İlham Əliyev pambıqçılığı

böhrandan xilas etdi

 

Ağcabədililər tarlaları hünər meydanına çeviriblər

 

Aqrar sektorda sürətli inkişafın dönüş nöqtəsi kimi artıq tarixə çevrilən Sabirabad müşavirəsinin səhəri günü, Ağcabədi rayonunun kəndliləri bir araya gəlmişdilər. Məqsəd sözügedən müşavirədə respublika Prezidenti İlham Əliyevin ölkədə pambıqçılığı inkişaf etdirməyə hesablanan proqram xarakterli nitqində qarşıya qoyulan vəzifələrlə əlaqədar qarşıdakı illərdə Ağcabədidə görüləcək işləri müəyyənləşdirmək, ərtaflı məsləhətləşmək idi.

 

Müşavirə keçirilən salonda boş yer qalmamışdı. Dəvətlilərdən çoxu öz istəyi ilə, ürəyinin hökmü ilə gələnlər idi. Müşavirəni aparan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bir başa mətləbə keçdi:

- İndi Azərbaycan kəndi əlamətdar tarixi günlərini yaşayır. Son dərəcə gəlirli sahə olan pambıqçılığı sürətlə inkişaf etdirmək, bu sahədə ötən əsrin 70-ci illərinin şöhrətini qaytarmaq üçün dövlət başçısının güclü iradəsi ortadadır. Bir zamanlar Ağcabədi respublikanın iri pambıqçılıq mərkəzlərindən sayılırdı. Sonralar pambığa münasibət kəskin şəkildə dəyişdi, kəndlinin əli işdən soyudu. Pambıqçılıqda acınacaqlı vəziyyət yarandı. Ölkədə əmək ehtiyatlarını, mövcud iqtisadi potensialı, münbit torpaq sahələrini, bol su mənbələrini son dərəcə dəqiqliklə dəyərləndirən Prezident İlham Əliyev pambıqçılığın dinamik inkişafına start vermiş, qarşıya konkret vəzifələr qoymuşdur. Ağcabədidə bu il 3.661 hektar sahədə pambıq əkilib. Bu, keçən ildəkindən 2,5 dəfə çoxdur. Tələb olunan bütün aqrotexniki tədbirlər yüksək səviyyədə yerinə yetirilmiş, böyük zəhmət bahasına tarlalarda bol məhsul yetişdirilmişdir. Hər hektardan 25-30 sentner məhsul gözləyirik. Artıq yığım kampaniyasına başlanmışdır. Yığımda texnikaya üstünlük verilir. Pambıqyığan maşınların işi yaxşıdır. İlk nəticələr pis deyil. Hələlik birinci üz yığımından bir çox təsərrüfatlarda 30 sentner məhsul götürülüb. Keçən il isə hər hektarın məhsuldarlığı 15,5 sentner olmuşdur.

Pambıq strateji məhsuldur. Onun ixracı ölkəyə valyuta gətirir. Bolluğu kəndlinin firavanlığı, xoş güzəranıdır. Bu il pambığın əkilib-becərilməsində 7000-dən çox rayon sakini iştirak etmişdir. Pambıq əkinlərini genişləndirməklə yerlərinin sayını dəfələrlə artırmaq olar. Dövlət aqrar sektorun inkişafı istiqamətində atdığı yeni addımlarda məhz sosial hədəfləri də ciddi şəkildə nəzərə alır.

Pambıqçılığı inkişaf etdirmək üçün rayonda geniş imkanlar var. Qarşıdakı ildə pambıq əkini səhələrini azı iki dəfə artırmağı nəzərdə tuturuq. Bu, realdır. Ancaq gücümüzü, imkanlarımızı, mövcud ehtiyat mənbələrini bir daha götür-qoy etməliyik. İndidən elə hazırlıq görməliyik ki, gələn il sözümüzlə əməlimiz üst-üstə düşsün.

Müşavirədə müxtəlif kəndlərdən gəlmiş pambıqçılar da danışdılar, müzakirə olunan məsələyə münasibət bildirdilər. Pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətə görə respublika Prezidenti İlham Əliyevə minnətdarlıq bütün çıxışlarda qırmızı xətt kimi keçirdi. Hər kəs düşündüyünü, ürəyindən keçəni deyirdi, səmimi danışırdı. Geniş təhlilin, ətraflı fikir mübadiləsinin yekunu olaraq 2017-ci ildə pambıq əkinlərini 8 min hektara çatdırmağa qərar verildi. Salonda yerbəyerdən “Allah xeyir versin!” sədaları ucaldı.

Müşavirə başa çatır. Adamların üz-gözündən sevinc-fərəh süzülür. Onlardan birinin - Kəhrizli kəndindən gəlmiş fermer Hədiyyə Əliyevanın təəssüratlarını bölüşürük:

- Pambıqçılıq bizim ata-baba sənətimizdir. Əvvəllər briqadir işləmişəm. Sonralar pambığa ögey münasibət olsa da, mən tarlalardan ayrıla bilmədim. Fermer təsərrüfatı yaradıb, hər il pambıq əkib-becərdim. Bu il isə 75 hektarda bol məhsul yetişdirmişik. Hər hektarın məhsuldarlığı əminliklə deyə bilərəm ki, 35 sentnerdən çox olacaqdır. Pambıqçılığın inkişafına Prezident İlham Əliyevin xüsusi qayğı və diqqət göstərməsi bizi ruhlandırır. Gələn il 200 hektarda pambıq əkməyə qərarlıyam. Bunun üçün əlavə torpaq sahələrini icarəyə götürməyi nəzərdə tuturam. Bu məqsədlə torpaq sahibləri ilə danışıqlar aparır, məsləhətləşirik. Dövlətimizin güclü dəstəyinə arxalanıb böyük uğurlar qazanmaq əzmindəyik. Yaxşı bilirik ki, pambıqçılığın inkişafı həm dövlətimizin iqtisadi gücünün artması, həm də bizim xoş güzəranımızın, firavan həyatımızın təminatı olacaqdır.

Ağcabədidə pambıqçılıq sahəsində “MKT İK” və “CTS AQRO” MMC-nin pambıq istehsalı və emalı zavoduinnovasiya filialı fəaliyyət göstərir. “CTS AQRO” MMC Ağcabədi pambıq istehsalı və emalı zavodunun direktoru Nazim Mirzəyevlə söhbətimiz maraqlı oldu. N.Mirzəyevin dedikləri:

- Ağcabədinin Yuxarı Qiyamadınlı kəndində doğulmuşam. Ailəmiz çoxuşaqlı olub: yeddi bacı, üç qardaş. Pambıqdan götürdüyümüz qazancla böyümüşük. Məhsul yığımı vaxtı ailəmiz hər axşam qapana 1000 kiloqramdan çox pambıq qoyurdu. Mən özüm təkbaşına gündə 110-120 kiloqram pambıq yığırdım. Bunları təsadüfən, gəlişi xoş olsun deyə demirəm. Demək istədiyim odur ki, Ağcabədidə minlərlə ailə məhz pambıqçılıqla sıx bağlı olub. İndi Prezident İlham Əliyevin pambıqçılığı inkişaf etdirməyə, bu sahədəki köhnə şöhrəti qaytarmağa çağırışı bütün Ağcabədi camaatının ürəyincədir. Rəhbərlik etdiyim zavodun qayğılarından danışmağa keçməzdən əvvəl deyim ki, mən özüm hər il böyük bir sahəni icarəyə götürüb pambıq əkirəm. Bu il 65 hektarda bol məhsul yetişdirmişəm. Pambıq zavodunun direktoru olduğum üçün tam məsuliyyətimlə çalışmışam ki, gördüyüm başqalarına nümunə olsun. İndi hər şey göz qabağındadır. Pambıq yığımına başlamışıq. Yığım maşınlarla aparılır. İlk hektarlarda əldə edilən nəticə fərəhlidir: 34 sentner! Bu, birinci üz yığımının məhsuldarlığıdır. Hələ kolların üstündə açılmamış xeyli qoza var. İkinci üz yığımında isə hər hektardan azı 12-14 sentner məhsul götürəcəyik. Nəticədə hər hektarın məhsuldarlığı 45 sentnerdən yuxarı olacaqdır.

Zavod miqyasında gördüyümüz işlər də ürəkaçandır. 107 nəfər torpaq mülkiyyətçisi, sahibkar və icarədarla bağladığımız müqavilə əsasında 1300 hektarda pambıq əkmişik. Bu, əvvəlki ildəkindən 3 dəfə çoxdur. Becərmə işləri yüksək aqrotexniki qaydalar əsasında aparılıb. Əkinlərin su təminatı da yüksək səviyyədə olub. Rayon icra hakimiyyəti bütün müraciətlərimizə qayğı ilə yanaşıb, qarşılaşdığımız problemlərin həllində əsas yardımçımız olub. Becərmədə olduğu kimi, məhsul yığımında da üstünlüyü texnikaya veririk. Biz pambıqçılığı inkişaf etdirməyə çalışmaqla, ölkə iqtisadiyyatını möhkəmləndirir, kənd əhalisinin dolanışıq səsiyyəsini daha da yaxşılaşdırmağa etibarlı bünövrə qoyuruq.

Öyrənirik ki, MKT İK MMC Ağcabədi filialının xətti ilə 1501 hektarinnovasiya filialının xətti ilə 700 hektar pambıq əkilmişdir. örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Zavodun direktoru Azər Quliyev deyir ki, yığıma 5 ədəd kombaynla başlamışıq. Yaxın günlərdə daha 3 ədəd kombayn almağa qərarlıyıq. İnnovasiya filialının həyata keçirdiyi aqrotexniki tədbirlər xüsusilə təqdirəlayiqdir. Filialın rəhbəri Fazil Musayev deyir ki, bu il 700 hektarda pambıq əkilib. Burada mütərəqqi texnologiyalara geniş meydan verilib. Çiyid səpinindən başlamış məhsul yığımı da daxil olmaqla, bütün proseslər mexanikləşdirilmişdir. Tarlaların suvarılması müasir sistem-pivotla aparılmışdır. Bu üsul həm suya qənaət edir, həm də torpağın şoranlaşmasının qarşısını alır. Eyni zamanda yüksək məhsuldarlığın təmin olunmasında etibarlı bünövrəyə çevrilir. Gələcəkdə bu üsulu daha geniş sahələrdə tətbiq etmək nəzərdə tutulur.

Ağcabədi kəndlisi bu gün xoş ovqat içindədir. Dövlət başçısının pambıqçılığın inkişafına verdiyi böyük önəm taleyini torpağa bağlayan, alın tərinə, halal zəhmətinə güvənən sadə əmək adamlarının könlündə yenixoş arzular oyadıb. Dövlətin qayğısından güc alan kənd əməkçiləri tarlada bolluq, bərəkət həvəsilə çalışırlar. Bol məhsullu sahələr yenidən hünər meydanına çevrilir. Tədarük məntəqələrində ilk pambıq tayalarının bünövrəsi qoyulur. Çox keçməyəcək ki, bu tayalar bəyaz qara bürünüb ard-arda sıralanacaq. Qoy olsun! Zəhmətiniz hədər getməsin, tarla bahadırları.

 

L.QULİYEV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.1; 3.