Dövlətin ali məqsədi insan hüquq və mənafelərini qorumaqdır

26 sentyabr ümumxalq səsverməsi (referendum)  günüdür

Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet hesab etdiyi müddəaları öz Konstitusiyasına daxil edə bilər. Bunu nəzərə alaraq 18 iyul 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkə Konstitusiyasında növbəti dəfə dəyişikliklər edilməsini nəzərdə tutan Referendum Aktı layihəsi Konstitusiyanın 153-cü maddəsinə uyğun olaraq rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir. 25 iyul 2016-cı ildə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş təkliflərə baxaraq qeyd etmişdir ki, Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər hüquqi nöqteyi-nəzərdən konstitusiya normalarının, habelə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, hüquq və azadlıqların daha səmərəli müdafiəsinə və təmin olunmasına yönəldilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə ümumxalq səsverməsi - referendum 26 sentyabr 2016-cı il tarixinə təyin edilmişdir.

Referenduma çıxarılan dəyişikliklər əsasən iki sahəni - insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təminatını və bu hüquq və azadlıqların təmin edilməsi əsas vəzifəsi olan dövlət hakimiyyətinin daha da gücləndirilməsini əhatə edir. Dəyişikliklərdən biri Konstitusiyanın “Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları” adlanan 101-ci maddəsinə təklif edilir: “101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”. Bu təklif üzərində bir qədər ətraflı dayanaq.

Əvvəlcə qeyd etmək lazımdır ki, Konstitusiyanın dövlət həyatının olduqca mühüm bir sahəsini tənzimləyən bu maddəsi 18 mart 2009-cu ildə keçirilmiş referendumla bir dəfə dəyişdirilmişdir. O zaman Konstitusiyanın 101-ci maddəsinin V hissəsi yeni redaksiyada verilmişdi. Heç kəsin iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməzliyi haqqında norma müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması barədə norma ilə əvəz edilmiş, bu barədə qərarın seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının - Mərkəzi Seçki Komissiyasının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilməli olduğu təsbit edilmişdir. Həmin təklif 2009-cu ildə seçicilər tərəfindən böyük dəstək aldı. Bunu şərtləndirən amillərdən biri ölkəmizin öz iradəsi ziddinə cəlb edildiyi hərbi münaqişədir ki, onun da nəticəsində ölkə ərazisinin 20 faizdən çoxu işğal edilmiş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdır.

Hazırda edilən təklif iki hissədən ibarətdir. İlk olaraq Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması nəzərdə tutulur. Bu gün ölkəmizdə dövlət müstəqilliyinin əldə edilməsindən keçən qısa, 25 ildən də az müddətdə Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı naminə güclü prezidentlik institutu yaradılmış, bunun sayəsində dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli qorunması təmin edilmişdir. İnsan və vətəndaş hüquqlarına daha etibarlı təminat verilməsi, demokratik təsisatların genişlənməsi yolu ilə vətəndaş cəmiyyətinin bərqərar olması və hüquqi dövlət quruculuğu indiki mərhələdə dövlətin qarşısında dayanan ən mühüm məsələlərdir. İnkişaf etmiş demokratik dövlətlərin təcrübəsi, zəngin mədəni irsin öyrənilərək yeni tarixi şəraitdə tətbiq edilməsi dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının ən mühüm ümumbəşəri dəyərlərə ehtiramla yanaşması ilə bərabər, xüsusən özünün ictimai və dövlət quruluşunu müəyyən edərkən yalnız özünə xas olan yolla irəliləməsini zəruri edir. Bu barədə Konstitusiyamızın 2-ci maddəsində birbaşa göstəriş də vardır: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”.

İqtisadi, siyasi müstəqilliyini qoruyub saxlamağı bacaran, gündən-günə mürəkkəbləşən beynəlxalq münasibətlər sistemində nüfuzu getdikcə artan Azərbaycan Respublikası hazırda Avropanın enerji təchizatında önəmli rol oynamaqdadır. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafının təmin edilməsi üçün əhəmiyyətli addımlar atılır. Bütün dünyanı bürümüş maliyyə böhranları şəraitində belə Azərbaycanın qeyri-neft sektorunun dinamik inkişafı bunu bir daha sübut edir. Beynəlxalq təşkilatların - BMT-nin ixtisaslaşmış qurumlarının, Dünya Bankının hesabatlarında Azərbaycanın aşkar uğurlarının səbəblərindən biri kimi ölkəmizin özünəməxsus idarəetmə sisteminin yaradılması, islahatlar yolu ilə bu sistemin daim yenilənməsi, dəyişən, inkişaf edən ictimai münasibətlərə uyğunlaşması göstərilir. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da məhz bu zərurətdən yaranır. İlham Əliyevin 2003-cü ilin sonlarında Prezident seçildikdən sonra qəbul etdiyi ilk mühüm akt “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” olmuşdur. Hazırda hər biri 5 illik inkişafı nəzərdə tutan 3-cü belə dövlət proqramı həyata keçirilməkdədir. İcrasına ölkə Prezidentinin özünün nəzarət etdiyi bu proqramın fərqli cəhəti onun daim dəyişilməsi, inkişaf etməsi, yaranan reallıqları nəzərə almasıdır. Məsələ bundadır ki, hər biri 5 illik dövrü əhatə edən bu proqramların icrası müddətində dövlət başçısı regionlara dəfələrlə səfərlər etmiş, proqramın icra vəziyyəti ilə bərabər icra müddətində meydana çıxan problemlərin aradan qaldırılması məqsədilə həmin proqramların hamısına dəfələrlə yenidən baxmış, nəzərdə tutulan inkişafın həcmi, miqyasları, xüsusiyyətləri ilə bağlı tapşırıqlar vermiş, dönə-dönə onların icrasına yenidən qayıtmışdır.

Qeyd etmək lazımdır ki, hazırda eyni zamanda icra olunan dövlət proqramlarının sayı onlarladır və bu proqramlar ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatın bütün sahələrini əhatə edir. Mərkəzində 2012-ci ildə uzun sürən müzakirələrdən sonra qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının dayandığı bu dövlət proqramları sisteminin uğurla tətbiq edilməsi bir çox digər amillərlə bərabər, həm də dövlət başçısının səlahiyyət müddətlərinin optimal həddə qədər artırılmasını zəruri edir.

Dünya təcrübəsinə müraciət etsək, müxtəlif dövlətlərdə dövlət başçısının səlahiyyət müddətlərinin konstitusiya yolu ilə dəfələrlə azalıb-artırıldığının şahidi olarıq. Bu, kifayət qədər ciddi məsələdir və hər bir dövlətin belə qərarını təhlil edərkən ilk növbədə qərarın qəbul edildiyi konkret tarixi vəziyyət, ölkənin geosiyasi şəraiti, qərarın qəbul edilməsini şərtləndirən amillər, birinci növbədə isə bütövlükdə dövlətin maraqları nəzərə alınmalıdır. Konstitusiya adətinin qanun səviyyəsində tətbiq edilməsinə baxmayaraq, ABŞ-da 1933-1945-ci illərdə Franklin Delano Ruzveltin 4 dəfə dalbadal prezident seçilməsi, bu gün də dövlət idarəetməsinin demokratikliyi ilə əksər dövlətlərə nümunə olan Finlandiya Respublikasında Urxo Kaleva Kekkonenin 25 il fasiləsiz prezidentliyibu zaman ərzində dəfələrlə parlamenti buraxması, hökuməti istefaya göndərməsi məhz konkret dövrdə konkret dövlətin qarşısında dayanan vəzifələrdən irəli gəlmişdir. Bütün bunlarla bərabər, prezidentin, eləcə də digər ali hakimiyyət orqanlarının səlahiyyət müddətləri müəyyən edilərkən sadə bir üsuldan - ağlabatanlıq prinsipindən istifadə edilməsi daha məqbuldur. Yeri gəlmişkən, 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə istifadə edilmiş bu prinsip hazırda müzakirə etdiyimiz Konstitusiyada dəyişikliklərin daha bir yerində - “Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” adlanan 60-cı maddəsinin II hissəsində də işlənilməkdədir: Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Göründüyü kimi, öz inkişafının indiki mərhələsində Azərbaycan xalqının öz Konstitusiyasında dəyişiklik edərək dövlət başçısının səlahiyyət müddətlərini 7 ilə qədər artırmaq istəyini məhz ağlabatan müddət kimi qəbul etmək olar.

Yeri gəlmişkən xatırladaq ki, hazırda respublika idarəetmə formalı dövlətlərdə prezidentlik müddəti 1 ildən 7 ilədək olan dövrü əhatə edir. Düzdür, bəzi istisnalar da vardır. Məsələn, San-Marino dövlətinin regent-kapitan adlanan başçısı cəmi 6 aylıq bir müddətə seçilir. Lakin parlamentli respublika olan bu cırtdan dövlətin faktiki rəhbəri baş nazirdir. Prezident isə daha çox turistləri dünyanın ən qədim respublikası sayılan bu dövlətə cəlb etməyin üsullarından biridir və ölkənin iki konsul tərəfindən idarə olunan Roma ənənələrinə sadiqliyini nümayiş etdirir.

İsveçrə Prezidenti 1 illiyə seçilsə də o, dövlət başçısı sayılmır. Bu vəzifəni 7 nəfərdən ibarət kollegial qurum - Federasiya Şurası yerinə yetirir. Ölkə konstitusiyasına görə, hətta xarici dövlətlərə səfərlərdə şura üzvlərinin hamısı iştirak edir. Şura üzvlərinin ikisi bir təqvim ili ərzində prezidentvitse-prezident vəzifələrinə təyin olunur. Bir çox hallarda şura üzvləri on illərlə dəyişilmədiyindən onun üzvləri bəzən dövri olaraq bir neçə dəfə prezident olur.

İki illiyə prezident seçilməsə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu müddətə seçilirlər. Dövlət başçısı Böyük Britaniya kraliçası sayılan Avstraliyada parlament üç illiyə seçilirbununla, 3 ildən bir ölkənin hökuməti də təzələnir. 1997-ci ilə qədər Latviya Prezidenti də 3 illiyə seçilirdi. Sonra bu müddət artırıldı.

ABŞ, Braziliya, Argentina, Nigeriya kimi böyük dövlətlərdə prezident, İspaniya, İtaliya, Avstriya, AFR kimi dövlətlərdə parlament 4 illiyə seçilir. 2009-cu ilə qədər Rusiyada da prezidentparlament 4 illiyə seçilirdi, həmin vaxtdan etibarən konstitusiyaya edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq seçilmiş prezidentin səlahiyyət müddəti 6 ilə qədər artırılmışdır. Müvafiq olaraq parlamentin aşağı palatasının - Dövlət Dumasının da səlahiyyət müddəti artırılaraq 5 ilə çatdırılmışdır. AFR, Fransa, Hindistan, Macarıstan, Yunanıstan, İndoneziya, bir çox digər dövlətlərdə dövlət başçısının səlahiyyət müddəti 5 ildir.

Hazırda Meksika, Filippin, Avstriya, Finlandiya prezidentləri, nisbətən son vaxtlara qədər Cənubi Amerikanın əksər dövlətlərinin başçıları 6 illik, İtaliya, İrlandiya, İsrail prezidentləri 7 illik müddətə seçilirlər.

Bu kiçik xatırlatmadan da məlum olduğu kimi, dövlət başçısının səlahiyyət müddəti müəyyən edilərkən əsas götürülən amillərdən biri ölkənin tarixi inkişaf xüsusiyyətləri, adət-ənənələri olur. Bununla belə, dövlət quruculuğunun konkret mərhələsində cəmiyyətin və dövlətin mənafeləri naminə bir sıra dövlət təsisatlarının, o cümlədən dövlət başçılarının səlahiyyət müddəti artırılır, yaxud azaldılır ki, yuxarıda dediyimiz səbəbdən bu, heç bir sual doğurmur. Dövlət başçılarının səlahiyyət müddətinin dəyişdirilməsinin səbəbləri kimi prezident hakimiyyətinin gücləndirilməsi, yaxud zəifləməsi, tez-tez keçirilən seçkilərə çəkilən xərclərin azaldılması, müddət dəyişdikdə (xüsusən artırıldıqda) prezidentin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanlarının artacağına inamın yaranması, avtoritar keçmişlə mübarizə və s. göstərmək olar. Bəzi hallarda bu, hətta dəblə ayaqlaşmaq kimi də dəyərləndirilə bilər. Fransada prezidentin səlahiyyət müddəti 1873-cü ildən 2009-cu ilə qədər - 137 il ərzində 7 il olmuşdur. 2000-ci ildə ozamankı Prezident Jak Şirak bu müddətin 5 illiklə əvəzlənməsini təklif etmiş və belə əsaslandırmışdır ki, yeddi il çoxdur, beş il daha müasirdir.

Bildiyimiz kimi, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçkilərlə bağlı ictimai münasibətlərin əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilsə də, bu sahədə mövcud olan, eyni zamanda, daim yenilənən və inkişaf edən ictimai münasibətləri 2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsi tənzimləyir. Qüvvədə olan seçki qanunvericiliyinə görə prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir (Maddə 178. Prezident seçkilərinin təyin edilməsi). Prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar prezident seçkiləri təyin edilir (Maddə 206). Seçki Məcəlləsinin hazırda qüvvədə olan 207-ci maddəsinə görə növbədənkənar prezident seçkiləri də Mərkəzi Seçki Komissiyasının qərarı ilə keçirilir. Seçki Məcəlləsinin “Növbədənkənar prezident seçkilərinin keçirilməsi” adlanan 179-cu maddəsinə görə, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda (Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi) prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir. Bu hal növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir. Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar prezident seçkilərinin keçirilməsi müəyyən edilirbu seçkilər növbəti prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu halda Mərkəzi Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz hüquqi qüvvəsini saxlayır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 avqust 2003-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003).

Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir.

Konstitusiyanın 105-ci maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir. Təklif edilən dəyişiklik 3 aylıq müddətin 60 günlə əvəzlənməsini nəzərdə tutur. 101-ci maddənin I hissəsinə isə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilməsi təklif olunur: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”. Burada diqqəti çəkən məqam kimi qeyd etmək istərdik ki, əgər adi halda, yəni, növbəti prezident seçkilərinin Konstitusiya ilə müəyyən edilmiş vaxtı çatdıqda bu seçkiləri Mərkəzi Seçki Komissiyası təyin edirsə, növbədənkənar seçkilərin isə referenduma çıxarılan akta görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilməsi nəzərdə tutulur. Bu, onu deməyə əsas verir ki, Prezident hətta tam fəaliyyət qabiliyyətli olduqda da bunun üçün zəruri əsaslar olduğu təqdirdə heç bir əsas göstərmədən növbədənkənar seçki elan edə bilər. Bu səlahiyyət həmçinin Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərini həyata keçirən birinci və ardıcıllıq qaydasında digər vitse-prezidentlərə də aiddir.

Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Konstitusiyaya edilmiş istənilən dəyişiklik və yaxud əlavə cari qanunvericiliyin ciddi yenilənməsini tələb edir. Bu yolla mövcud qanunvericilik Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğunlaşdırılır. Şübhəsiz ki, bu dəfə də seçicilər tərəfindən lazımi dəstək aldıqdan sonra qanunverici orqan tərəfindən müvafiq hərəkətlər ediləcək və son nəticədə miqyasları getdikcə genişlənən islahatların etibarlı hüquqi təminatı yaradılacaq.

Fəxrəddin NAĞIYEV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri

Azərbaycan.-2016.- 24 sentyabr.- S.9.