Sumqayıtda Uşaq İncəsənət məktəbinin açılışı olub

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səid Rüstəmov adına Sumqayıt şəhər 3 saylı Uşaq İncəsənət məktəbinin açılışında iştirak edib.

Dövlət  başçısı məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev məktəblə tanış oldu.

Bildirildi ki, məktəb əvvəllər doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində və əlavə tikilmiş qeyri-yaşayış sahəsində yerləşirdi. Məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Yeni binanın inşasına keçən ilin noyabrında başlanılıb. Tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Ümumi sahəsi 2950 kvadratmetr olan bina üçmərtəbəlidir. Buradakı 27 sinif otağının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. Yüz iyirmi yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və emalatxanalarda dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda Uşaq İncəsənət məktəbində 730 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 217 müəllim məşğuldur.

Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi.

Sonra xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Azərbaycan.-2016.- 28 sentyabr.- S.3.