə qarşı silahlı təxribatı nəticəsində baş verdiyiniyaddan çıxaran” Sarkisyan bu cavabla yenidən pərt duruma düşmüş oldu. Onun cəfəngiyyat dolu çıxışı növbəti dəfə istehsza ilə qarşılandı. MDB Dövlət Başçıları Şurasının Sammiti kimi yüksək səviyyəli bir tədbirdə Ermənistanın işğalçı siyasətinin ifşası və Dağlıq Qarabağ münaqişəsinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə indiyə qədər öz həllini tapmadığı növbəti dəfə aydın surətdə nümayiş olundu.

Dünya birliyi bununla növbəti dəfə əmin oldu ki, Ermənistan işğalçı siyasətindən hələ də əl çəkmək niyyətində deyil. Elə bu səbəbdən Ermənistanın beynəlxalq hüquq normalarına və digər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşması üçün bu ölkəyə dünya birliyi səviyyəsində təzyiqlər edilməsinin vacibliyi yenidən əsas şərtlərdən biri kimi meydana çıxır.

Sözün əsl mənasında boşboğazlıq edən Ermənistan dövlət başçısı nəzərə almamışdı ki, onun qarşısında dövrünün böyük siyasətçisi olan Prezident İlham Əliyev, eləcə də Qarabağ həqiqətlərini artıq çox dəqiq bilən dövlət və hökumət başçıları var. Məhz bu yanlışlığı Sarkisyana yenə baha başa gəldi və Azərbaycan diplomatiyasının aktivinə daha bir xal yazıldı.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2016.- 20 sentyabr.-S. 1.