Yollar, körpülər

 

Yollar rişə-rişə, damar-damardır,

Yollarda qoşadır xeyir ilə şər.

Yollar dağ-dərəli, düzdür, hamardır,

Onlar körpülərdə gəlib birləşər.

 

Yollar örkən kimi uzanıb gedər,

Düzdə nəfəs alıb dağda tövşüyər.

Haraya baş alıb getsələr belə

Körpü-doğanaqdan gəlib keçərlər.

 

Həyatda hər şeyin mənası, adı-

Aranda istinin, dağda da qarın.

Körpülər olmasa, salınmasaydı,

Yarıda qalardı ömrü yolların.

 

El üçün görülən ən xoş əməllər,

Dildə qanad açıb, uçub, yayılıb.

Müqəddəs işlərin meyarı kimi,

Körpü tikmək özü savab sayılıb.

 

Körpülər yollarla verib əl-ələ,

Neçə kənd-şəhəri qohum edərlər.

Bir oğul evlənsə, bir gəlin köçsə,

Körpülər toy günü yallı gedərlər.

 

“Cəngi” yayılanda arana, dağa,

Atılar meydana igidlər, ərlər.

Uşaqlar toy günü nəmər almağa,

Körpünün üstünü hədəf seçərlər.

 

Dirəklər qaldırıb başının üstə,

Yetirər sahildən-sahilə onu.

Dərədən keçəndə, çaydan keçəndə,

Dirəklər göstərər körpü boyunu.

 

Günəş xislətində yaşar körpülər,

Yaxşılıq etməkdən usanmaz, doymaz.

Deyirəm, bəlkə də buna görədir,

Heç vaxt körpülərə qapı qoyulmaz.

 

Sinəsi qürurdan qabarar onun,

Çiynində həm sevinc, kədər daşıyar.

Mənası, məqsədi, məramı aydın,

Körpülər ömrünü belə yaşayar.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.8.