Azərbaycanın ən qədim

unikal kəndi - Xınalıq

 

Bura mehriban, zəhmətkeş insanların məskənidir

 

Xınalıqlılar min illərdir yaşayır, öz dillərini unutmur, adət-ənənələrini qoruyub saxlayırlar. Onların əsas məşğuliyyəti və dolanışıq mənbəyi heyvandarlıqdır.  Hər bir ailənin qoyun-quzusu var. Odur ki, Xınalıq sakinlərinin çoxu yayda yaylaqda, qışda qışlaqda olur.

Qaramal bəzən həyətyanı təsərrüfatlarda saxlanır, bəzən də qoyunçular inək-buzovu da yaylağa aparırlar.

Xınalıqlıların ən böyük qayğılarından biri mal-qara üçün yem tədarükü etmək - ətirli yamacların otunu, gül-çiçəyini vaxtında biçib, qurudub, yığıb tayalara vurmaqdır.

Xınalıqlı kişilərin məşğulluq sahələri təbiətin verdiyi imkanlardan və həyatın diktə etdiyi ehtiyacdan irəli gəlir. Məsələn, burada atçılıqla məşğul olmamaq mümkün deyil. Çünki bu dağlıq kənddə at əsas nəqliyyat vasitəsidir. Təbii şərait kənd sakinlərini ovçuluğa, arıçılığa da çox cəlb edir. Xınalıqlılar həyətlərində az miqdarda toyuq-cücə saxlayır, əkinçiliklə isə heç məşğul olmurlar. Çünki dağların döşündə mərtəbə-mərtəbə qalxan - amfiteatra bənzətdiyimiz bu ərazidə terras üsulu ilə əkin-biçin aparmaq çətin bir işdir.

Xınalıq sakinlərinin çox az bir qismi büdcə təşkilatlarında çalışır. Bunlar kənd müəllimləri, bir neçə nəfər həkim və feldşer, kitabxanaçı, poçt işçiləridir.

Qaldı ki Xınalıq gözəllərinə... Burada qızlar kənd orta məktəbini bitirdikdən sonra təhsillərini davam etdirmək fikrində olmurlar. İllərlə yaranmış ənənə belədir. Ancaq çox maraqlıdır ki, kənddə erkən nikahlar da yoxdur. Xınalıqlı qızlar 18 yaşları tamam olandan sonra, əsasən 19-20 yaşlarında, yaxud necə deyərlər, bəxtləri nə vaxt açılsa, ağsaqqal, ağbirçək xeyir-duası ilə gəlin köçürlər. Onların öz həmkəndliləri olan cavanlarla izdivac qurması bir qayda-qanun kimi qalmaqdadır. Xınalıqlı oğlanların isə digər kəndlərdəki qızlara elçi düşməsi halları çox olmasa da, istisna deyil.

Ev təsərrüfatını saxlamaqda, ailəni dolandırmaqda qadın həyat yoldaşının ən yaxın köməkçisidir. Hər bir xınalıqlı qadın heyvandarlıq məhsulları hazırlamağın (yağ, pendir, qaymaq tutmağın) ustasıdır.

Xınalıqlı xanımlar həm də incə zövqə malikdirlər. Onlar gözəl xalçalar toxuyur, doğmalarını və əzizlərini hördükləri yun corab, şərf, papaq, jaketlərlə sevindirirlər...

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Ona görə də bütün bunları əyani görmək, Xınalığın gözəlliyinə dalmaq, mehriban və zəhmətkeş insanları ilə tanış olmaq üçün bu dağ kəndinə üz tutanların sayı ildən-ilə artır. Burada turizmin müasir standartlar səviyyəsində təşkili perspektivdə olsa da, heç bir qonaq Xınalıqdan narazı qayıtmır. Xınalıqlılar qonaqlara öz evlərində yer verir, dağlarda onlara bələdçilik edirlər...

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.5.