Ölkəmizin “Mədəniyyət paytaxtları”nın coğrafiyası genişlənir

 

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır. Ölkə rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da məhz mədəni irsə qayğının göstəricisidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalq sənətkarlığının inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması, folklor yaradıcılığının təbliği və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələr çox geniş məkanda rezonans doğurmaqdadır.

Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivalları, sənətkarlıq yarmarkaları, diyarşünaslıq mövzusunda “dəyirmi masalar, konfranslar, digər tədbirlər təşkil olunur. Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi artıq bir sıra bölgələrdə həyata keçirilərək müsbət nəticəsini verməkdədir.

Bu sahədə reallaşdırılan müvafiq konseptual layihələr sırasında “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının xüsusi yeri var. Proqrama uyğun olaraq regionlarda keçirilən müvafiq tədbirlər Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi inkişafa xidmət edir. Ötən illərdə proqrama əsasən üç nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 15 rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olunub. Bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masalar, konsertlər, festival və sərgilər keçirilib.

Xalq yaradıcılığı paytaxtları” proqramında diyarşünaslıq (əfsanələr), folklor və sənətkarlıq istiqamətləri üzrə “Xalq yaradıcılığı paytaxtları”nın seçilməsi nəzərdə tutulub. Hər üç nominasiya üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhər və rayonların ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edilib və Azərbaycanın “Əfsanələr paytaxtı”, “Folklor paytaxtı” və “Sənətkarlıq paytaxtı” elan olunub. Proqramın icrasına başlanılan 2010-cu ildə Gəncə “Əfsanələr paytaxtı”, Şəki “Sənətkarlıq paytaxtı”, QazaxFolklor paytaxtı” seçilib. Həmin il ərzində “paytaxt” proqramlarına uyğun olaraq adları çəkilən şəhər və rayonlarda ümumilikdə 190-dək müxtəlif tədbir keçirilib.

2011-ci ildə Şabran Azərbaycanın “Əfsanələr paytaxtı”, Lənkəran “Folklor paytaxtı”, İsmayıllı rayonu isə “Sənətkarlıq paytaxtı” statusu qazanıb. Həmin bölgələrdə il ərzində 170-dən çox mədəni-kütləvi tədbir keçirilib ki, bunun da nəticəsində həm əhalinin mədəni istirahəti təmin edilib, həm də xalq sənətkarlığı nümunələrinin ayrı-ayrı bölgələrdə qorunması vəziyyətinə aydınlıq gətirilib.

Proqramın üçüncü ilində respublikamızın zəngin tarixə malik bölgələrindən sayılan Gədəbəy “Əfsanələr paytaxtı”, Masallı “Folklor paytaxtı”, Quba “Sənətkarlıq paytaxtı” seçilib. Həmin il bu bölgələrdə 120-dək tədbir keçirilib. Bunlardan savayı, Masallıda beynəlxalq folklor festivalının, QubadaAlma bayramı”nın əsası qoyulub.

2013-cü il Azərbaycanın “Əfsanələr paytaxtı” elan olunan Xaçmazda, “Folklor paytaxtı” Zaqatalada və “Sənətkarlıq paytaxtı” seçilən Göygöl rayonunda keçirilən müxtəlif (ümumilikdə 160 tədbir) rəngarəng tədbirlərlə yadda qalıb.

Proqramın yekunlaşdığı 2014-cü ildə Qəbələ ölkəmizin “Əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron isə “Sənətkarlıq paytaxtı” elan edilib. Həmin layihə əsasında bu bölgələrdə 120-dək müxtəlif forma və məzmunlu mədəni-kütləvi tədbirlər - festivallar, konsert proqramları, “dəyirmi masalar, yaradıcılıq görüşləri, sərgilər və s. təşkil edilib.

Xalq yaradıcılığı paytaxtları” proqramının icra edildiyi beş ildə keçirilən tədbirlərin bir qismi artıq ənənəvi hal almaqla yanaşı, əhatə coğrafiyası ölkəmizin sərhədlərini aşıb. 2011-ci ildə Masallıda əsası qoyulan “Beynəlxalq folklor festivalı”na müxtəlif ölkələrin bədii kollektivləri qatılıb. Qəbələdə 2013-cü ildən keçirilən “Mürəbbə festivalı”, Şəkidə əsası qoyulanŞirniyyat festivalı”, Balakəndə təşkil olunanFolklorturizm festivalı” xalq sənətkarlığının, mədəni irsimizin, eləcə də bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm imkanlarının təbliği baxımından əhəmiyyətli layihələr, gələcək üçün ənənələrin başlanğıcı hesab edilir.

Bu layihələr eyni zamanda bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayon, şəhər, kənd və qəsəbəsində ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir.

2014-cü il aprelin 24-də Qəbələnin “Əfsanələr paytaxtı” seçilməsi ilə əlaqədar rayon mədəniyyət mərkəzində tədbir keçirilib. Burada “Əfsanələr paytaxtı ilinin Qəbələnin mədəni həyatına xüsusi rəng gətirdiyi vurğulanıb. Tədbir çərçivəsində dövlət rəsm qalereyasının fondundan seçilmiş rəsm əsərlərinin sərgisi təşkil edilib.

“Əfsanələr paytaxtı”nda il ərzində keçirilən mədəni-kütləvi tədbirlərdən biriburada fəaliyyət göstərən xalq teatrında İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanmış tamaşanın göstərilməsi idi. Bu sıraya Qəbələdə artıq üçüncü dəfə keçirilən “Mürəbbə festivalı”nı da əlavə etməliyik. Burada 21 rayonun şirniyyatçılarının ən dadlı əl işlərinin nümayişi ilə yanaşı, satışının da təşkili xüsusi əhəmiyyət daşıyırdı. Çünki Qəbələ son illər əcnəbi və yerli turistlərin ən çox diqqətini və marağını çəkən bölgələrimizdən sayılır. Qəbələdə ötən il ərzində keçirilən mədəni tədbirlər, eyni zamanda, bölgənin tarixi, folklor və zəngin etnoqrafiyasının təbliği deməkdir. Azərbaycan Prezidenti

İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Qəbələ Arxeoloji Mərkəzi də bu qədim yurdun tarixisirli keçmişindən soraq verdiyi üçün olduqca böyük əhəmiyyət daşıyır.

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu da coğrafi mövqeyi, təbiət gözəllikləri, qədim tarixi abidələri ilə yalnız yerli deyil, əcnəbi turistlərin də diqqətini daim cəlb edir. 2014-cü ildə Balakənin Azərbaycanın “Folklor paytaxtı” elan olunması münasibətilə keçirilən təqdimat mərasimində onun tarixi keçmişibu gününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş olundu. Balakəndə bir çox azsaylı xalqların nümayəndələri yaşayır. “Folklor ili” çərçivəsində onların da maddi-mədəniyyət nümunələri dünyaya tanıdıldı. Təqdimat mərasimində bölgənin, xüsusən Balakəndə yaşayan xalqların milli adət-ənənələri, folkloru nümayiş etdirildi.

Abşeronun “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar rayonun ayrı-ayrı qəsəbə və kəndlərində silsilə tədbirlər təşkil olundu. Göradil folklor klubunda keçirilən “Bizdə şeirvar, sənət də var” adlı poeziya, muğamyumor gecəsi tamaşaçılara xoş təəssürat bəxş etdi. Beynəlxalq abidələr günü ilə əlaqədar “Abşeronun tarixi və mədəni abidələrinin ikinci həyatı” adlı sərgi-seminar keçirildi. Məktəblilərin rayonun tarixi abidələrinə ekskursiyaları təşkil olundu. Qobu qəsəbəsindəki Sənətkarlıq evində xalça ustaları ilə “Qədim el sənətini yaşadanlar” adlı görüş keçirildi. İştirakçılar xalq tətbiqi, dekorativ və təsviri sənət nümunələrinin daimi sərgisi ilə tanış oldular.

Abşeronun mədəni irsi ölkəmizdən kənarda da təqdim edildi. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyi və Manisa Gözəl Sənətlər və İdman Liseyinin dəvəti ilə bu şəhərlərdə “Abşeron - sənətkarlıq paytaxtı” mövzusunda təqdimatlar keçirildi. Ümumilikdə 2014-cü il “Sənətkarlıq paytaxtı” Abşeron üçün də sənət dolu bir il oldu.

2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edildi. Bunlar bölgələrdə mədəniyyət tədbirlərinin canlanmasına təkan verdi.

Bu il martın 11-də Muzey mərkəzində Mədəniyyət və Turizm NazirliyininXalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qusar rayonunun 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasına həsr olunmuş təqdimat mərasimi keçirildi. Təqdimat tədbirində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət BabayevXalq Yaradıcılığı paytaxtları” proqramı haqqında geniş məlumat verdi. O bildirdi ki, proqram ölkəmizdə qeyri-maddi mədəni irsin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə həyata keçirilir.

26 noyabr 2015-ci il tarixində Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri daimi şurasının növbəti 33-cü toplantısında çıxış edən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təşkilat tərəfindən həyata keçirilənTürk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğulayaraq qədim tarixə malik, mədəni mərkəzlərdən olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin nəzərdən keçirilməsini xahiş etmişdir. Təklif üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilmiş və Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Qeyd edilmişdir ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində Azərbaycanda turizmin inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oynayacaq.

“Mədəniyyət paytaxtları” proqramının davamlı şəkildə həyata keçirilməsi nəticəsində heç bir qədim rayon və şəhər diqqətdən kənarda qalmır. Dövlətimizin mədəniyyət siyasətinin inkişafına təkan verən “Mədəniyyət paytaxtları” layihəsi maraqla izlənilir. Xalqın tarixini, folklorunu, mətbəx mədəniyyətini təşviq edən bu cür layihələrin həyata keçirilməsi ilk növbədə, milli-mənəvi sərvətlərin daha geniş auditoriya və məkanlarda təbliği deməkdir. Bu isə dövlət siyasətinin prioritetlərindəndir.

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2016.- 24 sentyabr.- S.11.