XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Bakıda təntənə ilə qarşılanıblar

 

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, “Rio-2016” Paralimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış paralimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə qarşılayıblar.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunub. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar. İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparıblar. Millimiz yarışı 11 medalla (1 qızıl, 8 gümüş, 2 bürünc) başa vurub.

Qızıl medalı komandamıza cüdoçu Ramil Qasımov qazandırıb. Paralimpiadada 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alaraq dövlət himnimizi səsləndirib. Digər cüdoçularımız Bayram Mustafayev (66 kq) gümüş, Rövşən Səfərov (81 kq) isə bürünc medala sahib olublar. Atletika yarışlarında Azərbaycan idmançıları 5 medal qazanıblar ki, bunların 4-ü gümüş, 1-i isə bürüncdür. Atletimiz Yelena Çebanu Rio Paralimpiadasında üç dəfə fəxri kürsüdə yer alıb. Uzunluğa tullanma və 100 metr məsafəyə qaçış yarışlarında Y.Çebanu ikinci olsa da, 200 metr məsafəyə qaçış yarışlarında bürünc medalla kifayətlənib. Kamil Əliyev uzunluğa tullanma, İradə Əliyeva isə nizəatma yarışlarında ikinci olublar. Üzgüçülərimiz də “Rio-2016”da uğurla çıxış ediblər. DmitriRoman Saley qardaşları Braziliyada 3 gümüş medal qazanıblar. D.Saley 50 metr məsafəyə sərbəst, 100 metr məsafəyə brass, R.Saley isə 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında fərqləniblər.

Paralimpiyaçılarımızın qazandıqları 11 medalı uğurlu nəticə adlandıran Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlham Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. AMPK-nın prezidenti ölkəmizdə Paralimpiya hərəkatının inkişaf etdiyini bildirərək deyib: “Paralimpiyaçılarımız ölkə idmanı tarixində yeni səhifə açdılar. Qazanılan uğurlar münasibətilə bütün xalqımızı təbrik edirəm. Paralimpiyaçılarımız bundan sonra da uğurla çıxış edib ölkəmizi layiqincə təmsil edəcəklər”.

İlqar Rəhimov deyib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamı ölkəmizdə bu sahəyə qayğının təzahürüdür. “Rio-2016”da Azərbaycan bayrağının 11 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliği baxımından mühüm hadisə idi. Paralimpiadada əldə olunan uğurlarımız Azərbaycan idmanının qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacağına əminlik yaradır.

Qeyd edək ki, hesabında 11 medal olan Azərbaycan millisi 48-ci pillədə qərarlaşıb. Qazanılan medalların sayına görə isə yığmamız 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB üzrə isə üçüncü yerdə qərarlaşıb.

XV Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 528 dəst medal uğrunda yarışlar keçirilib. Bu, “London-2012” Yay Paralimpiya Oyunları ilə müqayisədə 25 dəst çoxdur. Medal sayının artırılması yarışlarda qadın idmançılarının geniş heyətlə çıxışı ilə əlaqədardır. Paralimpiadada ümumilikdə 4350 idmançı medallar uğrunda mübarizə aparıb. Onların 1650-si qadın olub. Bu “London-2012”dən 9,9 faiz, “Atlanta-1996”dan isə iki dəfə çoxdur. Qadınlar 224 dəst medal uğrunda yarışıb. Bu isə medalların 43 faizini təşkil edib.

Rio Paralimpiadasında 239 (107-81-51) medal qazanan Çin birinci olub. Böyük Britaniya (64-39-44) ikinci, Ukrayna (41-37-39) üçüncü, ABŞ (40-44-31) dördüncü, Avstraliya (22-30-29) isə beşinci pillədə qərarlaşıb. İlk onluğu Almaniya (18-25-14), Niderland (17-19-26), Braziliya (14-29-29), İtaliya (10-14-15) Polşa (9-18-12) tamamlayıblar. XV Yay Paralimpiya Oyunlarında 82 ölkədən paralimpiyaçılar fəxri kürsüyə qalxıblar.

 

Azərbaycan.- 2016.- 23 sentyabr.- S. 12.