Sumqayıtdakı Sülh küçəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev görülən işləri əks etdirən stendə baxıb.

Məlumat verildi ki, bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Diqqətə çatdırıldı ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib.

Bildirildi ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

AZƏRTAC

Azərbaycan.-2016.- 28 sentyabr.- S.2.