Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etdilər

Əli ƏHMƏDOV: “Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına  hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək”

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün keçirilən ümumxalq səsverməsində vətəndaşların böyük əksəriyyəti yaxından iştirak ediblər. YAP-ın ölkə üzrə müşahidəçilərinin verdiyi məlumatlar əsasında tam məsuliyyətlə söyləyə  bilərəm ki, səsvermədə vətəndaşlar yüksək fəallıq göstəriblər. Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşları ölkəmizdə keçirilən referenduma kifayət qədər məsuliyyətlə yanaşıblar, səsverməyə çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər. Nəticə etibarilə ölkəmizdə növbəti demokratik prosedur həyata keçirilib”.

Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov dünən ümumxalq səsverməsinin yekunları  ilə bağlı keçirdiyi mətbuat konfransında dedi. YAP-ın sədr müavini qeyd etdi ki, referendum ayrı-ayrı ölkələrin həyatında tez-tez tətbiq olunan demokratik proseslərdən biridir. Müxtəlif ölkələrdə bu və digər ictimai məsələlərlə əlaqədar ümumxalq səsverməsi keçirilir: “Azərbaycanda artıq 3-cü referendum keçirildi. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının bir nümunəsidir. Güman edirəm ki, gələcəkdə də təkcə Əsas Qanunun dəyişdirilməsi ilə bağlı deyil, ictimai həyatımızın digər vacib məsələləri ilə əlaqədar ümumxalq səsverməsi keçirilə bilər. 26 sentyabrda keçirilən referenduma ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymət verilməlidir. İnsanların səsvermə prosesində fəal iştirakı bu amillə əlaqədardır və bu test kifayət qədər uğurlu olub. Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etdilər”.

Əli Əhmədov bildirdi ki, referendum Konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir:  Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadisiyasi islahatların hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasiiqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasihüquqi baza ölkəmizdə iqtisadisiyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına  hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək”.

 YAP sədrinin müavini əlavə etdi ki, referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. “30-dan çox ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər referendumun gedişini izləyiblər. Həmin müşahidəçilər KİV vasitəsilə referendumun demokratik prosedurlara, Seçki Məcəlləsinə tam uyğunluğu haqqında öz qənaətlərini bölüşüblər. Mən öz müşahidəçilərimizin məlumatları əsasında deyə bilərəm ki, bütün ölkə üzrə  referendum normal, sakit, Seçki Məcəlləsinin müddəalarına uyğun keçirilib. Bu referendum Azərbaycanda demokratiyanın inkişafı sahəsində irəliyə doğru  atılan əhəmiyyətli bir addımdır” - deyə Əli Əhmədov diqqətə çatdırdı.

YAP referendumun təşviqat kampaniyasında yaxından iştirak edib. Bu barədə danışan Əli Əhmədov dedi: “Bu məqsədləYeni Azərbaycantəşviqat qrupu yaradıldı geniş fəaliyyət göstərdi. Bu kampaniyada YAP-ın on minlərlə fəalı bütün bölgələrdə yaxından iştirak edib. Partiyamızın fəallarının fədakarlığı kampaniyanın uğurlu keçməsinə öz töhfəsini verib. Eyni zamanda, vətəndaşlarımızın əksəriyyəti referenduma çıxarılan məsələlərə müsbət münaisbət bildiriblər. Bunu “exit-poll”arın nəticələri göstərir. Hesab edirəm ki, referendumdan sonra Azərbaycanın inkişafında yeni səhifə açılacaq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, sosial iqtisadi islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, cəsarətli addımlar atılacaq. Xalqımız yaxın zamanlarda bu islahatların nəticələrini hiss edəcək.  Qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək bunun nəticəsində əhalinin rifahının  daha da yüksəlməsi istiqamətində zəruri addımlar atılacaq. Referendumun uğurla baş tutması münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu amil Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə etimad göstərməsinin parlaq nümunəsidir”.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.-27 sentyabr.- S.5.