Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzinin, Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin, balacalar üçün əyləncə və istirahət guşələrinin burada inşa edilməsi ərazini daha da cəlbedici məkana çevirib.

Azərbaycan.-2016.- 28 sentyabr.- S.2.