Referendum Aktı layihəsi beynəlxalq hüquqi standartlara uyğun qurulmuşdur

26 sentyabr ümumxalq səsverməsi (referendum)  günüdür

Konstitusiya dövlətin ali qanunu hesab edilməklə özündə dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsinin mühüm elementlərini əks etdirir. Əlbəttə, müasir dövrdə əsas istiqamətlərdən biri də beynəlxalq cəmiyyətlə qarşılıqlı münasibətlərin düzgün qurulmasıdır. Belə ki, bu zaman beynəlxalq-hüquqi standartları özündə əks etdirən beynəlxalq hüquq normalarının nəzərə alınması vacib şərtlərdən biridir. Konstitusiyada əks olunan müddəaların qəbul edilən dövlətdaxili normativ hüquqi aktlarda bir qədər genişləndirilmiş formada əks etdirilməsi isə normayaradıcılıq prosesinin davamı hesab edilir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Bütövlükdə Azərbaycan Respublikası bir tərəfdən insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaratmışdır. Üstəlik, insan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüquq normalarının primatlığını (üstünlüyünü) qəbul edən kifayət qədər müddəalar vardır. Bu mənada insan hüquq və əsas azadlıqlarının təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi elan olunmuş, bu hüquqların tətbiqinin dövlətin qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilməsi müddəası isə (m.12) beynəlxalq hüquq normalarının primatlığı (üstünlüyü) barədə konstitusiya təsdiqidir.

1993-cü ildə ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyuldu. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası olan Konstitusiyanın qəbul edilməsi isə bu işdə əməli dönüşdür. Konstitusiya layihəsi üzrə komissiyaya rəhbərlik edən ümummilli lider Əsas Qanunda əksini tapmış bütün maddələrin məhz insan hüquq və azadlıqlarına tam cavab verməsi məqsədini ön plana çəkmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu və ideal fəaliyyət isə dövlətimizin insan hüquqları istiqamətində düzgün siyasətini bir daha sübut edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, UNESCO, Beynəlxalq Əmək Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s.) üzvüdür. Həmçinin qloballaşma və inteqrasiya prosesləri, beynəlxalq münasibətlərdə sülhün və təhlükəsizliyin təminatı, insan hüquq və azadlıqları sferasının genişlənməsi, sabitliyin qorunub saxlanması və bir sıra digər həlli vacib məsələlər dövlətdaxili hüquq sisteminin inkişafında mühüm layihələrin həyata keçirilməsini zəruri edir. Bu mənada və insan hüquqlarının təminatı baxımından 18 mart 2009-cu ildə keçirilmiş referendumu yeni mərhələnin başlanğıcı kimi qəbul etmək olar. Göründüyü kimi, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi, ilk növbədə, insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət - sosial dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, qeyd edildiyi kimi, referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının daha real və səmərəli təmininə şərait yaratmış, dövlət hakimiyyət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə və daha da təkmilləşdirilməsinə, ölkəmizin beynəlxalq cəmiyyətə daha sürətli inteqrasiyasının konstitusion əsaslarının inkişafına gətirib çıxarmışdır.

Bu gün də müxtəlif istiqamətlərdə insan hüquqlarının real təminatı sahəsində dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə qoşulur, kifayət qədər normativ hüquqi aktlar qəbul edilir və ya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaqdır. Belə ki, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmişdir.

İnsan hüquqları və beynəlxalq əməkdaşlıq sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən dövlətimiz ciddi konstitusiya islahatları aparmaqda davam edir. İlk növbədə bunu hansı amillər zəruri edir:

- birincisi, müstəqillik əldə etdikdən sonra keçid dövləti kimi Azərbaycan Respublikasının artıq qarşıya qoyulmuş mühüm məqsədlərə nail olması və ölkənin gələcək inkişafı üçün yeni perspektivlərin inkişafını müəyyən edən qanunvericilik bazasının müəyyən edilməsi;

- ikincisi, beynəlxalq normaları və təcrübəni ciddi öyrənməklə insan hüquqlarının təmin edilməsi istiqamətində daha mühüm və mütərəqqi normaların müəyyən edilməsi;

- üçüncüsü, dövlət-cəmiyyət münasibətlərinin yeni istiqamətdə inkişafına nail olunması və buna yol açılması, səmərəli idarəetməyə nail olmaq məqsədilə dövlət-idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün vətəndaşların dövlət idarəetmə işlərinə cəlb olunmaqla insan hüquqlarına tam riayət edilməsinin təmini;

- dördüncüsü, beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafına nail olunması;

- beşincisi, dövlət və ictimai təhlükəsizliyin gücləndirilməsi, hər kəsin pozulmuş hüquqlarının daha etibarlı müdafiəsinin möhkəmləndirilməsi;

- nəhayət, sosial dövlətə tam keçidin aparılması.

Əlbəttə, Konstitusiyaya dəyişikliklər edilməsinin birinci əsasları insan hüquq və azadlıqlarının daha etibarlı və təminatlı sisteminin formalaşmasına yönəlmişdir. Bu da öz növbəsində, Azərbaycan xalqının Konstitusiyanın preambulasında təntənəli surətdə bəyan olunan aşağıdakı niyyəti ilə sıx şəkildə bağlıdır: dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Konkret insan hüquqlarına gəldikdə, bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi xüsusi qeyd edilməlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci hissəsinə görə isə bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

İndi isə referenduma çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin bəzi mühüm müddəalarına nəzər yetirək.

İlk növbədə, əlavə edilməsi təklif olunan 24-cü maddənin 1-ci hissəsi - “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” müddəası barədə. 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il beynəlxalq paktlarında qeyd olunur ki, azadlıq, ədalət və ümumdünyəvi sülhün əsasını bəşər cəmiyyətinin bütün üzvlərinə məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması təşkil edir. Artıq bəyannamə və paktların müvafiq məzmunundan aydın olur ki, insan şəxsiyyətinin ləyaqəti bütün hüquq və azadlıqların kompleksi vasitəsilə açılır. Ləyaqət hüququ, əslində, insanın bütün digər hüquqlarının əsas məqsədidir. Bu mənada insan ləyaqəti onun hüquq və azadlıqlarının mənbəyidir. Ləyaqət cəmiyyət tərəfindən sosial dəyərlərin tanınması, konkret insanın unikallığı, insan cəmiyyətinin üzvü kimi hər bir şəxsiyyətin mühüm dəyəridir. Avropa İttifaqı çərçivəsində insan hüquq və azadlıqları ilə əlaqədar 2000-ci ilin dekabr ayının 7-də Nitsada qəbul edilən Əsas hüquqlar haqqında 2000-ci il Avropa İttifaqı Xartiyasının “Ləyaqət” adlanan I bölməsində insan ləyaqətinin toxunulmazlığı, ona hörmət edilməsi və müdafiə olunması, yaşamaq hüququ və heç bir şəxsin ölüm cəzasına məhkum və ya edam oluna bilməməsi kimi müddəalar öz əksini tapmışdır. Bu mənada, xartiyada keyfiyyətcə yeni müddəa - şəxsiyyətin bütövlüyü hüququ bəyan edilmişdir.

Həmin maddənin III hissəsinə əlavə edilməsi təklif olunan “Hüquqlardan sui-istifadəyə yol verilmir” müddəası mühüm beynəlxalq sənədlərdə də əksini tapır. Belə ki, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konversiyasının 17-ci maddəsi “Hüquqlardan sui-istifadənin qadağan edilməsi” adlanır.

Bundan başqa, “Bərabərlik hüququ” adlanan 25-ci maddədə “Milliyyətindən” sözünün “etnik mənsubiyyətindən”, “milli” sözünün isə “etnik” sözləri ilə əvəz edilməsi Konstitusiya müddəalarını Azərbaycan Respublikasının da iştirakçısı olduğu beynəlxalq konvensiyalarda müəyyən edilən normalara uyğunlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda həmin maddəyə fiziki və əqli qüsurları olan şəxslərin də hüquqlarının təmin edilməsi istiqamətində mühüm normanın daxil edilməsi kifayət qədər əhəmiyyətli addım hesab edilməlidir.

29-cu maddəyə təklif edilən əlavələr tam qəbul ediləndir və mühüm beynəlxalq konvensiyalarla şərtlənir. Belə ki, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması tam aydındır. O ki qaldı məhdudlaşdırmalarla bağlı müddəaya, bu da beynəlxalq sənədlərdə tam şəkildə əks olunmuşdur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konversiyasına dair Protokolun (1 saylı protokol) 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavələr əsas insan hüququ kimi şəxsi toxunulmazlıq hüququnun daha real təmininə yönəlməklə mühüm əhəmiyyət kəsb edir və onun məzmununu tamamlayır. Son dövrlər aktuallaşan informasiya hüququnun daha real təmini də kifayət qədər əhəmiyyətlidir. Belə ki, üçüncü şəxslər haqqında informasiya ehtiyatlarına daxil olmağın qadağan edilməsi, informasiya ehtiyatlarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilinməməsi və müvafiq məsələlərin qanunla tənzimlənməsi zəruriliyinin əksi vaxtında irəli sürülmüş müddəalar olmaqla, qanunvericilikdəki boşluğu aradan qaldırmağa yönəlmişdir.

Konstitusiyanın 36-cı maddəsinə (Tətil hüququ) təklif edilən dəyişiklik, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan olunmasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi lokautla bağlı məsələləri tənzimləyir. Lokaut - kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lakin işçilərə qarşı lokautdan istifadə edilərək, işçilərin hüquqlarının pozulması hallarının mümkünlüyünü nəzərə alaraq, lokautla bağlı müddəanın Konstitusiyada təsbit olunması insan hüquq və azadlıqlarının daha səmərəli və etibarlı şəkildə qorunmasına gətirib çıxaracaqdır. Bununla bağlı müddəalar Beynəlxalq Əmək Təşkilatının 1951-ci il Konvensiyasında və eyni adlı tövsiyəsində də nəzərdə tutulmuşdur.

58-ci maddəyə (“Birləşmək hüququ”) təklif edilən dəyişikliklər günün tələblərindən irəli gəlir və beynəlxalq sənədlərə (Mülki və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktının 22-ci maddəsi, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konversiyasının 17-ci maddəsi) tam müvafiqdir. Belə ki, təklif edilir ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”.

Konstitusiyanın 49-cu maddəsinin II hissəsinə “ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə” sözlərinin əlavə edilməsi təklifi də boşluğu aradan qaldırır. Belə ki, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konversiyasının “Yığıncaqlar və birləşmək azadlığı” adlanan 17-ci maddəsinin II hissəsində deyilir ki, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə Silahlı Qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.

Sahibkarlıq hüququnun və fəaliyyətinin tənzimlənməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar bu sahədə normaların bir qədər genişləndirilməsinə və azad sahibkarlığın inkişafına dəstək verir. Belə ki, 59-cu maddəyə təklif edilən əlavə “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir” kifayət qədər mühüm normadır. Azad sahibkarlıq hüququnun təmin edilməsi son nəticədə iqtisadi və sosial hüquqların, o cümlədən mülkiyyət, bərabərlik, əmək, birləşmək, azadlıq və s. hüququnun təmin edilməsinə gətirib çıxarır. Ölkə başçısının 2014-cü ildə “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman sahibkarlar üçün əlverişli biznes mühitinin yaxşılaşdırılması, lüzumsuz tələblərin, maneələrin aradan qaldırılması baxımından mütərəqqi əhəmiyyətə malikdir. Həmin fərmanda biznesin qeydiyyatından başlamış tikintiyə icazələrin alınması, elektrik şəbəkəsinə qoşulma, əmlak hüququnun qeydiyyatı, idxal-ixrac əməliyyatı, kredit resurslarına çıxış imkanları, müqavilələrin bağlanması və onların icrası istiqamətində müvafiq işlər görülməsi öz əksini tapır. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir. Ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar və nüfuzlu xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Bir müddət bundan əvvəl Ümumdünya Bankı tərəfindən dərc olunmuş “Doing Business 2016” hesabatında 189 ölkə üzrə sahibkarlığın inkişafının istiqamətləri, biznes mühitinin əlverişliyi, biznesə başlamaq prosedurlarının sadəliyi qiymətləndirilmiş və eyni zamanda ölkələr arasında vəziyyət müqayisə edilmişdir. Məhz Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz bu hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci yerdən 63-cü yerə yüksəlmişdir. Əlbəttə ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaq. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcək.

Əlbəttə, dövlət qarşısında dayanan mühüm istiqamətlərdən biri də hüquq və azadlıqların inzibati və məhkəmə təminatının həyata keçirilməsidir. Bu cəhətdən 60-cı maddənin yeni məzmunu həqiqətən də insan hüquq və azadlıqlarının təminatının mühüm sistemini və istiqamətlərini müəyyən edə bilmişdir. Belə ki, hər kəsin onun işinə qərəzsiz yanaşma hüququnun əksi, bunun ağlabatan müddətdə baxılması, inzibati və məhkəmə prosesində dinlənilmək hüququ və s. bu cəhətdən xüsusi yer tutur.

Konstitusiyanın 68-ci maddəsinin qüvvədə olan variantında “Zərərin ödənilməsini tələb etmək hüququ” bu istiqamətdə hüquqların tam real təmini istiqamətində bütün münasibətləri əhatə etmir. Bu cəhətdən maddənin adı bir qədər də genişləndirilərək “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” adlandırılması təklifi çox əhəmiyyətlidir. Burada əlavə edilən iki bənd isə dövlət orqanlarının və dövlət qulluqçularının məsuliyyətini artırır və kifayət qədər yüksək qiymətləndirilməlidir.

Bütövlükdə Konstitusiyanın 71-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm yer tutur. 71-ci maddənin II hissəsinə təklif edilən dəyişiklik bilavasitə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının özünün də tam mahiyyətini açır və onun əsl məzmunu ortaya çıxır. Belə ki, ediləcək əlavədə göstərilir ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bu norma, hesab edirəm ki, dövlətimizin ali məqsədi olan və 12-ci maddədə verilən insan hüquq və azadlıqlarının təmini ilə mütənasiblik deməkdir.

Dövlət orqanlarının fəaliyyətinin tənzimlənməsi istiqamətində ediləcək dəyişikliklərin özünü də bir neçə istiqamətdə təsnifləşdirmək olar.

Birincisi, dövlət orqanları işçilərinin, o cümlədən Milli Məclisin deputatı kimi həmin şəxslərin məsuliyyətlərinin artırılması. Məsələn, əlavə olunması təklif edilən “Maddə 1461 - Bələdiyyələrin məsuliyyəti”ndə qeyd edilir ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar”. Daha sonra 68-ci maddəyə təklif edilən IV hissədə qeyd edilir ki, “dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”. Bundan başqa, Konstitusiyanın 89-cu maddəsində Milli Məclisin deputatı mandatından məhrum edilməsi əsasları kimi bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbinin pozulması (səsvermə hüququnu şəxsən həyata keçirməsi) və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozmasının əlavə edilməsi özü də dövlət orqanlarında məsuliyyət prinsipinin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır.

İkincisi, dövlət vəzifələrini tutmaq üçün seçkilərdə iştirak etmək (seçilmək) üzrə yaş məhdudiyyətlərinin götürülməsi. Bu, kifayət qədər mühüm normadır. Heç bir beynəlxalq sənəddə belə bir məhdudiyyət həddi müəyyən edilməmişdir. Əksinə, dövlətin hamının bu hüquqdan istifadə etmək üzrə öhdəliyi vardır. Beynəlxalq sənədlərə müraciət edək. 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsində deyilir: “Hər bir vətəndaş 2-ci maddədə xatırlanan ayrı-seçkiliklərin heç birinə yol verilmədən və heç bir əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır: a) dövlət işlərinin aparılmasında həm bilavasitə, həm də azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək; b) ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi vaxtaşırı seçkilərdə səs vermək və seçilmək; c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq”. 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 21-ci maddəsində deyilir: “1. Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. 2. Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir”. Bundan başqa, Konstitusiyanın 56-cı maddəsinin III hissəsində qeyd edilir ki, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər. Bu normanın dəqiqləşdirilməsi nöqteyi-nəzərindən 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözlərinin “seçilmək” sözü ilə əvəz edilməsi də tam yerində irəli sürülmüş təklifdir.

Ona görə də hesab edirəm ki, bütün dövlət vəzifələrini tutmaq üzrə yaş məhdudiyyətlərinin götürülməsi bilavasitə insan hüquq və azadlıqlarının təminatına yönəlmişdir. Həmçinin bu normanın qəbul edilməsi dövlətimizdə aparılan gənclər siyasətinə böyük yol açır.

Üçüncüsü, dövlət-idarəetmə aparatının təkmilləşdirilməsi. Bu zaman yaradılması təklif edilən vitse-prezidentlər institutu xüsusi yer tutur. Hesab edirəm ki, belə bir institutun formalaşdırılması vaxtında atılmış addımdır, hakimiyyətin bir qolu kimi icra hakimiyyəti sistemində dövlət orqanları arasında sıx əlaqələndirməni həyata keçirməklə bir daha dövlət orqanlarının məsuliyyətini artıracaqdır. Bu institutlar dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərir, uzunmüddətli təcrübəyə malikdir. Bütövlükdə isə dövlət idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi dövlətin suveren hüququdur, hər bir dövlətin dövlət idarəetmə forması və sistemindən bilavasitə asılıdır. Beynəlxalq hüququn mühüm prinsiplərindən olan dövlətlərin suveren bərabərliyi prinsipi BMT Nizamnaməsinin 2-ci maddəsinin 1-ci bəndində də əks olunmaqla, özündə aşağıdakıları əks etdirir: dövlətlər bir-birinin suveren bərabərliyinə, eləcə də hüquq subyektliyi də daxil olmaqla, suverenliyə xas olan bütün hüquqlarına hörmət və ehtiram bəsləməyə borcludurlar; hər bir dövlət siyasi, sosial, iqtisadi və mədəni sistemini sərbəst seçmək və inkişaf etdirmək, qanunlarını və inzibati qaydalarını müəyyən etmək hüququna malikdir; bütün dövlətlər bərabər hüquq və vəzifələrə malikdirlər; bütün dövlətlər bir-birinə hörmət və ehtiram bəsləməyə və şəxsi qərarlarına əsasən beynəlxalq hüquqa müvafiq olaraq digər dövlətlərlə münasibətlərini həyata keçirməyə borcludurlar; hər bir dövlət beynəlxalq təşkilatlarda və müqavilələrdə iştirak etmək hüququna malikdir; dövlətlər beynəlxalq hüquq üzrə öhdəliklərini vicdanla yerinə yetirməyə borcludurlar. Suverenlik, adətən, dövlətin ölkənin daxilində tam hakimiyyəti və xaricdə müstəqilliyi kimi başa düşülür. Bu anlamın dəqiqliyi nisbidir. Dövlətin ölkənin daxilindəki tam hakimiyyəti xalqın və insanların hüquqları ilə məhdudlaşdırılır. İnsan hüquqları haqqında Ümumi Bəyannamə konstitusiya və beynəlxalq hüququn ümumi prinsipini təsdiq etmişdir: “Xalqın iradəsi dövlət hakimiyyətinin əsası olmalıdır” (maddə 21). Ölkənin iqtisadi, sosial, siyasi sistemini təyin etmək kimi ali hüquq xalqa məxsusdur. Konstitusiyanın 7-ci maddəsinin II hissəsində qeyd edilir ki, dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Digər mühüm bir prinsip olan dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində qeyd edilməklə, onun normativ məzmununa aşağıdakılar daxildir: dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı müdaxilə və digər müdaxilə formaları qadağandır; heç bir dövlət başqa bir dövlətin onun öz suveren hüquqlarını həyata keçirməsində özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz; başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya terrorçu fəaliyyətin təşkili və ya dəstəklənməsi yolverilməzdir; başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır; hər bir dövlət digər bir dövlətin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.

Qeyd edilənlər göstərir ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi beynəlxalq hüquqi standartlar sistemində qurulmaqla, dövlətimizin beynəlxalq cəmiyyət qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməyə gətirib çıxaracaqdır. Bu təkliflərin vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi nöqteyi-nəzərindən, bütövlükdə isə dövlətimizin beynəlxalq imicinin artmasına xidmət baxımından böyükdür.

 

Əmir ƏLİYEV,

BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor

Azərbaycan.-2016.- 24 sentyabr.- S.8.