Cəlilabad şərabının

keyfiyyəti də artır, alıcısı da

 

Sovetlər birliyi zamanında, xüsusilə 1970-1980-ci illərdə Cəlilabadda taxılçılıqla yanaşı, üzümçülük də sürətlə inkişaf edirdi. Geniş üzüm bağları salınır, şərab zavodları tikilirdi. Qısa müddət ərzində bu sahədə böyük uğurlar əldə edilmişdi. İstehsal olunan şərablar Moskvaya, habelə Rusiyanın digər şəhərlərinə göndərilirdi. Beləliklə, Cəlilabad taxılçılıqda qazandığı nailiyyətlərə görə “Azərbaycanın Ukraynası”, üzümçülük sahəsindəki uğurlarına görə “Azərbaycanın Moldovası” titulunu qazanmışdı. O dövrün mətbuatına müraciət edəndə bütün bunları sanki əyani görürsən.

1981-ci il sentyabrın 11-də ulu öndər Heydər Əliyev Cəlilabad rayonu zəhmətkeşləri ilə görüşündə demişdir: “Vaxtilə buralar səhranı xatırladırdı. İndi isə rayona gəlib ucu-bucağı görünməyən üzüm bağlarını görəndə adam heyrətə gəlir. Kəhrəba salxımlı üzüm plantasiyaları göz oxşayır. Cəlilabad ölkədə ən böyük üzümçülük rayonlarından biridir. Sizin yetişdirdiyiniz kişmişi üzüm bütün ölkədə şöhrət qazanmışdır. Sovxoz əməkçiləri ildən-ilə üzüm yığımını artırmağa çalışırlar. Sizdə çox müxtəlif və keyfiyyətli üzüm sortları vardır. Bu rayonun iqtisadi potensialı çox güclüdür. Mən həmişə bura gələndə sevinirəm, sizinlə qürur duyuram. Azərbaycan 1 milyon 700 min ton üzüm satmaq barədə yüksək öhdəlik götürmüşdür. Siz isə 300 min ton üzüm yığıb təhvil verməyi öhdənizə götürübsünüz. Bu, nə qədər şərəflidirsə, bir o qədər də çətindir. Amma mən buna inanıram. Mən inanıram ki, Cəlilabad üzümçüləri əsl qəhrəmanlıq nümunəsi göstərəcək və dövlətə 300 min ton üzüm yığıb təhvil verəcək. Bilirsiniz, mən Cəlilabada gələndə Ermənistan KP MK-nın 1-ci katibi Karen Dəmirçiyan mənə zəng vurub dedi: “Heydər Əliyeviç, mən Azərbaycanı sosializm yarışına dəvət edirəm. Ermənistan bu yarışda 250 min ton üzüm yığıb təhvil verməyi öhdəsinə götürüb. Əgər Azərbaycan bu qədər üzüm yığıb təhvil verə bilərsə, bizimlə yarışa bilərsə, gəlin yarışaq”. Siz bilirsiniz, mən onacavab verdim? Mən gülə-gülə ona dedim: “Karen, sosializm yarışına girmək çox yaxşı ideyadır, mən bunu alqışlayıram. Amma sən Azərbaycanla yarışa girməzdən, bizdə Cəlilabad rayonu var, gəl həmin rayonla yarışa gir. Sən deyirsən ki, Ermənistan 250 min ton üzüm yığmağı öhdəlik götürüb, amma təkcə Cəlilabad rayonu bu il 300 min ton üzüm yığıb dövlətə təhvil verəcək”. Bu sözlərdən sonra Karen Dəmirçiyan heç nə deməyib dəstəyi asdı. Axı nə deyə bilərdi? Ona görə mən sizin bu şücaətinizlə fəxr edirəm. Cəlilabad zəhmətkeşlərinin əməyi ilə qürur duyuram. Yaşasın Cəlilabad zəhmətkeşləri!”

Lakin alkoqolizmlə mübarizə bəhanəsi altında Sov.İKP MK-nın Baş katibi M.Qorbaçovun verdiyi düşünülməmiş qərarlar nəticəsində keçmiş sovetlər birliyi məkanında üzümçülük və şərabçılıq müəssisələri viran edildi. Onilliklər ərzində salınan üzüm bağları, tikilən şərab zavodları qısa vaxt ərzində dağıdıldı, altı üstünə çevrildi. Bu, məşhur bir deyimi yada salırdı. Qorbaçov güzgüyə baxanda öz eybini görüb üzündəki ləkəni təmizləmək əvəzinə vurub güzgünü sındırdı. Məlumat üçün deyək ki, o zaman Cəlilabad rayonunda 31 üzümçülük təsərrüfatı, 22 şərab zavodu olub. Rayon sakinlərindən 10 min nəfərin məşğulluq problemi məhz üzümçülük sahəsində öz həllini tapıb.

Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövrdə ulu öndər dəfələrlə bu bərəkətli diyara səfərlər etmiş, rayonun sosial-iqtisadi inkişafı üçün mühüm sərəncamlar imzalamışdır. Cəlilabad rayonunun əhalisi də bu hörmət və qayğını həmişə qiymətləndirmiş, yüksək tutmuşdur. 1990-cı illərdə respublikamızda özbaşınalıq, hərc-mərclik, xaos baş alıb gedəndə onlar çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görənlərin ön cərgəsində idilər.

“Tarix buya digər şəkildə təkrar olunur”- deyənlər yanılmayıblar. Atalar həm də “Yaman günün ömrü az olar” söyləyiblər. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vəziyyət normal məcraya düşməyə başladı. O zaman Cəlilabad haqqında yazdığım məqalənin yarımbaşlıqlarından birini “Sabitlikinkişaf” adlandırmışdım. Bu iki söz, əslinə qalsa, bütün Azərbaycana aid idi. Ulu öndərin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi” və həyata keçirilən islahatlar Azərbaycanın gələcək taleyini həll etmiş oldu. 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev ümummilli liderin xaricidaxili siyasətini məharətlə davaminkişaf etdirməyə başladı. Neftdən daxil olan gəlirlər respublikamızın ümumi inkişafına yönəldildi. Bir-birinin ardınca regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul olundu.

Bütün bunlar Cəlilabad rayonunda da böyük quruculuq işlərinə təkan verdi. Rayondakı 2 şəhər, qəsəbə və kəndlər öz simasını dəyişib abadlıq donunu geydi. Yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları, sosial əhəmiyyətli digər obyektlər, yaşayış evləri tikildi, bağlar, parklar, xiyabanlar salındı, yollar, küçələr asfaltlaşdırıldı, yaşayış məntəqələrinə təbii qaz xətləri çəkildi. Bu işlər hazırda da davam etdirilir.

Aqrar sahəyə diqqətin artırılması nəticəsində taxıl, kartof, habelə digər kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artmaqdadır. Üzümçülük yenidən dirçəlməyə başladı. Cəlilabadın torpağı, iqlim şəraiti xarici ölkələrin mütəxəssislərinin də diqqətini cəlb etdi. Fransalı üzümçülər rayonla tanışlıqdan sonra buraya valeh olduqlarını gizlətmədilər. Üzüm sortlarının sınağını keçirdilər. Nəticə həddən artıq yüksək oldu. Fransa şəraitində beş ildən sonra bar verən həmin sortlar Cəlilabadda münbit torpaq, bol günəş, bir də zəhmətkeş insanların əməyi nəticəsində üçüncü il bar verməyə başladı. Bunu görən yerli sahibkarlar, fermerlər, torpaq mülkiyyətçiləri də üzüm əkib-becərməyə üstünlük verdilər.

Hazırda rayonda 1512 üzüm bağı mövcuddur. Bağlarda süfrə üzüm sortları ilə yanaşı, şərabçılıqda istifadə olunan qiymətli üzüm növləri də becərilir. Yetişdirilən üzüm məhsulunu emal etmək üçün rayonun Qarazəncir kəndində yenidən qurulmuş zavodun 2010-cu il aprelin 29-da keçirilən açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Müəssisə burada 1972-ci ildə inşa edilmiş zavodun bazasında yaradılıb. Zavod müasir avadanlıqlarla təchiz edilib.

Bu günlərdə müəssisədə olduq. Sahələrdən dərilən üzüm maşınlarla buraya gətirilir, boşaldılır və emala verilir. “Cəlilabad-2” ASC-nin direktoru Mustafa Mustafayev bizi şərab emalı üzrə təcrübəli mütəxəssis Ağamir Hacıyevlə tanış etdi. Öyrəndik ki, keçən il burada 11 min 50 ton üzümdən 688 ton şərab istehsal olunub. “Kaberne-Şovinon”, “Sirah”, “Merlot”, “Şardone”, “Qrenaj” üzüm sortlarından “Qazan köşkü”, “Qırmızı süfrə şərabı”, “Həmşəra”, “Banu Çiçək” şərabları hasil olunur.

İndi burada əsasən konyak spirti hazırlanır. Bu məhsulun əsas alıcısı isə Rusiyadır. Şərabların satışından söz düşəndə isə müəssisə rəhbəri bildirdi ki, əvvəllər onları Rusiya Federasiyasına satırdıq, son illərdə alqı-satqı zəifləyib. Bu onunla əlaqədardır ki, BraziliyaAvstraliya şərabları həmin bazarları demək olar ki, zəbt edib. Bu isə bizim üçün daha məsuliyyətli olmağa, daha keyfiyyətli şərab istehsal etməyə bir çağırışdır. Əminəm ki, biz buna nail olacaq və alıcılarımızın sayını çoxaldacağıq. Çünki bizim üzümlərin keyfiyyəti daha üstündür.

Arzu edirik ki, uzaq-uzaq ölkələrdən Azərbaycan məhsullarının, o cümlədən şərabının xoş sorağı gəlsin, onların keyfiyyəti yüksək, alıcıları isə çox olsun.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.5.