İlham Əliyev qızıl”ın qara günlərinə son qoyur

 

Bərdəlilər pambıqçılıqda əvvəlki şöhrəti qaytarmaq əzmindədirlər

 

Pambıq bu yerlərin başqa heç nə ilə müqayisə edilməsi mümkün olmayan əvəzsiz sərvətidir. Dövlət üçün strateji məhsul, kəndli üçün firavan dolanışıq, əsas gəlir mənbəyidir. Adını “ qızıl” qoyduqları pambığın araya-ərsəyə gələnə kimi boyunu sevər, nazını çəkər, bolluğu uğrunda hər əziyyətə qatlaşıb alın təri axıdar, şəninə şeirlər yazıb, nəğmələr qoşardılar.

30-40 il əvvəl Azərbaycan kəndinin mənzərəsi beləydi. O zaman respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev pambıqçılıq rayonlarını qarış-qarış gəzməkdən yorulmaz, əmək qəhrəmanları ilə tarlalarda unudulmaz görüşlər keçirərdi. “ qızıl” qızıl əllərin bəhrəsidir - deyən Heydər Əliyev bölgələrə hər səfəri ilə pambıqçıları həvəsə gətirər, onları yeni-yeni əmək xariqələri yaratmağa ruhlandırardı.

Torpağı münbit, suyu bol, insanları əməksever və işgüzar olan Bərdə o dövrdə respublikanın pambıqçılıq mərkəzlərindən sayılırdı. Bərdəyə 14 dəfə səfər edən Heydər Əliyevin bu bərəkətli diyara fərqli münasibəti də məhz bundan qaynaqlanırdı. Ulu öndər o dövrdə Bərdənin əmək qabaqcıllarını şəxsən tanıyır, onların hər birinə xüsusi qayğı və diqqət göstərirdi. O vaxtlar Bərdənin adı dillər əzbəriydi, şöhrəti elləri dolaşırdı. Payız olanda bərəkətli düzlərin barı-bəhəri aşıb-daşır, pambıq tayaları silsilə dağlar kimi cərgələnirdi. Məhsul o qədər bol olurdu ki, pambıq tədarükü məntəqələrinin həyətində taya qurmağa yer də tapılmırdı...

İllər ötdü, zaman dəyişdi. Respublikaya rəhbərlik naşı və səriştəsiz siyasət dəllallarının əlinə keçdi. Ölkəni xaos bürüdü, idarəetmə özfəaliyyətə çevrildi, uzun illər ərzində böyük zəhmət bahasına formalaşmış istehsal münasibətləri alt-üst edildi, digər sahələr kimi kənd təsərrüfatı başlı-başına buraxıldı, pambığa da sovet dövrünün mirası kimi ögey münasibət göstərildi. Beləcə kəndlinin əlini işdən soyutdular. Torpağa arxa çevirən kənd camaatı “Allaha pənah” - deyib zamana ümid bağladı. Çox keçmədi ki, ən böyük hakim olan zamanın hökmü yenidən kəndlinin üzünü güldürdü. Xalqın təkidi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev yenilməz siyasi iradəsi və müdrikliyi ilə yavaş-yavaş hər şeyi yerbəyer etdi. Xalqın öləziyən inamı özünə qayıtdı, solan ümidləri yenidən tumurcuqladı. Ulu öndərin uğurla həyata keçirdiyi torpaq islahatı ilə sanki Azərbaycan kəndlisinin üzünə günəş doğdu. Torpağa qayıdış kəndlinin dövlətdən asılılığına son qoydu, onun əriyib itən qürurunu yavaş-yavaş özünə qaytardı. Ürəyi təpərli, qolu qüvvətli kəndli minbir həvəslə əkin-biçin işlərinə başladı.

Respublika Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi bu gün kənd təsərrüfatının idarə edilməsində də Heydər Əliyev kursuna yenilməz sədaqət nümayiş etdirir. Aqrar sahəni müasir tələblər səviyyəsində inkişaf etdirmək üçün torpaq mülkiyyətçilərinə verilən davamlı dövlət dəstəyi indi kəndlinin təknəsini bol çörəkli etmiş, onu torpağa daha möhkəm tellərlə bağlamışdır. Dövlət başçısının pambıqçılığı inkişaf etdirmək, bu sahədə itirilmiş şöhrəti yenidən qaytarmaq barədəki çağırışı bu gün bütün bölgələrdə birmənalı şəkildə razılıqla qarşılanır. Sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında Prezident İlham Əliyev demişdir: “2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm də dövlətə böyük xeyri olacaq”.

Dövlət başçısının bu aydın mövqeyi, dövlətin iqtisadi qüdrətinin daha da artmasına, xalqın həyat firavanlığının təmin edilməsinə hesablanan səmərəli fəaliyyəti ölkəmizin hər yerində olduğu kimi qızıl” diyarı olan Bərdədə də hədsiz razılıq və minnətdarlıqla qarşılanır. Prezidentin Sabirabadda keçirilən müşavirədki nitqində 2016-cı ilin pambıqçılığın inkişafında həlledici il olacağını bəyan etməsi, sözün həqiqi mənasında, Bərdədə əsl bayram əhvali-ruhiyyəsi yaratmışdır.

Əlbəttə, bu, təsadüfü deyil. Uzun illər boyu pambıqçılıq rayonda əsas gəlir mənbəyi kimi formalaşmışdı. Məhz bu sahədən götürülən gəlirlə ailələr özlərinə mişar daşından geniş, işıqlı və rahat evlər tikiblər, gəlin köçürdüyü qızlarına bahalı cehiz veriblər, oğullarına təmtəraqlı toy ediblər. Minik avtomobili almağın müşkül olduğu bir zamanda minlərlə rayon pambıqçısına mükafat olaraq maşınlar verilib. Bütün bunlar Bərdə camaatının yaddaşında şirin xatirə kimi yaşamaqdadır. Pambıqçılığa böyük qayıdışın dövlət səviyyəsində gündəmə gəlməsinin Bərdədə də xoş ovqat yaratması, kəndli-torpaq münasibətlərinə müasir dövrün xüsusiyyətlərinə uyğun yeni məzmun verməsi başadüşüləndir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə söhbətimiz də günün aktual məsələsinə, pambıqçılığın inkişafına aid idi. V.İsayevin dedikləri:

- Sentyabrın 17-də Sabirabad rayonunda keçirilən pambıqçılığa həsr olunmuş müşavirədə mən də iştirak edirdim. Çıxış etdim, Bərdə pambıqçılarının salamını dövlət başçısına çatdırdım. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq pambıqçılığın inkişafı ilə bağlı rayonumuzda görülən işlərdən, nəzərdə tutulan hədəflərə çatmaq üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışdım. Bu il rayonun təsərrüfatlarında 3003 hektar sahədə pambıq əkilmişdir. Bu, keçən ildəkindən 3 dəfə çoxdur. Aqrotexniki tələblərin yüksək səviyyədə yerinə yetirilməsi sayəsində tarlalarda bol məhsul yetişdirilib. Mütəxəssislərin hesablamalarına görə, hər hektardan 30 sentner məhsul gözlənilir. Dövlət başçısının dediyi kimi, pambıqçılığın inkişafı dövlət üçün də, insanlar üçün də sərfəlidir. Biz nə qədər çox pambıq mahlıcı ixrac etsək, təbii ki, ölkəmizə bir o qədər də çox valyuta gələcəkdir. Digər tərəfdən pambıqçılığın inkişafı həm də böyük sosial əhəmiyyətə malikdir. Bu il pambıqçılıqda çalışanların sayı 3.400 nəfərə qədərdir. Gələn il pambıq əkinlərini genişləndirib 7,5 min hektara çatdırmağı nəzərdə tuturuq. Buna nisbətdə yeni yerlərinin sayı da dəfələrlə artacaqdır. Pambıqçılığın inkişafı ilə bağlı gələn il həyata keçirəcəyimiz tədbirləri indidən planlaşdırırıq. Torpaq sahibləri, icarədarlar və sahibkarlarla maarifləndirici söhbətlər aparırıq. Sözümüzü hər kəsə ürəklə, cəsarətlə deyirik. Çünki bu istiqaməti dövlət başçısı müəyyən edib. Bu gün dövlətin güclü əli kəndlinin kürəyindədir. Bərdə kəndlisi bunu öz həyatında aydın şəkildə görür və yüksək dəyərləndirir.

Müşavirədən qayıdandan sonra rayonumuzda təsərrüfatlara çıxıb pambıqçılarla görüşüb söhbət etdim. İnsanlar çox nikbindirlər, onlarda sabaha güclü inam var. Görüşdüyüm hər kəs ulu öndər Heydər Əliyevi ehtiramla xatırlayır, onun bərdəlilərin yaxın dostu olduğunu qürurla dilə gətirir, onunla gerçəkləşən unudulmaz görüşləri kövrək notlarla xatırlayırdılar. Axı Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə 14 dəfə Bərdəyə səfər etmiş, bu qədim məkanda silinməz izlər qoymuşdur. İndi hər bir bərdəlinin qəlbində ulu öndərə əbədi məhəbbət abidəsi yer alır. Bu gün Prezident İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi qayğı və diqqət göstərməsini bərdəlilər Heydər Əliyev ideyalarına böyük dəyər verilməsi kimi qəbul edir və alqışlayırlar. Bu gün Bərdə insanlarının yekdil fikri belədir: pambıqçılıqda köhnə şöhrəti qaytarmaq! Əminliklə deyə bilərəm ki, bu yolda bizə mane olacaq qüvvə yoxdur.

Aranın anası sayılan Bərdəyə payız gəlib - barı, bəhəri ilə. örpəyə bürünmüş tarlalarda artıq məhsul yığımına başlanıb. Məhsul yığımı əsasən texnikanın gücü ilə aparılacaqdır. Böyük zəhmət bahasına yetişdirilmiş məhsulu tezitkisiz yığıb tədarük etmək üçün qüvvələr səfərbər olunub. Axı şöhrətə aparan yol məhsul bolluğundan keçir.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2016.- 20 sentyabr.- S. 1, 6.