Üzeyir bəyin məktubları

Və ya bu dünyada ayrılıq var, ölüm var...

Ceyhun Hacıbəyli-125

Ən böyük arzum sizi görməkdir.

Əmma nə siz gələ bilirsiniz, nə də biz...

Üzeyir bəyin mühacirətdəki qardaşı Ceyhun bəyə məktubundan

Neçə illərdir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin tarixi irsinin indiyə qədər məlum olmayan zəngin sənədlər əsasında cəmiyyətə çatdırılması sahəsində, həqiqətən, tarixi işlər görür. Və belə uğurlu təşəbbüslərdən biriCeyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında nəşr edilmiş Qürbətdən gələn səslər (Bakı, Şərq-Qərb nəş., 2016) kitabıdır ki, onu nəşrə tanınmış araşdırıcı-arxivçi Aslan Kənan çox mükəmməl bir şəkildə hazırlamışdır.

Kitaba daxil edilmiş məktublarda son dərəcə istedadlı, vətənpərvər və vicdanlı bir ailənin məruz qaldığı həm ictimai-ideoloji, həm də fərdi-psixoloji təzyiqlərin bütöv bir mənzərəsi - ağrıları, üzüntüləri əks olunur... Lakin, fikrimcə, ən əlamətdar cəhət bu dözülməz vəziyyət qarşısında Üzeyir bəyin nümayiş etdirdiyi soyuqqanlılıq, ilahi təmkin, ən böhranlı günlərdə belə özündən kiçik (və dara düşmüş) qardaşına bir az səbir edin, görək nə olur deyə təsəlli verməsidir.

Ceyhun bəyin gənclik çılğınlığı, həm ictimai-siyasi, həm də şəxsi münasibətlərdə göstərdiyi maksimalizm, emosionallıq əvəzində Üzeyir bəyin mütəvaze təmkini (və müdrikliyi) xüsusilə seçilir. Doğrudur, yeri gələndə o da kiminsə barəsində namərddir, hətta alçağın biridir deyir, ancaq bunlar onun leksikonunda təfəkkür tərzinə (və həyat fəlsəfəsinə) təsir edəcək miqyasda deyil. O mənada ki, əgər kimsə namərd və ya alçağın biridirsə, onunla mübahisəyə, yaxud mübarizəyə qalxışmaq yox, sadəcə, ondan aralı durmaq lazımdır... Üzeyir bəy haqq-ədalət hissinin itdiyi bir dövrdə bütün təfsilatı ilə dərk edir ki, bir tərəfdən Bakıda (vətəndə!) öz böyük ailəsini (həmin ailə, adətən, bir evdə, Üzeyir bəyin himayəsində yaşayırdı) qorumalı, digər tərəfdən, mühacirətdəki qardaşına (və onun ailəsinə) həm maddi, həm də mənəvi kömək göstərməlidir. Üçüncü bir məqam da vardı, o da Üzeyir bəyin həyat ideallarının əsasında dayanan çoxtərəfli parlaq yaradıcılığı idi ki, əlbəttə, müdafiəsinə, inkişaf etdirilməsinə daha böyük ehtiyac duyulurdu.

Bolşeviklərin hakimiyyəti ələ keçirdiyi ilk illərdə Üzeyir bəy, məktublardan belə məlum olur ki, kifayət qədər nikbindir. Qardaşına Bakıda vəziyyətin normallığını, həm iqtisadi, həm də mədəni inkişafın getdiyini, Ceyhun bəyin vətənə qayıtması üçün heç bir maneənin olmadığını yazmaqla tezliklə görüşəcəklərinə böyük ümidlər bəsləyir...

Bu saət məni məşğul edən məsələ sizi Bakıya gətirməkdir. Əvvəllərdə mən bu fikirdə idim ki, özüm oraya gəlim, sizinlə görüşüm, fəqət indi baxıb görürəm ki, sizin Bakıya gəlməyiniz daha məsləhətdir. Hamı sizləri görmək arzu edirlər, baxüsus, nənəm.

...Buraların əhvalı çox yaxşıdır. Hər kəs öz işinə məşğul olub, istirahətlə dolanır... Bütün hökumət idarələri türkləşir və milliləşir, fəqət biligli adamlarımız az olduğuna görə bu bir az ağır gedir, ancaq hər halda irəliləyir.

Mən öz-özlüyümdə özümü çox sərbəst hiss edirəm və türk musiqisi tərəqqisi yolunda hər nə fikrim olsa, hökumət mənə lazım olan köməyi edib fikrimi yeridirəm.

Lakin tədricən ümidlər azalır. Və Üzeyir bəyin məktublarında diplomatik ehtiyatlılıq özünü hiss etdirməyə başlayır... Ancaq qardaşına heç zaman gəlməyin demir...

...Sizin Bakıya qayıtmaq məsələsi xüsusində səndən kağız gözləyirəm ki, görüm bu barədə sənin öz məsləhətin nə tövrdür. Hər halda Bakıya qayıtmaq asan bir məsələdir, bu şərtlə ki, bu xüsusda məndən müfəssəl kağız alıb sonra qayıdasınız, kağız almayınca gözləməyin lazım gəlir...

Yaxud:

...Sizin buraya qayıtmağınız məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezliklə buraya qayıtmağınız yaxşıdı... SSRİ səfarətxanəsinə müraciət edib Azərbaycana qayıtmağa izin istərsiniz, ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir... İzin aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməginiz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır...

Üzeyir bəyin bir sıra məktublarının tarixi yoxdur... Lakin məzmunundan hiss olunur ki, 20-ci illərə - hələ ümidlərin tam qırılmadığı dövrə aiddir...

...Axırda bu günlərdə yoldaşlardan Əliheydər ilə görüşüb işi bu qərara qoyduq ki, biz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə müraciət edək ki, sizin buraya gəlməginizə izinviza versinlər, onu alan kimi sizə məlum edərik. O halda siz də gələrsiniz. Əliheydər yoldaş söz verir ki, sən gələn kimi yaxşı qulluq sahibi olarsan və bizə qarşı göstərilən hörmət sənə dəxi göstərilər.

Yaxud:

...İşlər böylə olduqdan sonra sənin əsəbilik etməyə bundan sonra heç bir haqqın yoxdurbirbu əsəbiligi bir kərə kənara tullamağın vəxti çoxdan yetişibdir... Əlavə, başını həmişə bir ilə məşğul et ki, malxulyaya məhəl qalmasın və birora qəzetlərinin və ya ağız danışıqlarının bizim haqqımızda söylədikləri və yazdıqları axmaq, yalan və mübaliğəli sözlərinə heç bir əhəmiyyət vermə. Biz çox yaxşı dolanırıq və heç bir şeydən şikayət etməyə ehtiyacımız yoxdur...

Həmin illərdə Üzeyir bəyin (və onun ailəsinin) çox yaxşı dolanmasından söhbət belə gedə bilməzdi, işi isə həddini aşır, bəzən istirahətə, müalicəyə belə nə vaxt, nə də pul tapırdı...

Azərbaycanda siyasi- ideoloji vəziyyətin tədricən dəyişməsi, milli müstəqillik tərəfdarlarına qarşı repressiyanın güclənməsi, dünyagörüşündən asılı olmayaraq hər bir mühacirin sovet hökumətinin düşməni hesab olunması Ceyhun bəyin Bakıya qayıtması barədəki ümidləri tamamən heçə endirir. Lakin bu halda da Üzeyir bəy nəinki təmkinini itirir, hətta özünü tox tutmaq, bunu qardaşına da sirayət etdirmək üçün məişət zəminində zarafatlara keçir:

Salam-duadan sonra çoxdandır ki, sizə məktub yazmamışam (Axı o şəraitdə nə yaza bilərdi? - N.C.), onun zərəri yoxdur. Çünki başımız çox qarışıq olur işlərə. Hər halda (! - N.C.) biz hamımız sağsalamat varıq. Nənəm (söhbət Üzeyir bəylə Ceyhun bəyin anasından gedir - N.C.) lap qocalıbdır. Qulaqları o qədər ağır eşidir ki, ona söz qandırmaq çox ağır olur. Amma mədəsi çox yaxşıdır, yemək-içməyi də sazdır... Niyazi ilə Çingiz aradabir arvad alıb, sonra boşayıbdırlar. Niyazi bu günlərdə ikinci bir arvad alıbdır. Görək onun axırı necə olar...

1932-ci ildə yazılmış bu məktubun sonunda deyilir:

Siztövr dolanırsınız? İşləriniz necə gedir, dolanacağınız ağır deyilmi? Bu işlər bizi çox nigaran edir. Ümidvaram ki, axırımız yaxşı olar və genə görüşərik, bir az səbir və səbat lazımdır...

Bu isə o deməkdir ki, artıq hər şey Allahın əlindədir... Bəndəyə heç bir ümid yoxdur...

Məktublaşmalar da kəsilir...

Üzeyir bəylə Ceyhun bəy bir daha görüşə bilmədilər... Lakin Aslan Kənanın kitabında verilmiş, biri digərilə ruhən bağlı olan iki sənəd də, fikrimcə, həm təsirli, həm də rəmzidir. Onlardan birincisi mühacir milli mücadiləçi Hilal Münşinin Ceyhun bəyə qardaşı, milli oyanış tariximizin ən tanınmış siması Üzeyir Hacıbəylinin vəfatı ilə əlaqədar yazdığı başsağlığı məktubudur. burada ürəkdən təəssüf edilir ki, çox yazık ki, merhum vatanının tekrar istiklala kavuşacağı yakın tarihlere kadar yaşamadan hayata veda etdi... İkinci sənəd isə Ankarada çıxan Mücahid dərgisi mənsublarının Ceyhun bəy Hacıbəylinin vəfatını azerbaycanlıların büyük kaybı saymaları ilə yanaşı, mərhumun ünlü Azerbaycan bestekarı Üzeyirbey Hacıbeylinin kardeşi olmasını ayrıca qeyd etmələridir.

Üzeyir bəylə Ceyhun bəy ayrılıqdan sonra bir daha görüşə bilmədilər... Nə edəsən, bu dünyada həyat varsa, ayrılıq da var, ölüm də...

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2016.- 24 sentyabr.- S.11.