111 yaşlı Gülüstan nənənin evinə daşınan səsvermə qutusu aparılıb

Gülüstan Xəlilova Zərdab rayonunun ən yaşlı sakinidir. Qaravəlli kəndində yaşayır. 111 yaşlı ağbirçəyin 5 övladı, 16 nəvəsi, 22 nəticəsi var. Həmişə olduğu kimi, bu günbu ahıl yaşında məsuliyyətlidir. O, referendumda iştirak etməklə, Konstitusion hüququnu yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Konstitusiyamıza təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendumda iştirak etmək üçün Gülüstan nənənin evinə daşınan səsvermə qutusu gətirilib. Ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən Gülüstan nənə deyib: “Sağ olun ki, məni yaddan çıxarmamısınız. Əsas Qanunumuza olan dəyişikliyi nəvələrim mənə izah ediblər. Uzun ömür sürmüşəm, çox əzab-əziyyətlər görmüşəm. Bugünkü əmin-amanlıq heç də hər ölkəyə nəsib olmur. Bunun qədrini bilmək lazımdır. Arzum budur ki, yumruq tək birləşib, daim dövlətçiliyimizə sadiq olaq. Allah ölkəmizdəki bu əmin-amanlığı, sabitliyi daimi etsin”.

Azərbaycan.-2016.-27 sentyabr.- S.16.