Konstitusiya islahatları dövlət quruculuğunda

yeni mərhələnin başlanğıcı olacaq

 

Ölkə vətəndaşları sabah Əsas Qanuna 29 əlavə və dəyişikliyə münasibət bildirəcəklər

 

Sabah Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ümumxalq referendumu keçiriləcək. 2016-cı il iyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdı.

Konstitusiya Məhkəməsi Referendum Aktının layihəsinə müsbət rəy verdikdən sonra ölkə başçısı 26 sentyabr tarixində referendumun keçirilməsi ilə bağlı sərəncam verdi. Bu layihədə əksini tapan məsələlər insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün tələblərini cavablandıran islahatların həyata keçirilməsini təmin edəcək.

Hər bir ölkənin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan dövlətlər üçün səciyyəvi haldır.

Azərbaycanın bütün sahələrdə davamlı inkişafı, habelə ictimai şüurdakı pozitiv dəyişikliklər Konstitusiya islahatlarının aktuallığını bir daha önə çıxarır. 2002-ci ilin 24 avqustunda və 2009-cu il martın 18-də bu zərurət nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. 24 avqust 2002-ci ildə Əsas Qanunun 24 maddəsinə ümumilikdə 38 əlavə və dəyişikliklər edilmişdir. Referendumla qəbul edilmiş dəyişikliklər cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, qanunların bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşmə proseslərinin dərinləşdirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etmiş, Əsas Qanunun yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.

2009-cu il martın 18-də həyata keçirilən referendum zamanı isə ölkə Konstitusiyasının 29 maddəsinə 11 dəyişiklik və 39 əlavə edilmişdir. Əsas Qanuna edilən bu əlavə və dəyişikliklər ölkəmizdə demokratiyanın sürətli inkişafından irəli gəlməklə respublikamızın mötəbər beynəlxalq təşkilatlara tamhüquqlu üzv kimi qəbul edilməsi və ölkəmizin bu qurumlar qarşısında götürdüyü öhdəliklərlə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə bağlı olmuşdur.

18 mart referendumunun nəticəsi olaraq, Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarəetmə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir. Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxil idi. Ümumilikdə qeyd olunanlar bir daha təsdiqləyir ki, ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər məhz ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafelərinin səmərəli təminatına xidmət etmişdir. Konstitusiya islahatları həm də dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını, yüksək dəyər verdiyini bir daha təsdiqləyir.

Ümumxalq səsverməsinə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla respublikanın sivil, demokratik dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir. Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklər Konstitusiyanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edir. Referendum Aktının layihəsinə əsasən Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur. Bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə respublikamız bir çox inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə geridə qoymuş, ümumi daxili məhsulun artımı, cəmiyyətdə orta təbəqənin mövqelərinin möhkəmlənməsi insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə, habelə müasirləşdirilməsinə xidmət edən məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, ən başlıcası, siyasi-hüquqiiqtisadi islahatların bir-birindən təcrid edilmədən həyata keçirilməsi Konstitusiya islahatının hansı səbəblərlə şərtləndiyini bir daha əyani şəkildə göstərir.

Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevikeffektiv idarəetmə mexanizmi formalaşdırmaqdır. Dəyişikliklərin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Həmin dəyişikliklər aktuallığı, əhəmiyyəti ilə diqqəti cəlb edir.

Konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik prezidentliyə namizədlər üçün yaş senzini (35 yaş) aradan qaldırır. Bu dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Göründüyü kimi, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti aradan qaldırılır.

Bu zərurət həm də uzun illərin dövlət qayğısı nəticəsində ölkəmizdə yeni intellektual gənc nəslin yetişməsi, onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması məqsədəuyğunluğu ilə şərtlənir.

Konstitusiyanın 103-cü maddəsinə təklif edilən əlavəyə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur ki, bu da dövlət idarəçiliyini daha da müasirləşdirmək, səmərəliliyini artırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeni təsisatın yaradılması ölkə rəhbəri tərəfindən edilmiş dəyişikliklərin ümumi məntiqindən irəli gəlir. Konkret olaraq bu dəyişikliklərdə məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsinin və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir. Vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda icra hakimiyyəti və icra intizamının möhkəmləndirilməsinə nail olunacaq, iqtisadi islahatların genişləndirilməsinə və sürətlənməsinə təkan veriləcək.

Referendum Aktı layihəsində əsas dəyişikliklərdən biriprezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılmasıdır. Belə bir dəyişiklik xalqın idarəsi ilə seçilmiş dövlət başçısına qarşıya qoyduğu proqram və məqsədləri vaxt baxımından uğurla reallaşdırmaq imkanı verir, ikinci bir tərəfdən isə ölkəni mütəmadi olaraq seçkilər keçirmək yükündən azad edir. Hazırda dünyanın bir çox ölkəsində prezidentin səlahiyyət müddəti 6 və ya 7 il müəyyən olunmuşdurbu da normal qarşılanır. Belə bir dəyişikliyi, həm də Azərbaycanın yerləşdiyi coğrafiyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, eyni zamanda qlobal təhdidlər diktə edir.

Əsas Qanuna 981-ci maddənin əlavə edilməsi nəzərdə tutulub: “Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır”.

Konstitusiyaya yeni 981-ci maddənin əlavə edilməsi parlamentin nəzəri cəhətdən iflic vəziyyətə düşməsinin mümkünlüyü ilə bağlıdır. Bu təhlükə tək parlament üçün yox, hər bir kollegial orqan üçün mümkündür. Belə olduğu halda, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısı kimi Azərbaycan dövlətinin normal fəaliyyətini təmin etməlidir.

59-cu maddəyə təklif edilən dəyişikliklər sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin liberallaşması ilə bağlıdır. Artıq aydın olmalıdır ki, tənzimləmənin konkret məqsədi nədir və bu məqsədə xidmət etməyən buya digər qaydaların müəyyən edilməsi lazımsız hesab edilir.

Azərbaycan Respublikası Konstitusiyası ölkəmizin demokratiksivil yolla inkişafına ən başlıca təminatdır. Prezident İlham Əliyev fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin və qanunun aliliyinin tam təminatına çalışır. İnanırıq ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər mütərəqqi xarakteri ilə xalq tərəfindən birmənalı dəstəklənəcək, respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edəcək.

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.1-2.