Pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya hazırlanır

 

Gələn il Samux rayonunda 500 hektardan çox pambıq əkiləcək

 

Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun sayəsində keçən əsrin 70-ci illərində respublikamızda bu sahənin böyük sənaye potensialı yaradılmış, torpaqlarda geniş meliorativ tədbirlərin görülməsi nəticəsində 1981-ci ildə ən yüksək nəticəyə nail olunaraq 1 milyon ton pambıq istehsal olunmuşdur.

Əldə olunmuş göstəricilər onu deməyə əsas verir ki, insanlar pambıqçılıqdan qazandıqları vəsaitlə öz ailə-məişət problemlərini yüksək səviyyədə həll etmişlər. Bu, onların gəlirlərinə müsbət təsir göstərmiş, eyni zamanda çiyidondan alınan məhsullar, o cümlədən məişətdə işlənən ərzaq yağının və heyvandarlığın inkişafı üçün qüvvəli yemlərin istehsalında həlledici rol oynamışdır. Ancaq təəssüflər olsun ki, iqtisadi cəhətdən gəlirli sahə olan pambıqçılığa sovetlər birliyi dağıldıqdan sonra maraq azalmış, nəticədə bu sahədə zəngin təcrübə toplamış rayonlar onu digər kənd təsərrüfatı məhsulları ilə əvəz etmişdilər.

Sevindirici haldır ki, respublika Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində strateji əhəmiyyətə malik olan pambıqçılığın inkişafına son illər diqqət artırılaraq onun yenidən dirçəldilməsi, ölkənin ixrac potensialında mühüm yer tutması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkəmizdə bu sahənin inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq pambıqçılıq ənənələrinə malik olan bir çox rayonlarda, o cümlədən Samuxda əkin işlərinə başlanıldı.

İlkin olaraq rayonun Lüksemburq kəndi ərazisində 300 hektar, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində 30 hektar pambıq əkildi. İlk növbədə, sahələrdə müasir suvarma qurğuları yaradıldı. Aparılan yüksək aqrotexniki xidmət, xəstəliklərə qarşı mübarizə tədbirləri müsbət nəticəsini verdi. Bu gün pambıq sahələrinə baxdıqca göz oxşayır. Yüksək məhsuldarlıq indi zəhməti olan hər bir pambıqçını sevindirir. Bilirlər ki, məhsulu vaxtında toplayıb təhvil versələr, onları yüksək əmək haqqı gözləyir ki, bu da bir çox iqtisadi məsələlərin həlli deməkdir.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahil Həsənov söhbətimizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri çərçivəsində pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsindəki fikirləri ilə başladı. Bildirdi ki, ölkə başçısının “Bu, bir başlanğıcdır ki, bundan sonra pambıqçılıq sürətlə inkişaf edəcək, geniş vüsət alacaq”, - dediyi sözlər bizim üçün bir mesajdır. Odur ki, işimizi elə qurmalıyıq ki, pambıqçılıq ölkə iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevrilsin.

Sonuncu dəfə Samuxda 1976-cı ildə pambıq əkilib. 40 illik fasilədən sonra bu gəlirli sahənin yenidən inkişaf etdirilməsi üçün rayonda geniş imkanlar var idi və əməkçilər məhsulun ərsəyə gəlməsi üçün heç bir çətinlik yaşamadılar. Həm yaşlı nəslin təcrübəsi, həm də institut alimlərinin məsləhətləri müsbət nəticələr verdi. İndi sahələrdə bol məhsul yetişib. Pambığın itkisiz toplanaraq təhvil verilməsi üçün bütün imkanlar yaradılıb. Aqrolizinq yolu ilə lazım olan texnika və avadanlıqlar alınmış, yığım üçün hələlik iki kombayn gətirilmişdir.

Hazırda sahələrdə yarpaq tökümü ilə bağlı tədbirlər görülür. Nəzərdə tutulmuşdur ki, 265 hektar sahənin pambığı kombaynla, qalanı isə əl ilə yığılsın. Əl ilə yığıma 1000 nəfərədək müvəqqəti işçi cəlb edilmişdir.

Ölkə başçısının pambığın alışının hər kiloqramının 40 qəpikdən 50 qəpiyə qaldırılması barədə söylədiyi fikirlər rayon sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Bundan başqa, hər hektar pambıq əkininə 40 manat, yanacaqsürtkü yağlarına görə isə 50 manat ödənilməsi də pambıqçılarda ruh yüksəkliyi yaratmışdır.

Rayonda yığılacaq pambığın qurudulması və tədarük olunması üçün də hazırlıq işləri başa çatdırılmışdır. Bundan başqa, məhsulun emal müəssisələrinə daşınmasında da problem olmayacaq. Belə ki, bunun üçün istənilən sayda texnika ayrılmışdır. Mütəxəssislərin təxmini hesablamalarına görə hər hektardan 30 sentnerədək məhsul gözlənilir ki, bu da pambıqçılıqda yüksək göstərici hesab edilir.

Kənd təsərrüfatı idarəsinin rəisi bir məsələni də diqqətə çatdırdı. Dedi ki, Samux rayonunda pambıq toxumçuluğu ilə bağlı geniş imkanlar var. Gəncə Regional Aqrar Elmİnformasiya Məsləhət Mərkəzində pambıq elit laboratoriyasının fəaliyyət göstərməsi, toxumluq pambığın emalı üçün müvafiq avadanlıqların olması, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda, eləcə də bu ərazidə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində böyük təcrübəyə malik alim və mütəxəssislərin olması rayonda pambıq toxumçuluğunun mütərəqqi üsullarla yetişdirilməsi üçün böyük imkanlar var.

Müşavirədə ölkə başçısı yekun nitqində digər rayonlar kimi, Samux rayonunda da pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verdi. Diqqətə çatdırdı ki, gələn il Samuxda 500 hektar pambıq əkilməsi nəzərdə tutulub. Lakin rayon sakinləri göstərilən diqqət və qayğıya cavab olaraq bu rəqəmi daha da artırmağı qarşılarına məqsəd qoymuşlar. Bununla da onlar həm gəlirlərini artırmaq, həm də ölkənin ixrac potensialına yardımçı olmaq əzmindədirlər.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 1, 9.