Heyvandarlığın cins tərkibinin

yaxşılaşmasında əsaslı dönüş yaranır

 

Sabirabad rayonunda pambıqçılıqla bağlı respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlığın sürətli inkişafı üçün onun cins tərkibinin yaxşılaşdırılmasında süni mayalamanın əhəmiyyətindən danışmış, bu istiqamətdə başlanan işlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Son illər heyvandarlıqda damazlıq-seleksiya işlərinə diqqət xeyli artırılmış, heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində mütərəqqi texnologiyaüsullardan istifadə edilərək süni mayalamanın kütləvi hal alması ilə əlaqədar xeyli görülmüşdür. Görülən bu işlərin əsas icraçısı isə Göygöl rayonu ərazisində yerləşən Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində fəaliyyət göstərən Respublika Süni Mayalama Mərkəzidir.

2010-cu ildən fəaliyyət göstərən mərkəzin əsas məqsədi təsərrüfatlarda bəslənən qaramalın cins tərkibini yaxşılaşdırmaqdır. Burada xaricdən gətirilən seçmə cins törədici buğalardan toxum alınaraq heyvanların süni mayalandırılması üçün bögələrdəki təsərrüfatlara göndərilir.

Mərkəzin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ramiq Abbasov  mərkəzdə görülən işlər barədə geniş məlumat verdi. Məlum oldu ki, burada yüksək məhsuldar heyvan cinslərindən istifadə olunaraq qısa müddət ərzində daha çox bala əldə etmək üçün qabaqcıl üsullardan istifadə olunur. Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalama işlərini genişləndirən mərkəzin mütəxəssisləri bir sıra uğurlara imza atıblar. İlk növbədə törədici heyvanların saxlanıldığı tövlə, heyvanlardan toxum almaq üçün manej və hazır toxumu saxlamaq üçün bank yaradılıb. Rusiyadan, AlmaniyadanAvstriyadan ilkin olaraq törədici buğalar gətirilib. Mütəxəssis hazırlığına da diqqətlə yanaşılıb. Mərkəzin nəzdində süni mayalama texnikləri hazırlayan kurslar təşkil edilib. Qısa vaxtda 500 nəfərdən artıq baytar texniki bu kursları başa vuraraq sertifikatlar alıblar. Onların hər biri ilə müqavilələr bağlanmış və hər biri avadanlıqla təmin edilərək bölgələrə göndərilmişdir. Hazırda 12 rayonda zona baytarlıq laboratoriyası fəaliyyət göstərir və hər birində  süni mayalama texniki çalışır. Onların peşə hazırlığının təkmilləşdirilməsi məqsədilə ayda iki dəfə kurslar təşkil edilir. Heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi, fermerlərə keyfiyyətli süni mayalama və heyvandarlıq xidmətləri göstərilməsi məqsədilə  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında bağlanmış müqaviləyə əsasən “Azərbaycanda maldarlığın və süni mayalama xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində ikiillik kurslara da başlanılmışdır. Kurslarda mərkəzin mütəxəssisləri ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri də iştirak edirlər.

Həyata keçirilən tədbirlər nəticəsiz qalmır. Keçən il olduğu kimi, cari ilin ötən dövrü ərzində də mərkəzdə bir sıra uğurlar qazanılmışdır. Belə ki, sentyabrın 1-dək mayalanmış 62 min 696 inəkdən 32 min 737 baş bala alınmışdır. Alınan hər bala üçün təsərrüfat sahiblərinə 100 manat subsidiya verilmişdir.

Ölkəmizdə heyvandarlığın elmi əsaslarla inkişaf etdirilməsində süni mayalamanın əhəmiyyəti yüksək dəyərləndirilərək mərkəzin böyük bir kompleksə çevrilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə yeni inşa olunan kompleks nəinki bölgədə, həmçinin Şərqdə analoqu olmayan iri bir təsisat olacaqdır. 10 hektar ərazini əhatə edən kompleksin heyvan bazası və texniki təchizatı da bir neçə dəfə artırılacaqdır. Yüksək standartlara cavab verən yeni mərkəzdə artıq son tamamlama işləri görülür. Burada klinikikarantin mərkəzləri, müasir yem sexi, buğaların saxlanma və gəzintisi üçün karusel qurğusu, süni mayalama texniklərinin hazırlanması üçün təlim mərkəzi, laboratoriya, istirahət otaqları və yeməkxana da inşa edilmişdir. Gələn ay yeni mərkəzin fəaliyyətə başlayacağı gözlənilir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2016.- 25 sentyabr.- S.4.